Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi isə güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulması və inkişaf etdirilməsi olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəldilmişdir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da özəl sektorun inkişaf etdirilməsinə böyük diqqət göstərilmiş, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına nail olunmuşdur.
Bu tədbirlərin davamı kimi, iyunun 16-da Naxçıvan şəhərində “Nuh yurdu” restoranının açılış mərasimi keçirilmişdir. Müəssisənin rəhbəri Tağı Əsgərov məlumat vermişdir ki, “Nuh yurdu” restoranı muxtar respublikada sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsində fəaliyyətə başlamışdır. Naxçıvan şəhərindəki “6-cı” məhəllədə yerləşən restoran şəhər sakinlərinə, eləcə də bura gələn qonaqlara milli mətbəx nümunələrimizin tanıdılması, təbliğ olunması və yüksək xidmət göstərilməsi məqsədilə yaradılmışdır. Restorana gələn qonaqlar burada ət və balıq yeməkləri, həmçinin çay və digər sərinləşdirici içkilər sifariş edə, açıq və örtülü oturma yerlərindən bəhrələnə bilərlər.
Açılış mərasimində iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye naziri Famil Seyidov, Vergilər naziri Əli Mahmudov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış edərək “Nuh yurdu” restoranının fəaliyyətə başlamasını muxtar respublikada sahibkarlığa göstərilən dövlət qayğısının təcəssümü kimi dəyərləndirmiş, sahibkara uğurlar arzulamışlar.
Qeyd edək ki, ümumi ərazisi 8624 kvadratmetr olan “Nuh yurdu” restoranı gölətrafı kafedən, otaqları müxtəlif quruluşa və dizayna malik iki və üçmərtəbəli restoran binalarından və Nuhun gəmisini xatırladan gəmi maketli kafe-restorandan ibarətdir.
Gölətrafı kafe su üzərində düzəldilmiş 1 ədədi hərəkətli olmaqla, 7 ədəd oturma yerindən ibarətdir. Döşəmələrin şəffaf şüşədən olması su və suda bəslənən canlılarla eyni atmosferdə olmağa imkan verir.
İkimərtəbəli restoran binasının birinci mərtəbəsində 8 ədəd otaq yerləşir. “Kənd otağı”, “Şərq otağı” və “Müasir otaq” adlandırılan otaqların daxili dizaynı və quruluşu adlarına görə uyğunlaşdırılmışdır. İkinci mərtəbədə isə hər biri 50 nəfərlik olan iki banket zalı fəaliyyət göstərir. Binanın tavanı şüşə örtüklə örtülmüşdür ki, fəsillərə uyğun olaraq bu örtükləri açıb-bağlamaq mümkündür.
Üçmərtəbəli restoran binası özündə müasir dizayn elementlərini cəmləşdirir. Binanın birinci mərtəbəsində kafeteriya fəaliyyət göstərir. İkinci mərtəbədə balıqdan hazırlanmış yeməklər, üçüncü mərtəbədə isə ət və ətdən hazırlanmış, eyni zamanda digər yeməklər təklif olunur. Burada eyni zamanda 500 nəfər qonağa xidmət göstərmək mümkündür.
Gəmi maketli kafe isə klassik üslubda ağacdan düzəldilmiş masa və oturacaqları ilə diqqəti çəkir. Kafe üç açıq, iki örtülü salondan ibarətdir. Burada əsasən, müştərilərə sərinləşdirici içkilər təklif olunur.
Bundan əlavə, restoranın ərazisində balıq yetişdirmək üçün ayrılmış bölmədə 8 hovuz yerləşir. Hovuzların hər birində 4 ton balıq saxlamaq mümkündür. Hazırda burada farel, sazan, osetrin və soman balıqları yetişdirilir. Yaxın gələcəkdə digər növ balıqların saxlanılmasına da başlanılacaqdır ki, bu da ilin bütün fəsillərində restorana gələn müştərilərə təzə balıqlardan hazırlanmış yeməklər təklif etməyə imkan verəcək. Qeyd edək ki, balıqları seçmək və tutmaq burada müştərilərin öz istəyinə buraxılır.
Obyektdə digər maraqlı yerlərdən biri də ərazidə yerləşən kəhrizin ətrafında qurulmuş otaqlardır. Bir ədəd VİP otaq kəhrizin üzərində, digər üçü isə ətrafında yerləşir. Klassik tərzdə qurulmuş bu otaqlar da müştərilərin marağına səbəb olacaqdır.
Restoranın ərazisində yaşıllıqlar və gülkarlıqlar salınmış, oturacaqlar qoyulmuşdur. Müasir işıqlandırma sistemi ilə təchiz olunmuş obyekt tezliklə əcnəbi qonaqların da ən çox üz tutduqları ünvanlardan olacaqdır.
Səbuhi Həsənov