Muxtar respublika sakinlərinin taxıl məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər cari ildə də öz bəhrələrini verməkdədir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, cari ilin məhsulu üçün ötən ilin payızında və 2015-ci ilin yazında 36 min 237 hektar sahədə taxıl əkilib. Bunun 26 min 746 hektarını buğda, 9 min 491 hektarını arpa təşkil edir. Mövsüm ərzində əkin sahələrinə aqrotexniki qulluq diqqət mərkəzində saxlanılıb.
Bir neçə gündür ki, taxıl tədarükünə başlanılıb. Bu günədək 800 hektardan artıq sahənin taxılı tədarük olunub. Taxıl tədarükünə, hələlik, 50-yə yaxın kombayn cəlb edilib. Yığılmış məhsulun daşınması üçün də tədbirlər həyata keçirilib, kifayət qədər texnika ayrılıb. Məhsul tədarükünə və daşınmasına cəlb edilən texnikalar əvvəlcədən işlək vəziyyətə gətirilib, kifayət qədər yanacaq və ehtiyat hissələr əldə olunub. Bu isə minbir zəhmətlə hasilə gətirilən məhsulun vaxtında toplanılmasına əminlik yaradıb.
Taxıl tədarükünə ilk olaraq Ordubad rayonunda başlanılıb. Rayonun Dəstə, Vənənd, Düylün, Aza kəndlərində ilk günlərin nəticələri belə deməyə əsas verir ki, sahələrdə bol məhsul yetişdirilib, çəkilən zəhmət hədər getməyib. Culfa rayonunun Yaycı, Gülüstan, Ərəzin, Camaldın, Bənəniyar, Babək rayonunun Nehrəm, Çeşməbasar, Yarımca, Güznüt, Kərimbəyli, Araz, Nəcəfəlidizə, Qahab, Cəhri, Kəngərli rayonunun Böyükdüz, Şahtaxtı, Qıvraq, Xok, Təzəkənd, Çalxanqala, Şərur rayonunun Aşağı Daşarx və başqa yaşayış məntəqələrində taxıl tədarükü sürətlə davam etdirilir.
Məhsul yığımında üzləşilə biləcək çətinliklərin tezliklə aradan qaldırılmasını təmin etmək üçün rayonlarda təşkil edilən qərargahlara hərtərəfli şərait yaradılıb.
Xəbərlər şöbəsi