22 Dekabr 2024, Bazar

Yeni texnologiyalara əsaslanan ekoloji təmiz istehsal sahələrinin inkişaf etdirilməsinə müasir dünyada xüsusi diqqət yetirilir. Məsələ elektrik enerjisi kimi çox qiymətli maddi nemət olduqda, alternativ və bərpaolunan enerji mənbələrinin istifadəsi üzrə həyata keçirilən hər bir iş gələcəyin layihəsi kimi təqdirlə qarşılanmaqdadır. Bu baxımdan özünün son dərəcə təmizliyi və təhlükəsizliyi ilə seçilən Günəş elektrik stansiyalarına olan maraq hər keçən gün artmaqdadır. 

Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə başlanılmış 20 meqavat gücündəki Günəş elektrik stansiyası Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə mühüm bir töhfə olacaqdır.
Artıq bir neçə aydır, inşasına başlanılmış stansiyada işlərin gedişi ilə tanış olmaq üçün obyektə baş çəkdik. Qeyd edək ki, elektrik stansiyası çox geniş bir ərazidə olacaq. Belə ki, ümumi sahəsi 35 hektar olan bir ərazidə quraşdırılacaq çərçivəsiz Günəş panelləri işıq enerjisini birbaşa elektrik enerjisinə çevirəcəkdir. Sıra ilə düzüləcək bu panellərin yerdən müəyyən hündürlükdə yerləşdirilməsi üçün hazırda metal dirəklərin basdırılması işləri davam etdirilir. Stansiyanın qurulması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə müqavilə bağlamış Belçika Krallığının “Soltech” şirkətinin mütəxəssisləri ilə söhbətdən məlum oldu ki, zəmin hazırlama prosesi olan bu əsas mərhələdə artıq xeyli iş görülüb. Qeyd edək ki, 5 ərazini əhatə edən stansiyada hər biri 255 vatt gücündə ümumi sayı 78 min 683 ədəd olan Günəş panelləri quraşdırılacaqdır. Bundan əlavə, stansiyada sabit cərəyanı dəyişən cərəyana çevirən 21 invertor və 11 transformator da quraşdırılacaqdır. İstehsal olunan elektrik enerjisi yaxınlıqdakı 110 kilovoltluq “Xal-xal” transformator yarımstansiyası vasitəsilə muxtar respublikanın elektrik enerjisi şəbəkəsinə ötürüləcəkdir.

Ekoloji təmiz enerji mənbələrindən istifadə olunması muxtar respublikamızın təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb edilməsinin ən yaxşı yollarından biridir. Naxçıvanın hidroenerji potensialı ilə bərabər, günəşli və küləkli günlərin sayı da bu potensialı artırır. Muxtar respublika ərazisində günəşli saatların orta illik miqdarının 2600-2800 saat təşkil etməsi hazırda tikintisi davam etdirilən Günəş elektrik stansiyasında bu işlərin uğurla yerinə yetirilməsinə imkan verir. Aparılan işlər onu deməyə əsas verir ki, Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artıracaq, ucuz elektrik enerjisi istehsalına imkan verəcəkdir. Naxçıvanın sahib olduğu müasir inkişaf səviyyəsi artıq belə layihələrin reallaşdırılmasına şərait yaradır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR