Bu rayonu ulu öndər Heydər Əliyevin yadigarı adlandırırlar. Bura o bölgəmizdir ki, sovet dönəminin 80-ci illərində muxtar respublikanın qabaqcıl kənd təsərrüfatı rayonu kimi ad çıxarmış, o zaman ən gəlirli sahə sayılan pambıqçılığın və üzümçülüyün bayraqdarına çevrilmişdi. Zaman o zaman oldu ki, Sovet İttifaqı dağıldı, rayonun iqtisadiyyatı məhvə sürükləndi. Ancaq rayon sakinləri inandılar ki, öz əli ilə qurub-yaratdığı rayonu dahi rəhbər köməksiz, tənha qoymayacaq, böyük iqtisadi potensiala malik Babək rayonunun da taleyi etibarlı əllərə, qurub-yaradan insanlara, sözün həqiqi mənasında, Vətənini, elini-obasını sevənlərə, insanların qayğısına qalanlara tapşırılacaq. Belə də oldu, rayon sakinlərinin ümidləri özünü doğrultdu, böyük rəhbərimiz muxtar respublikanın bütün bölgələri kimi, Babək rayonundan da qayğısını, diqqətini əsirgəmədi.
Dövlətə sədaqətli, torpağa dərin məhəbbətlə bağlı, doğma el-obasını cənnətə döndərmək istəyən insanların, aydın məqsədli vətən oğullarının minbir zəhməti nəticəsində rayon yenidən ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevrildi. Rayon əhalisini illərdən bəri narahat edən sosial problemlər həll olundu, insanların firavan yaşayışı təmin edildi, ailələrin məişət qayğıları öz həllini tapdı. Nəinki qarşılaşılan, hətta qarşılaşılması mümkün olan çətinliklər belə profilaktik tədbirlər sayəsində müvəffəqiyyətlə aradan qaldırıldı. Sanki hansısa bir rəssam rayonun sovetlər dönəminin son illərində və müstəqilliyimizin ilk illərində, sadəcə, cansız rənglərdən ibarət olan mənzərəsini dəyişdirdi, bu mənzərəni al-əlvan rənglərə boyadı.
Bu gün Babək rayonunun qəsəbə və kəndləri başdan-başa yenidən qurulur. Rayon sakinləri küçə və prospektlərdə, park və xiyabanlarda, əkin sahələrində elə həvəslə, elə canla-başla işləyirlər ki, insan heyranlığını gizlədə bilmir. Hər əkilən ağacın, hər gül-çiçək kolunun başına pərvanə kimi dolanan sakinlər bu rayonu muxtar respublikanın ən gözəl bölgəsinə çevirmək üçün əllərindən gələni əsirgəmirlər. Babək rayonunda diqqətçəkən təkcə abadlıq, quruculuq sahəsində qazanılan uğurlar deyil. Yeni istehsal və emal müəssisələrinin yaradılması, çox sayda iş yerlərinin açılması, əhalinin sosial problemlərinin həll edilməsi, aqrar sahədə dinamik inkişafa nail olunması son illərin uğurlarındandır.
Rayonun yaranma tarixinə qısa nəzər salaraq qeyd etmək yerinə düşər ki, ulu öndərimizin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxan, 1978-ci il oktyabrın 23-də təşkil olunan yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq, Babək adının verilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin qətiyyətinin, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.
1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatların və onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun illərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun reallaşdırılması, yeni torpaq-əkinçi münasibətlərinin formalaşdırılması müasir tariximizin ən önəmli səhifələrindən biridir. Aqrar islahatlar nəticəsində muxtar respublikada, eləcə də Babək rayonunda torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdirildi. Rayonun torpaq fondunu təşkil edən 76 min 32 hektar torpaq sahəsindən 20 min 821 hektar dövlət mülkiyyətində saxlanıldı. 42 min 700 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə verildi, 12 min 511 hektar isə xüsusi mülkiyyətə ayrıldı. Bu islahatlar həm də rayonda məşğulluq probleminin həllində mühüm rol oynadı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 1978-ci ildən indiyə qədər 40-dan çox nasos stansiyası, 50-dək subartezian quyusu tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib, 7 su anbarı yaradılıb. 2005-ci ildə ulu öndərin adını daşıyan su anbarı istifadəyə verildikdən sonra rayonun 13 min 869 hektar sahəsinin suvarılması təmin olunub, 4 min 364 hektar yeni sahə əkin dövriyyəsinə daxil edilib.
Bu gün Babək rayonu regionun kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış bölgəsi kimi tanınır, muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalına görə öncül yerlərdən birini tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul edildiyi 2008-ci illə müqayisədə bitkiçilik və heyvandarlıq məhsullarının həcmində böyük artım müşahidə olunub. Uzunoba Su Anbarının yenidən qurulması, Cəhri və Güznüt kəndlərində drenaj xətlərinin, Xal-xal kəndində suvarma su xəttinin çəkilişinin başa çatdırılması rayonda aqrar sahəyə marağı daha da artırıb, əkinçilikdə və heyvandarlıqda böyük nailiyyətlər əldə edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər Babək rayonunda meyvəçiliyin və tərəvəzçiliyin inkişafına böyük imkanlar yaradıb. 2014-cü ildə rayon ərazisindəki 492,7 hektar meyvə bağlarından 4891 ton məhsul əldə edilib, 1932 hektar tərəvəz sahələrindən 16287 ton tərəvəz toplanılıb. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasına da rayonda xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2014-cü ildə rayonun barverən 326,6 hektar üzüm bağlarından 5332 ton məhsul yığılıb.
Qeyd edək ki, təkcə ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 62417,2 min manat investisiya yönəldilib. Rayonda həyata keçirilən tikinti-quruculuq tədbirləri Azərbaycanın istənilən bölgəsinə nümunə gücündədir. Bəhs olunan dövrdə tikinti-quraşdırma işlərində istifadə olunan investisiyaların həcmi 58339,6 min manat təşkil edib. Tikinti-quraşdırma işlərinin həcminin ilbəil artması rayon əhalisinin nümunəvi şəraitdə yaşaması və işləməsinə imkan yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasına, sosial rifah halının yaxşılaşmasına da öz töhfəsini verir.
Yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində Babək rayonunda həyata keçirilən tədbirlər bu bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, yük daşınmasında maya dəyərinin aşağı düşməsinə, ucqar yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrinin yaxşılaşmasına və digər problemlərin həllinə səbəb olub. “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, Babək rayonunda da kompleks tədbirlər həyata keçirilir. 2014-cü il fevralın 14-də Hacıvar-Vayxır-Sirab avtomobil yolunun istifadəyə verilməsi dövlət proqramının muxtar respublikamızın bütün bölgələri kimi, Babək rayonunda da uğurlu icrasından xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il avqustun 27-də imzaladığı Sərəncamla yenidən qurulması həyata keçirilən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu rayonun, eləcə də adıçəkilən kəndlərin sosial-iqtisadi inkişafında yeni perspektivlər açacaq.
Babək rayonunda həyata keçirilən kompleks quruculuq tədbirləri bütün yaşayış məntəqələrini əhatə edir. Yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi müasir Babək rayonunun inkişaf və tərəqqisindən xəbər verir. Yeni yollar, məktəb binaları, kənd və xidmət mərkəzləri əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının təzahürüdür. Təkcə bir faktı qeyd edək ki, rayonda 2001-ci ildən sonra 30-dan çox məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilib, kəndlərin əksəriyyəti müasir yaşayış məntəqələrinə çevrilib. Babək qəsəbəsindən tutmuş ucqar dağ kəndlərinə qədər yaşayış məntəqələri elektrik enerjisi, mavi yanacaq, içməli və suvarma suyu ilə tam təmin olunub. Elektrik enerjisindən söz düşmüşkən qeyd edək ki, ölkə rəhbərinin himayəsi ilə bu rayonda tikilib istifadəyə verilən Naxçıvan Modul Elektrik Stansiyası, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Bundan başqa, rayonun qəsəbə və kəndlərinin keyfiyyətli poçt və rabitə xidmətindən yararlanması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Yaxın keçmişə qısa bir ekskurs etsək görərik ki, erməni işğalçılarının 1990-1991-ci illərdə Babək rayonunun Yuxarı Buzqov, Gərməçataq kəndlərinə hücumu zamanı bu yaşayış məntəqələrinə xeyli ziyan dəymişdi. Yuxarı Buzqovda kitabxana binası, Aşağı Buzqovda mədəniyyət evi, Gərməçataq kəndində klub və kitabxana binaları istismara yararsız hala düşmüşdü. Həmin kəndlərdə əhaliyə məxsus yaşayış evlərini və ictimai binaları top mərmiləri dağıtmışdı. O günləri acı bir xatirə kimi yada salan Aşağı Buzqov kənd ziyalısı Zəhra Hüseynova deyir ki, əgər ulu öndərimiz 1990-cı ildə Naxçıvana qayıtmasaydı, nəinki Buzqov və Gərməçatağın, hətta bütün muxtar respublikanın qaranlıq günləri davam edəcəkdi. O gəldi və bizi bu bəladan xilas etdi. İndi dünyada baş verən proseslərə diqqət yetirəndə, bir sıra ölkələrdə tökülən qanların səbəbinin məhz anarxiya, vətəndaş qarşıdurması olduğunu görəndə ulu öndərimizi böyük minnətdarlıqla xatırlayır, Onun Azərbaycan, eləcə də Naxçıvan üçün etdiklərinin nə qədər əvəzolunmaz olduğunu bir daha dərk edirik. İndi Yuxarı Buzqov və Gərməçataqda ulu öndərimizin işıqlı ideyalarının davamçıları tərəfindən görülən işlər nəticəsində o qanlı-qadalı illərin izlərindən əsər-əlamət qalmayıb, hər şey təzələnib, yeni binalar tikilib, yollar çəkilib. Kəndlərimiz fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İndi hər evdə qışın soyuğundan, şaxtasından bizi qoruyan mavi alov şölələnir.
Babək qəsəbə sakini Vaqif Hüseynov bizimlə söhbətində bildirdi ki, ötən müddətdə rayonda bütün sahələrdə quruculuq tədbirləri həyata keçirilib. Sovet dönəmində 20 ildə görülən işlər Naxçıvanın 20 illik intibah dövrünün bir ilində görülən işlərin kölgəsində qaldı. Bu nailiyyət muxtar respublika Ali Məclisi Sədrinin Naxçıvanın bölgələrinin inkişafı naminə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü, ardıcıl fəaliyyətin nətticəsidir.
İllər keçdikcə, Babək rayonu da çiçəklənir, inkişaf edir. Muxtar respublikanın bütün bölgələri kimi, bu rayon da intibaha gedən yolda qətiyyətlə addımlayır.
Səbuhi Hüseynov