Muxtar respublikada cari ilin yanvar-aprel aylarında 622 milyon 901 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5,6 faiz artaraq 1414,4 manata çatmışdır.
* * *
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 296 milyon 656 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-aprel ayları ərzində əsas kapitala 313 milyon 378 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 270 milyon 245 min manatı və ya 86,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2015-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin həcmi 15 milyon 595 min manat olmuşdur ki, bu da 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 953 min manat olmaqla bir il öncəki göstəricini 0,9 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar-aprel ayları ərzində 33 milyon 609 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 5,9 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada 7,2 min ton ət (diri çəkidə), 24 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 6,5 faiz, süd istehsalı 1,3 faiz artmışdır.
* * *
Əhali gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Qeyd olunan dövrdə muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 466 milyon 985 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,2 faiz yüksələrək 1060,4 manat təşkil etmişdir.
* * *
2015-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,2 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artmışdır.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 may 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 42570-ə çatmışdır ki, bunun da 38792-si və ya 91,1 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-aprel aylarında açılmış 4316 bank hesabı aktiv hesablar olmuşdur.
Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 98 POS-terminal quraşdırılmış və bu göstərici 1 may 2015-ci il tarixə 965-ə çatdırılmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaratmışdır. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 105 milyon 821 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,4 faiz artaraq 94 milyon 780 min Amerika Birləşmiş Ştatları dollarını ötmüş, idxalın həcmi isə 69 faiz azalaraq 11 milyon 40 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 83 milyon 740 min Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 32 milyon 224 min manata yaxın kreditlər verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,8 dəfə çoxdur.
* * *
2015-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 1760,8 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 136,3 min manat və ya 8,4 faiz çoxdur.
* * *
Bu ilin yanvar-aprel aylarında muxtar respublikaya 118 min 625 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz və ya 4780 nəfər çoxdur.
* * *
1 aprel 2015-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4415 nəfər və ya 1 faiz artaraq 440684 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin
mətbuat xidməti