22 Dekabr 2024, Bazar

Dünən yaşanmışlar, bu gün yaşananlar

Bu yay günlərində zirvəsindən qarı qurtarmayan dağlarının yamaclarına və ətəklərinə elə bil xalı səriblər Şahbuzun. Minbir dərdin dərmanı olan gül-çiçəkləri bu xalının naxışlarıdır. “Ulu Tanrı bu qədim yurd yerindən öz səxavətini əsirgəməyib” qənaətində olanlar düz düşünürlər. Bilmirsən, Şahbuzun hansı gözəlliyinin vəsfindən başlayasan. Əslində buna heç jurnalist qələminin gücü də çatmaz. Şair istəyir şeir qoşa, rəssam lazımdır tabloya köçürə, bəstəkar yolunu gözləyir ki, nəğmə bəstələyə belə gözəlliklərə.

Uzunömürlülər diyarı, yaradıcı sənət adamlarının ilham çeşməsi Şahbuz dünən belə deyildi. Bir qədər geriyə qayıdaq, yaxın tarixi vərəqləyək. Bir vaxtlar ən tipik və ən ucqar əyalət kəndindən seçilməyən bu yurd yeri gözdənuzaq, könüldəniraq bir ünvan olub. Bunu orta və yaşlı nəsil yaxşı xatırlayır. Elə götürək yollarını. Payız-qış aylarında palçıqlı, yay aylarında tozlu-torpaqlı kələkötür yolları rayonun kəndlərində insan yaşamadığı qənaətini yaradırdı. Həyatın digər sahələri də eləcə.

Muxtar respublikada ilk quruculuq tədbirlərinə start veriləndə bu bölgə digər yaşayış məntəqələri ilə müqayisədə, sözün həqiqi mənasında, miskin bir görkəmdə idi. Rayonun füsunkar mənzərələri, təbiət abidələri də bu görkəmi ört-basdır edə bilmirdi. Yeraltı və yerüstü sərvətləri istifadəsiz qalmışdı. Bəs bu gün?
Şahbuz rayonu da inkişaf və tərəqqi baxımından nümunə gücündədir. Statistik rəqəmlərə və elə təkcə ötən ilin uğurlarına nəzər salsaq, gözlərimiz qarşısında böyük bir quruculuq mənzərəsinin canlandığını görərik. Bu bölgə son 20 ildə yüz ilə bərabər yol qət edib. 836,6 kvadratkilometr ərazini əhatə edən, 25 minə yaxın əhalisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd vardır. Bölgədə hansı ünvana üz tutsaq, görərik ki, quruculuq tədbirləri rayonun füsunkar təbii gözəlliklərinə əlavə naxışlar vurub və bu proses bu gün də davam etdirilir.

Statistik rəqəmlər nə deyir və ya rayonun quruculuq xəritəsi

24 yaşayış məntəqəsi olan rayonda 20 məktəb, 20 kənd mərkəzi, 17 xidmət mərkəzi, mərkəzi xəstəxana, 5 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, rayon mərkəzində onlarla idarə, müəssisə, təşkilat öz fəaliyyətini müasir iş şəraiti yaradılmış binalarda davam etdirir.
Dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən belə yaşayış məntəqələrinə gedən yolları bu gün təsvir etsək, bəlkə də, çoxları inanmaz. Ancaq o yolları görənlər bu gün də yaşayırlar. Sözümüzün canı ondadır ki, kəndlərdə həyata keçirilən kompleks quruculuq tədbirləri həmin ünvanlara çox böyük həcmdə tikinti materialları aparılmasını tələb edirdi. Yuxarıda dediyimiz kimi, həmin yollar elə bir vəziyyətdə idi ki, quruculuq işlərinin vaxtında aparılmasına maneələr yaradırdı. Elə o vaxt yolların təmiri, yenidən qurulması üstün istiqamət kimi qəbul edildi və başlıca çətinlik aradan qaldırıldı. Həm yollar yenidən quruldu, həm də bu yolların getdiyi yaşayış məntəqələri abad ünvanlara çevrildi. Şada, Biçənək, Yuxarı Qışlaq, Keçili, Külüs və başqa yaşayış məntəqələri müasirləşməyə üz tutan rayonun ilk nümunəvi kəndləri oldular. Tədricən bu quruculuq işləri digər yaşayış məntəqələrini də əhatə etdi. Təkcə 2014-cü ilin və bu ilin ötən dövrünün uğurları rayonun sürətli inkişafı barədə söz deməyə kifayət qədər material verir.
Ötən il rayonda rabitə evinin əsaslı təmiri, şəhər mərkəzinin tikintisi başa çatdırılıb. Rayon mərkəzində iki yaşayış binası təmir edilib. Ahıllar evinin əsaslı təmiri, Şahbuz şəhər 2 nömrəli tam orta məktəb binasının tikintisi, Sələsüz və Nursu kəndlərində tam orta məktəb binalarının yenidən qurulması da ötən ilin quruculuq tədbirlərindəndir.
Ən ucqar dağ kəndi olan Nursu kəndində həm də xidmət mərkəzi və həkim ambulatoriyası binaları tikilib, Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilib. Kənd sakinləri bu ucqar dağ kəndinə göstərilən qayğını mahiyyət etibarı ilə insan amilinə göstərilən qayğı hesab edirlər. Kəndin yetirməsi, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov deyir ki, tikinti-quruculuq tədbirləri bu gün muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilib. Ona görə də belə tədbirlər bizə adi görünür. Xalq şairimiz Məmməd Arazın ev-muzeyinin açılışına paytaxt Bakı şəhərindən gələn qonaqlar Nursu kimi ucqar bir yaşayış məntəqəsində qurulub-yaradılanları görəndə gözlərinə inanmadılar. Etiraf etdilər ki, burada şəhər infrastrukturu yaradılıb. Genişmiqyaslı quruculuq işlərini həyata keçirmək heç də asan məsələ deyil. Xüsusən də ucqar ünvanlarda. Bütün bunların son 20 ilin bəhrələri olduğunu deyən Arif müəllim şahbuzluları dövlətçiliyimizə, müstəqilliyimizə sadiq insanlar kimi dəyərləndirərək onların adından minnətdarlığını bildirdi.
Ötən il Şahbuz şəhər-Nursu avtomobil yoluna qara örtük salınıb, suötürücü kanallar tikilib. Biçənək və Badamlı kənd­lərinin hər birində 1 körpü tikilib. Şahbuz rayonunun yolları müasir standartlar səviyyəsindədir: hər il cari təmir işlərinin aparılması yolların sıradan çıxmasının qarşısını alır. Bu isə sərnişinlərin və avtomobillərin təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edir.
Bir vaxtlar muxtar respublikanın digər bölgələri kimi, bu rayon da enerji təminatından xeyli əziyyət çəkib. Bu gün şahbuzlular fasiləsiz elektrik enerjisi ilə təmin olunmalarını son 20 ilin bəhrələrindən biri hesab edirlər. Məlumat üçün bildirək ki, ötən il Şahbuz şəhərində, Biçənək və Nursu kəndlərində, ümumilikdə, 4 olmaqla müxtəlif gücə malik yeni transformator yarımstansiyaları qoyulub, 17 ədəd transformatorda cari təmir işləri aparılıb, 7 kilometr uzunluqda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib. Bu sahəyə qayğı cari ildə də davam etdirilir.
Artıq şahbuzluların hər birinin ailəsində bu gün mavi qaz şölələnir. Ötən il və bu ilin ilk 5 ayı ərzində yeni qaz xətlərinin çəkilməsi, istismar müddəti başa çatmış qazpaylayıcı şkafların dəyişdirilməsi, ehtiyac duyulan qaz sayğaclarının yenisi ilə əvəz olunması diqqət mərkəzində saxlanılır.
Quruculuq tədbirləri bu il də davam etdirilir. Gömür kəndində kompleks quruculuq tədbirləri çərçivəsində kənd və xidmət mərkəzləri inşa olunub, tam orta məktəb binası yenidən qurulub.
Bütün bunlar rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir. Rayon ziyalısı Sahib Hüseynov deyir ki, dünən çox uzaqda deyil. O günləri unutmaq olmaz. Bir anlığa 20 il əvvəli gözlərim önünə gətirəndə bu günümüzə inanmağım gəlmir. Saatlarla işıqsız qalan bir region bu gün elektrik enerjisi ixrac edir. Bu, sosial-iqtisadi inkişafın ən bariz göstəricisidir və Şahbuz rayonu da bu inkişafdan yetərincə bəhrələnib. İyun ayının 25-də daha bir obyekt – Şahbuz Şəhər Uşaq bağçasının yeni binası istifadəyə verildi. Dörd mərtəbədən ibarət olan binada 242 uşağın təlim-tərbiyə almasına imkan yaradılıb. Uşaq bağçasında yaradılan şərait yüksək səviyyədədir. Bu da işləyən və xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısının ifadəsidir.
Hazırda Şahbuz şəhərinin girişində Bayraq Meydanı, Daylaqlı kəndində məktəb və kənd mərkəzi üçün yeni binalar inşa olunur. 120 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarət olacaq. Məktəb binasının yaxınlığında isə kənd mərkəzi üçün bina inşa olunur. Burada kənddə fəaliyyət göstərən qurumlara hərtərəfli iş şəraiti yaradılacaq. Yaxın günlərdə kənddə xidmət mərkəzinin tikintisinə başlanılacaq.

Torpaq şahbuzluların daimi iş yeridir

Meliorasiya və irriqasiya tədbirləri bu bölgədə də həyata keçirilən quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilib. Son 20 ildə torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində görülən işlər bol məhsul istehsalında başlıca səbəblərdən biri olub. Ötən il rayonda olan nasos stansiyalarında təmir işlərinin aparılmasına ciddi önəm verilib. Daylaqlı, Şahbuzkənd və Əcəmi nasos stansiyalarında ehtiyac duyulan suvarma boru xətləri təmir olunub, Şahbuz şəhərində və kənd­lərdə 1,2 kilometr yeni suvarma boru xətti çəkilib.
Son illər həyata keçirilən meliorasiya və irriqasiya tədbirləri bölgənin məhsuldar torpaq sahələrini cana gətirib. Bu gün bir qarış torpağı əkilməmiş qoymayan kənd adamları belə tədbirlərdən xeyli razılıq edir, məhsul bolluğu yaradılmasına çalışırlar.
Yeri gəlmişkən qeyd edək ki, cari ildə rayonda 1543 hektar sahədə yazlıq əkin aparılıb. Bunun 430 hektarını kartof, 281 hektarını tərəvəz, 204 hektarını yazlıq taxıl (cari ilin məhsulu üçün ötən ilin payızında 1331 hektarda taxıl əkilib), 242 hektarını paxlalılar, 187 hektarını birillik, 175 hektarını çoxillik ot, 10 hektarını bostan, 8 hektarını günəbaxan, 6 hektarını qarğıdalı əkinləri təşkil edir. Artıq bəzi sahələrdə məhsul yığımına başlanılıb.

Göründüyü kimi, 2014-cü ildə və cari ilin ötən dövründə diqqətçəkən uğurlara imza atılıb. Bu yazımızda 20 illik intibah dövrünün təkcə bir ilində görülən işləri, qazanılan uğurları sadalamağa çalışdıq. Ancaq həssas oxucu elə bir ildə həyata keçirilən tədbirlərin həcminin necə böyük olduğunu təsdiq edər. Şahbuzu daha böyük uğurlar, nailiyyətlər gözləyir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR