22 Dekabr 2024, Bazar

Kənd təsərrüfatının inkişaf etdirilməsi müasir dövrdə bütün ölkələr üçün prioritet sahələrdən sayılır. Bu sahənin inkişafı ərzaq məhsulları ilə etibarlı təminata zəmin yaradaraq strateji önəm kəsb edir.
Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının aqrar ənənələr üzərində hərtərəfli inkişafı tarixən bizə məlumdur. Buna görə də həmin ənənələrin bu gün mütərəqqi ideya və vasitələrlə davam etdirilməsi müasir Naxçıvan üçün həlli vacib məsələlərdəndir. Təbii ki, ötən müddət ərzində muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə hərtərəfli dövlət qayğısının göstərilməsi kənd təsərrüfatı məhsullarının həcminin artmasına imkan yaradıb. Ancaq 2015-ci ilin ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunması bu sahənin vacibliyini bir daha ortaya qoyur.

Cari ilin aprel ayının 6-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində keçirilən Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikada “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Ona görə də bu il kənd təsərrüfatının inkişafına diqqət daha da artırılacaq, bu sahədə ciddi dönüşə nail olunacaqdır. Hazır­da ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə və fermerlərə 10 il müddətinə lizinqə verilir, mineral gübrələr isə 50 faiz güzəştlə satılırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınmışdır. Qəbul edilən bu qərarlar yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunmuş, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirmişdir”.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Yuxarıda da deyildiyi kimi, cəmiyyət 2005-ci ildən fəaliyyət göstərir. Bu qurumun əsas vəzifəsi regionda kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılmasını, fermerlərə güzəştli şərtlərlə texnika və avadanlıqların lizinq yolu ilə verilməsini, habelə mineral gübrələrin, damazlıq mal-qaranın, məhsuldar toxum sortlarının alınaraq uyğun qiymətlərlə sahibkarlara satışını təşkil etməkdən ibarətdir. Ötən müddətdə bu sahədə mühüm irəliləyişlərə nail olunmuş, fermerlər göstərilən dövlət qayğısından yararlana bilmişlər. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ötən 10 il ərzində fəaliyyətinə nəzər salsaq görərik ki, əgər 2006-cı ildə muxtar respublikaya 82 ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqları gətirilmişdirsə, 2007-ci ildə gətirilən texnikaların sayı 180 ədəd təşkil etmiş və hər il onların sayı artırılaraq 2015-ci ildə, ümumilikdə, 1595 ədədə çatdırılmışdır. Bu texnika və texnoloji avadanlıqların ardıcıl olaraq hər il fermerlərə güzəştli şərtlərlə satışı təşkil edilmiş, onlardan 1177 ədədi lizinq yolu ilə, 85 ədədi isə nağd və köçürmə yolu ilə hüquqi və fiziki şəxslərə satılmışdır. Vurğulamaq lazımdır ki, ötən dövrdə cəmiyyətin rayon bazaları da yaradılmış və bu bazalarda inzibati binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, gətirilmiş texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılmışdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, indiyədək gətirilmiş kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlarından 36 ədədi Şərur bazasına, 31 ədədi Babək bazasına, 27 ədədi Culfa bazasına, 17 ədədi Kəngərli bazasına, hər birinə 12 ədəd olmaqla Sədərək və Ordubad bazalarına, 14 ədədi isə Şahbuz bazasına verilməklə, ümumilikdə, 149 ədədi rayon bazalarına göndərilmişdir. Qeyd edək ki, lizinq yolu ilə satılan texnikaların ehtiyat hissələrinin alınması da cəmiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda ehtiyat hissələri anbarlarında müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Məhz torpaq mülkiyyətçilərinin əlindən tutan bu cür müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verir.
Torpaq mülkiyyətçilərinə mühüm dəstəklərdən biri də əkin sahələrinin mineral gübrələrə olan ehtiyacının ödənilməsidir. Artıq ötən ildən başlayaraq ölkə başçısının fərmanı ilə mineral gübrələrin fermerlərə 70 faiz güzəştlə satışı təmin olunmuşdur. Muxtar respublikamızda da əkinçiliklə məşğul olan torpaq mülkiyyətçiləri bu imkanlardan lazımınca yararlana bilirlər. Qeyd edək ki, 2015-ci ilin aprel ayınadək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin gübrə anbarlarına 6 min 100 tona yaxın azot gübrəsi tədarük olunmuşdur. Yaradılmış şərait muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə, meliorativ tədbirlərin həcminin genişləndirilməsinə, yeni fermer təsərrüfatlarının və kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin yaradılmasına imkan verir.
Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi yönündə atılan addımlar heyvandarlıq məhsullarının ildən-ilə artırılmasına şərait yaradır. Xüsusilə xarici ölkələrdən cins mal-qaranın alınıb gətirilərək güzəştli şərtlərlə sahibkarlara satılması bu sahənin inkişaf etdirilməsini stimullaşdırır. Məlumat üçün deyək ki, cəmiyyət tərəfindən 2009-2015-ci illərdə 1810 baş damazlıq cins mal-qara gətirilmiş və fermerlərə uyğun şərtlərlə satılmışdır. Həyata keçirilən bu tədbirlər iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamışdır ki, bu da ət və süd istehsalının ilbəil artmasına öz təsirini göstərmişdir.
Vurğulamaq lazımdır ki, əhalisinin 70 faizdən çoxunun kəndlərdə məskunlaşdığı muxtar respublikamız zəngin kənd təsərrüfatı ənənələrinə malikdir. Bu ənənələri uğurla və mütərəqqi vasitələrlə davam etdirmək üçün bu gün münbit şərait mövcuddur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fermerlərə dəstəyi isə aqrar sahədə mühüm nəticələr əldə etməyə yeni imkanlar açır. İnanırıq ki, fermerlərimiz bu imkanlardan səmərəli istifadə edərək “Kənd təsərrüfatı ili”nin üstünlüklərindən yararlana biləcəklər.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR