“Kənd təsərrüfatı ili”ndə bu sahədə bələdiyyələrin üzərinə hansı vəzifələr düşür?
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatların nəticəsi olaraq kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu, torpaq öz sahibinə – kəndliyə verildi və nəticədə, torpaq üzərində yeni mülkiyyət formaları, yeni əmək münasibətləri formalaşdı. İslahatlar muxtar respublikada da sahibkarlığın inkişafına səbəb oldu.
Qeyd edək ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra icarə və torpaq icarəsi ilə bağlı məsələlərin tənzimlənməsinə ciddi diqqət yetirildi. “İcarə haqqında” və “Torpaq icarəsi haqqında” qanunlar və digər hüquqi aktlar qəbul edildi. Həmin qanunların qəbul edilməsi əmlakın və torpağın ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə verilməsi imkanlarını reallaşdırdı. “İcarə haqqında” Qanuna görə, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə malikdir. Hər hansı fiziki və hüquqi şəxs icarəçi ola bilər.
“Torpaq icarəsi haqqında” Qanun dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını tənzimləyir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Torpaq islahatının həyata keçirilməsi nəticəsində bələdiyyə mülkiyyətinə də torpaqlar verilib.
Bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, xüsusi mülkiyyətdə olan torpaqlar icarəyə verilə bilər. Torpaq üzərində icarə münasibətlərinin subyektləri bələdiyyələr və Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşlarıdır. Hüquqi şəxslər və vətəndaşlar icarə münasibətlərində icarəyə verənlər və icarəçi kimi iştirak edirlər. Torpaqların icarəyə verilməsi zamanı bir sıra şərtlərə əməl olunmalıdır. Torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə edilməsi, ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, kənd təsərrüfatı torpaqlarının mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin olunması da bu şərtlər sırasındadır.
Bələdiyyə torpaqlarının icarəyə verilməsi barədə qərar torpağı icarəyəverənlə icarəçi arasında müqavilə bağlanılmaqla həyata keçirilir. Müqavilədə icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, tərəflərin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, müddəti, icarəhaqqı və digər məsələlər öz əksini tapmalıdır. İcarəhaqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
Respublikamızda bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” (29 iyul 2001-ci il) Qanunda torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı məsələlər də öz əksini tapıb. İcarəçinin hüquqları və vəzifələri “Torpaq icarəsi haqqında” Qanunla müəyyənləşdirilib. İcarəverənin hüquqlarına torpaq sahələrinin təyinatı üzrə istifadəsinə nəzarət etmək, icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək və sair daxildir. Yadda saxlamaq lazımdır ki, icarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir icarəçinin mülkiyyətidir. İcarəçi müqaviləyə uyğun olaraq, özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir.
Məlum olduğu kimi, bələdiyyə yerli özünüidarəetmə formasıdır və bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlak bələdiyyə mülkiyyətidir. Bələdiyyələr yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarından səmərəli istifadə istiqamətlərini müəyyənləşdirməli, torpaqların əkilməsinə, ərzaq bolluğunun yaradılmasına öz töhfələrini verməlidirlər. Nəzərə alsaq ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur, bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə yolları diqqətdə saxlanılmalıdır. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrə uyğun olaraq, bələdiyyələrə torpaqların icarəyə verilməsi qaydaları ilə bağlı metodik materiallar hazırlayıb göndərib, muxtar respublikanın şəhər və rayonlarında bələdiyyələr üçün təşkil edilən seminar-müşavirələrdə “Kənd təsərufatı ili”ndə bələdiyyələrin üzərinə düşən vəzifələrlə bağlı məruzələr edilib, maarifləndirmə tədbirləri aparılıb. Torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericilikdə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Torpaqların icarəyə verilməsi torpaqların əkin dövriyyəsinə cəlb olunmasına təsir edir ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsində çox əhəmiyyətlidir.
Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə, qanunvericiliklə və müqavilə ilə məsuliyyət də müəyyən edilib. Belə ki, icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər məsuliyyət daşıyırlar. Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyəti yaradır və bu əməllər mülkiyyət əleyhinə olan cinayətlər hesab olunur. Həmin cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməllərin törədilməsi iqtisadi fəaliyyətdə çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur.
Naxçıvan Muxtar Respublikasında digər iqtisadi məsələlərlə yanaşı, aqrar sektor, o cümlədən torpaq-hüquq və torpaq-istehsal münasibətlərinin dövlət səviyyəsində tənzimlənməsi məsələsi də daim diqqət mərkəzində saxlanılır. Qeyd etmək lazımdır ki, “Kənd təsərrüfatı ili” müxtəlif dövlət qurumları ilə yanaşı, yerli özünüidarəetmə əsasında fəaliyyət göstərən bələdiyyələr qarşısında da mühüm vəzifələr qoyub. Bu vəzifələrdən ən əsası kənd təsərrüfatı potensialının gücləndirilməsində icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə və səmərəli istifadə olunmasıdır. Bələdiyyələr dövlətimizin onlar üçün yaratdığı şəraitin müqabilində səmərəli fəaliyyət göstərməli, fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməsinə diqqət göstərməli, torpaqların icarəyə verilməsi zamanı vətəndaşlar arasında bərabər hüquqi imkanların yaradılmasını lazımi səviyyədə təmin etməlidirlər.
Unutmaq olmaz ki, müəyyən olunmuş vəzifələrin layiqincə yerinə yetirilməsi muxtar respublikada ərzaq bolluğunun yaradılmasında yaxından iştirak etmək deməkdir.
Xəyal Eyvazov
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş
Mərkəzinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu