Mədəni tələbatları sürətlə dəyişən, buna görə hər gün daha yeni məhsul və xidmətlərə ehtiyacı yaranan insan həyatını, onun keyfiyyət göstəricilərini dəyişən sənayenin inkişafı da tarixən aktual məsələ olmuşdur. Çünki sənaye insanın elmi biliklərinin, praktik vərdişlərinin və həyat səviyyəsinin artma meyli ilə paralel olaraq, məhdud təbii ehtiyatlar problemini həll edən, demək olar ki, tək sahədir. Onun inkişaf etdirilməsi insanın təməl həyati tələbatlarından tutmuş ən yüksək mədəni tələbatlarının ödənilməsinədək hər sahədə özünü hiss etdirir.
İqtisadiyyatın şaxələndirilməsi, əməyin, xüsusən beyin məhsulunun əsl dəyərinin reallaşaraq öz sahibinə gəlir gətirməsi, elm tutumlu sahələrin inkişaf etdirilməsi, xammala qənaətlə daha rasional istehsala nail olunması, kənd təsərrüfatı, hasilat kimi nisbətən çox əl əməyi tələb edən sahələrin daha çox mexanikləşdirilməsi və avtomatlaşdırılması, enerji təminatında tam təhlükəsizliyə nail olunması məhz sənayenin inkişafından keçir. Yaradıcı insanı daim düşündürən sənaye orta əsrlərin ilk mədəni intibah dövründən müasir informasiya erasındakı robotlu sənayeyədək mühüm bir təkamül yolu keçmişdir.
Azərbaycanın sənayeləşmədə zəngin tarixi təcrübəsi vardır. Hələ XIX əsrin sonları və XX əsrin əvvəllərindən başlayaraq ölkəmizin təbii sərvətlərinin sənaye üsulu ilə emal olunması ona böyük şöhrət qazandırmışdı. Birinci Dünya müharibəsi ərəfəsində Bakı şəhəri adambaşına düşən sənaye məhsulu istehsalına görə bütün Rusiya imperiyasında birinci yerdə duraraq, o dövrdə hətta Moskva və Sankt-Peterburqdan da irəlidə olmuşdu. İkinci Dünya müharibəsi illərində də Azərbaycan sənayesinin nə qədər həyati əhəmiyyət daşıdığı ən mötəbər tarixi sənədlərdə öz təsdiqini tapmışdır. Lakin Azərbaycan Respublikasında sənayenin iqtisadiyyatın aparıcı sahəsi kimi hərtərəfli şəkildə formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizin hər yerində, o cümlədən öz təbii ehtiyatları ilə müqayisədə sənayeləşmədə çox geridə qalmış Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı işlər görülməyə başlanmışdır. Çox qısa bir müddətdə o dövrün son texnologiyasının tətbiqi ilə Naxçıvanın yerli təbii ehtiyatlarından istifadə əsasında çox sayda hasilat, emal sənayesi sahələri yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında o dövrdə yaradılmış bir çox iri yüngül və yeyinti sənaye müəssisələri minlərlə gəncin, xüsusən qadınların işlə təminindən əlavə, əhali məskunlaşmasında əla perspektiv yaradırdı. Beləliklə, iqtisadi cəhətdən müstəqil olmaq üçün hər bir dövlətin özünün inkişaf etmiş sənayesinin əsas şərt olduğunu yaxşı bilən böyük dövlət xadimi Heydər Əliyev bu yolla hələ o dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm özüllər yaradırdı.
1988-ci ildən başlayan və sovet imperiyasının dağılması ilə nəticələnən proseslər ilk olaraq sənaye sahəsinə öz mənfi təsirlərini göstərmişdir. Mərkəzi hakimiyyətin maraqları əsasında qurulmuş iqtisadi sistemdə təsərrüfat əlaqələrinin pozulması ilə ilk olaraq sənaye böhrana sürükləndi. Yəqin ki, orta və yaşlı nəslin nümayəndələri ötən əsrin 90-cı illərinin əvvəllərində şəkər tozu, kibrit, elektrik lampası kimi çox bəsit sənaye məhsullarının bir anda yoxa çıxaraq bazar qiymətindən az qala neçə yüz dəfə baha satılmasını yaxşı xatırlayırlar. Sənayedə illər boyunca qaydaya salınmış təsərrüfat əlaqələrinin qısa bir müddətdə dağılaraq necə mənfi fəsadlar törədə biləcəyini bunun kimi bir çox misallarla göstərmək mümkündür.
1988-1993-cü illər arası baş verən məlum hadisələr Azərbaycanda sənayenin inkişafına ciddi ziyan vurmuşdur. Bu dövrdə ozamankı sovet rəhbərliyinin Azərbaycana qarşı zidd siyasəti, Ermənistanın işğalçılıq hərəkətləri, bütövlükdə, respublikanın və blokada vəziyyətinə salınmış Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına, onun sənayesinin inkişafına mənfi təsir göstərirdi. 1990-1993-cü illərdə xalqımızın xilaskarı Heydər Əliyevin Naxçıvandakı gərgin fəaliyyəti təkcə onun iqtisadiyyatının deyil, bir muxtariyyət kimi özünün də məhv olmasının qarşısını almışdır. Dahi şəxsiyyətin səyləri ilə 1991-1992-ci illərdə qonşu Türkiyə və İranla yaradılmış əlaqələr, kommunikasiya əlaqələrinin yeni alternativ yollarla bərpası, Naxçıvanda aparılmış ciddi islahatlar gələcəkdə Naxçıvan iqtisadiyyatının hərtərəfli inkişafını şərtləndirəcək mühüm tədbirlərdən olmuşdur. Ağır blokada şəraitində yaşayan Naxçıvanda 1996-cı ildən başlayan quruculuq və inkişaf xətti sonrakı illərdə özünü bütün ölkədə nümunə kimi göstərilən ilklərlə doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşmüşdür.
Bu yeni intibah dövrünə Naxçıvanda sənayenin inkişafı üçün atılan qəti addımlar dövrü deyə bilərik. Regionun iqtisadi təhlükəsizliyinin təmin olunması nəticəsində artıq 2003-cü ildə 1993-cü ildəkinə nisbətən 3,4 dəfə çox sənaye məhsulu istehsal olunurdu. Bu dövrdə muxtar respublikanın aqrar regiondan aqrar-sənaye regionuna çevrilməsi üçün etibarlı zəmin yaradılmış, region iqtisadiyyatının bütün sahələrini əhatə edən yüksəliş əldə edilmişdir. Belə ki, 1993-cü ilə nisbətən 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının ümumi daxili məhsulunun həcmi 6,8 dəfə, əhali gəlirləri isə 10,5 dəfə artmışdı.
2004-cü ildən ölkəmizdə həyata keçirilən regional inkişaf proqramlarının Naxçıvan Muxtar Respublikasında da uğurlu icrası iqtisadiyyatın bütün sahələri ilə yanaşı, sənayenin də güclü inkişafına gətirib çıxardı. Artıq Naxçıvanda əvvəlki göstəricilərdən onlarla dəfə çox sənaye məhsulları istehsal olunmağa, yeni iş yerləri yaradılmağa, sosial və mədəni sahədə ciddi uğurlar qazanılmağa başlanmışdır. Naxçıvan qısa müddət ərzində işçi göndərən regiondan əcnəbi işçi qəbul edən regiona çevrilmişdir.
Naxçıvan Muxtar Respublikasında 2003-cü ildən başlayaraq davam edən növbəti intibah mərhələsi həyatın bütün sahələrində olduğu kimi, sənayedə də aydın görünməkdədir. Bu daha çox özünü elm və əmək tutumlu, innovativ yüklü sənaye sahələrinin yaradılması istiqamətində göstərir. Ölkəmizdə iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və neftdən asılılığın aradan qaldırılması istiqamətində müəyyən olunmuş strategiyaya uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında həm yerli xammala əsaslanan, həm də yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması işi uğurla davam etdirilir. Belə ki, 2003-cü illə müqayisədə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun həcmi 51 dəfə artmış, 313 milyon 481 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac olunmuşdur.
Hazırda Naxçıvan Muxtar Respublikası sənayesinin müqayisəli göstəriciləri çox qabarıqdır. Əgər 1989-cu ildə muxtar respublikada 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2014-cü ilin sonuna bu müəssisələrin sayı, təqribən, 11 dəfə artaraq 439-a çatmışdır. İndi həmin müəssisələrdə 330 növdən çox sənaye məhsulları istehsal olunur. Ötən əsrin 90-cı illərinin əvvəllərində adi sənaye məhsullarına olan tələbatını ödəyə bilməyən Naxçıvan avtomobil, sement istehsalına qədər uğurlu inkişaf yolu keçmişdir. 2014-cü ildə muxtar respublikada istehsal olunmuş 2 milyard 391 milyon manatlıq ümumi daxili məhsulda sənaye 891 milyon 486 min manat həcmlə ilk yeri tutmuşdur. Ötən ildən Naxçıvan Muxtar Respublikasında sənaye parklarının yaradılmasına başlanılması gələcəkdə bu mühüm sahənin daha da genişləndirilməsinə imkan verəcəkdir.
Muxtar respublikanın təbii ehtiyatları, işgüzar fəaliyyətin dəstəklənməsi və tranzit imkanları burada daha geniş istehsalyönümlü layihələrin həyata keçirilməsi imkanları yaradır. Qarşıya qoyulmuş məqsəd isə muxtar respublikanın sahib olduğu potensialdan tam və rasional istifadə olunmasına imkan verən sənaye komplekslərinin yaradılması, ixtisaslaşmanın mənimsənilməsi ilə ölkəmizi brend məhsullarla tanıda biləcək ixracyönümlü sənaye məhsulları istehsalına nail olmaqdır.
Əli Cabbarov