22 Dekabr 2024, Bazar

Ağlım kəsəndən kəndimizdə taxıl tədarükü başlanan günün insanlara əsl bayram sevinci yaşatdığını görmüşəm. Kənd ağsaqqalları taxılı biçiləcək sahənin kənarına yığışar, biçinə başlanmasını gözləyərdilər. Uşaq marağı ilə biz də sahənin kənarına toplaşardıq. Yaşlılar çörəyin müqəddəsliyindən danışardılar.

1941-1945-ci illərdə və bir qədər də sonrakı dövrdə insanların çörəklə imtahana çəkilməsi ilə bağlı söhbətlərə hamımız maraqla qulaq asardıq. Nə isə... Zəmilərdə işləyən kombaynların səsi ətrafın sükutunu pozar, çörək ətri verən taxılın tezliklə tədarük olunması, sahələrin sarı sünbülünün vaxtında toplanması üçün qüvvələr səfərbərliyə alınardı. O dövrdə tədarük olunan taxıl ictimai təsərrüfatların anbarına daşınırdı. Bu günün torpaq mülkiyyətçisi isə taxılı tədarük edən kimi özünün illik ruzisini, gələn təsərrüfat ilində əkəcəyi toxumu götürmək, yerdə qalanını isə dəyirmana satmaq imkanları qazanıb və minnətdarlıq hislərini gizlətmir ki, ona belə şərait yaradılıb.

Bu günün həqiqəti odur ki, artıq muxtar respublikamızda strateji məhsul sayılan taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi şəkildə nizama salınıb. Hər il muxtar respublikaya yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına dükan-bazarlarımızda çörək bolluğu yaranıb. Öz istehsalımız olan belə çoxçeşidli məhsulların keyfiyyətinə, dadına-tamına söz ola bilməz. Bütün bunlar digər yerlərdən muxtar respublikaya gətirilən taxıl məhsullarının qarşısını birdəfəlik alıb. İndi muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir.
Bu günlər qədim diyarımızda artıq daha bir məsul dövr yaşanır. Belə ki, artıq taxıl tədarükünə başlanılıb. Mövsüm ərzində əkin sahələrinə aqrotexniki qulluq diqqət mərkəzində saxlanılıb. Zəmilər vaxtlı-vaxtında suvarılıb, məhsuldarlığı yüksəltmək üçün gübrələr verilib.
6060 hektar sahənin taxılı tədarük olunub. Taxıl tədarükünə, hələlik, 30-a yaxın kombayn cəlb edilib. Toplanmış məhsulun daşınması üçün də tədbirlər həyata keçirilib, kifayət qədər texnika ayrılıb. Məhsul tədarükünə və daşınmasına cəlb edilən texnikalar əvvəlcədən işlək vəziyyətə gətirilib, kifayət qədər yanacaq və ehtiyat hissələr əldə olunub. Bu isə minbir zəhmətlə hasilə gətirilən məhsulun vaxtında toplanılacağına əminlik yaradıb.
Taxıl tədarükünə ilk olaraq Ordubad rayonunda başlanılıb. Bölgənin Dəstə, Vənənd, Düylün, Aza kəndlərində ilk günlərin nəticələri belə deməyə əsas verir ki, sahələrdə bol məhsul yetişdirilib, çəkilən zəhmət hədər getməyib. Culfa rayonunun Yaycı, Gülüstan, Ərəzin, Camaldın, Bənəniyar, Babək rayonunun Nehrəm, Çeşməbasar, Yarımca, Güznüt, Kərimbəyli, Nəcəf­əlidizə, Qahab, Cəhri, Kəngərli rayonunun Böyükdüz, Şahtaxtı, Qıvraq, Təzəkənd, Çalxanqala, Şərur rayonunun Aşağı Daşarx və başqa yaşayış məntəqələrində taxıl tədarükü sürətlə davam etdirilir.
Məhsul yığımında üzləşilə biləcək çətinliklərin tezliklə aradan qaldırılmasını təmin etmək üçün rayonlarda qərargahlar yaradılıb.
Taxıl tədarükü prosesi ilə yaxından tanış olmaq üçün Babək rayonunun Nehrəm kəndində olduq. Torpaq mülkiyyətçiləri, mexanizatorlar, kənd ağsaqqalları ilə görüşdük. Nehrəm bələdiyyəsinin sədri Tofiq Abutalıbov uzun illər kənddəki ictimai təsərrüfata rəhbərlik edib. Torpağın dilini yaxşı bilir. Söhbətə doğma kəndi haqda məlumatla başlayır. Deyir ki, torpağa halal ruzi-bərəkət mənbəyi kimi baxan nehrəmlilər zəhmətkeş insanlardır. Onlar torpağın hər qarışından səmərəli istifadə edir, bəhrələrini də görürlər. Nehrəm torpaqları müxtəlif bitkiçilik məhsullarının əkilib-becərilməsi üçün çox əlverişlidir. Ona görə də uzun illərdir ki, kənd adamları əkinçilikdə, strateji sahə olan taxılçılıqda zəngin təcrübəyə malikdirlər. Qazanılan təcrübə, bu gün taxılçılığın inkişafına göstərilən qayğı ilbəil məhsuldarlığın yüksəldilməsinə, insanların həyat tərzinin yaxşılaşmasına təsir göstərən başlıca amillərdir.
Tofiq Abutalıbov bildirir ki, cari ilin məhsulu üçün Nehrəmdə 2500 hektara yaxın sahəyə toxum səpilib. Artıq kənd adamlarının üzü gülür. Bir neçə gündür ki, elin varının toplanılmasına başlanılıb. İndiyə qədər 500 hektardan çox sahənin taxılı tədarük edilib. Məhsuldarlıq da yüksəkdir. Yaz yağışlarının taxıla xeyli köməyi olduğunu vurğulayan Tofiq Abutalıbov bizi taxılı tədarük edilməkdə olan sahələrin birinə aparmağa etiraz etmir. Budur, Nehrəmin Araqapı deyilən ərazisindəyik. Burada torpaq mülkiyyətçisi Mehralı Cəfərovun 2 hektarlıq taxıl zəmisinin məhsulu tədarük edilir. Sahədə 3 kombayn işləyir. Öyrənirik ki, Tahir və Habil Nemətov qardaşları özlərinə məxsus olan yük avtomobili, traktor və kombaynlar ilə kənd adamlarının təsərrüfat işlərində onlara yaxından kömək edirlər. Bu mövsümdə də ilk olaraq onlar sahəyə çıxıblar.
Mehralı Səfərovun çöhrəsindəki təbəssümü duymaq çətin deyildi. O bildirdi ki, zəmidə yaxşı məhsul yetişib. Vaxtında biçinə başlayıblar. Bir azdan Tahir də kombayndan düşüb yanımıza gəlir, söhbətə qoşulur. Deyir ki, ilk günlərin nəticələri ürəkaçandır. Məhsulunu yığdığımız zəmilərdə yüksək məhsuldarlıq var. Çalışırıq ki, itkiyə yol verməyək, taxıl tədarükünü vaxtında başa çatdıraq. Kənddə 5 kombayn var. Ehtiyac olsa, “Naxçıvan Aqrolizinq” ASC-nin xidmətindən də istifadə edəcəyik.
Nehrəmdə əhalinin böyük əksəriyyəti taxılçılıqla məşğul olur. Torpaq mülkiyyətçiləri Asəf Məmməd­ov 25, Əhməd Həsənov 15, Məhərrəm Niftəliyev 10, Xəlil Babayev 5 hektar sahədə buğda əkiblər. Həmin torpaq mülkiyyətçiləri həm də heyvandarlıqla məşğul olurlar. Onlardan biri ilə həmsöhbət olduq. Xəlil Babayev bildirdi ki, o həm də 8 hektar sahədə arpa əkib. Dünən sahənin taxılını biçdirib. Məhsuldarlıq orta hesabla 25 sentner olub. Öyrənirik ki, Xəlil 600 baş xırdabuynuzlu heyvan saxlayır.
Kənddə çörəkbişirmə sexləri də az deyil. Həmin istehsal müəssisələri yerli xammala üstünlük verirlər.

Kənddən, Nehrəmin torpaq qədri bilən zəhmətkeş adamlarından ayrılarkən yadıma Azərbaycan şeirinin görkəmli nümayəndəsi Səməd Vurğunun sözləri düşür:

Torpağa düşməsin havayı bir dən
Çörək bol olarsa, basılmaz Vətən.

Bu həqiqət artıq dərindən dərk edilən aksiomdur. Ona görə də taxıl tədarükünə cəlb edilənlər elin varını vaxtında və itkisiz toplamağa səy göstərirlər. Bilirlər ki, bu gün toplanılan məhsul sabah süfrəmizin çörəyidir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR