22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin, o cümlədən muxtar respublikamızın yanacaq-energetika kompleksinin qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, 1978-ci ildə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılıb və 1980-ci ildə layihə uğurla başa çatdırılıb.

İlk dəfə olaraq 1980-ci ildə Naxçıvan şəhərinə təbii qaz verilməsi təmin olunub. O zaman qaz kəmərinin uzunluğu 1804,3 kilometr təşkil edib ki, bunun da 226,4 kilometri yüksəktəzyiqli, 672,4 kilometri ortatəzyiqli, 905,5 kilometri isə aşağı­təzyiqli qaz kəməri olub. Muxtar respublikamızın qazlaşdırılması nəticəsində 1990-cı ilədək təbii qazdan istifadə edən abonentlərin sayı 33 min 330 olub. Bu zaman muxtar respublika üzrə 4 şəhər, 2 şəhərtipli qəsəbə və 91 kənd təbii qazla təmin edilib. Lakin o zaman muxtar respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması mümkün olmayıb. Qaz xətti 1990-cı ilə qədər istismar olunub, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə salınıb, nəticədə, Naxçıvana təbii qazın verilməsi dayandırılıb. Kəskin kontinental iqlim şəraiti olan muxtar respublikamızda əhali qışın sərt soyuğundan qorunmaq üçün fasilələrlə verilən elektrik enerjisindən həm də istilik məqsədilə istifadə edirdi.

Əlbəttə ki, bu, insanların istiliyə olan tələbatını lazımi şəkildə ödəmirdi. Belə olan təqdirdə insanlar öz əlləri ilə əkib-becərdikləri, ərsəyə gətirdikləri yaşıllıqları, hətta meyvə ağaclarını belə, kəsib istilik məqsədilə yanacaq kimi istifadə etmək məcburiyyətində qalırdılar. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu dövrdə fəaliyyətinin bir istiqamətini də muxtar respublikamızın energetika və yanacaq probleminin həllinə yönəltmişdi. Bunun üçün də muxtar respublikanın təbii qazla təmin edilməsini İran İslam Respublikası vasitəsilə həyata keçirmək qarşıya məqsəd qoyulmuşdu, 1992-ci ildə ulu öndər Heydər Əliyevin İrana səfəri zamanı Xoy-Culfa qaz kəmərinin çəkilməsi və Naxçıvanın qazla təmin edilməsi barədə protokol imzalanmışdı.
2004-cü il may ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə dövlət başçısı deyib: “Qaz verilməsi məsələsi də gündəlikdədir. Bu istiqamətdə də işlər aparılır. Əlbəttə, əgər Naxçıvanla Azərbaycan arasında əlaqə olsaydı, buraya qaz vermək bizim üçün problem olmazdı. Çünki Azərbaycanda ildə 5 milyard kubmetrdən çox qaz hasil edilir. Eyni zamanda 4 milyard kubmetrdən artıq idxal olunur. Naxçıvanın tələbatı 350-400 milyon kubmetrdir. Bunu təmin etmək problem deyildir. Problem odur ki, biz bu qazı Naxçıvana verə bilmirik. Belə olan halda, əlbəttə, başqa yollar arayırıq ki, bu məsələni də həll edək. Mən ümid edirəm ki, bu məsələni həll edəcəyik. Bu məsələ də həllini taparsa, əlbəttə ki, Naxçıvanda yeni müəssisələrin yaradılması prosesi daha da sürətlə gedəcəkdir. Bizim məqsədimiz bundan ibarətdir”.
Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin qayğısı və himayəsi ilə Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatının bərpası və muxtar respublikanın təbii qaza olan tələbatını ödəmək məqsədilə 5 avqust 2004-cü il tarixdə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti və İran Milli Qaz İxracat Şirkəti arasında təbii qaz mübadiləsi haqqında müqavilə imzalandı. 15 illik fasilədən sonra – 20 dekabr 2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına təbii qazın nəqli bərpa edildi. 2005-ci il dekabr ayının 20-də Naxçıvana gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya təbii qazın verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərək deyib: “Naxçıvana İrandan təbii qazın verilməsi bu istiqamətdə atılmış çox böyük bir addımdır. Ancaq son addım deyildir. Bundan sonra da böyük birgə layihələr icra olunacaq, enerji mübadiləsi məsələsi öz həllini tapacaqdır. Bilirsiniz ki, İrandan gələn qazla işləyən elektrik stansiyaları bu yaxınlarda işə düşəcəkdir və biz Naxçıvanı elektrik enerjisi ilə tamamilə təmin etmək iqtidarında olacağıq. Bu, bir daha onu göstərir ki, siyasi iradə olan yerdə, qarşılıqlı maraq olan yerdə və dostluq, qardaşlıq münasibətləri olan yerdə istənilən məsələ də həllini tapır”.
Mərhələlərlə həyata keçirilən qazlaşdırma 2008-ci ildə uğurla başa çatdırıldı, əhali təbii qazla təmin olundu. Naxçıvana təbii qazın nəqlinin bərpası əhalinin məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, sənaye potensialının möhkəmlənməsinə də səbəb oldu. Fəaliyyəti dayanmış emal və sənaye müəssisələrinin bərpa olunmasına, yeni istehsal sahələrinin yaradılmasına geniş imkanlar açıldı. Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası qazla işləmə rejiminə keçirildi, Naxçıvan Modul Elektrik Stansiyası tikilib istifadəyə verildi, Naxçıvanın enerji təhlükəsizliyi təmin olundu. Eyni zamanda təbii resurslardan səmərəli istifadə olunmasına əlverişli şərait yaradıldı. “Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, son 20 ilin nəhəng layihəsi olan Naxçıvan Sement Zavodu və neçə belə istehsal müəssisələri fəaliyyətə başladı. Bu, genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilən muxtar respublikamızda çox mühüm əhəmiyyətli bir sahə idi. Əvvəllər inşaat materialları olan kərpic və sement xaricdən idxal olunur, əlavə daşınma xərci çəkilirdi. Bu istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə problem aradan qaldırıldı, tikinti materiallarına olan tələbat yerli istehsal hesabına ödənildi. Həmçinin yeni emal və sənaye müəssisələrinin fəaliyyətə başlaması əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına da geniş imkanlar açdı ki, bu da əhalinin maddi rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayır. Naxçıvana təbii qazın nəqlinin bərpası kütləvi məhv edilən yaşıllıqları baltanın sərt üzündən, elektrik enerjisi təsərrüfatını standartlara uyğun olmayan qızdırıcılardan xilas etdi.

Orta və yüksəktəzyiqli qaz boru xətləri yenilənib

İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi ilə yanaşı, bu sahədə infra­strukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. İkinci mərhələdə həyata keçirilməsi nəzərdə tutulan orta və yüksəktəzyiqli magistral qaz boru xətlərinin yenilənməsi də uğurla davam etdirilir. Korroziyaya qarşı lazımi qoruma sistemi olmayan və uzun müddət istifadəsiz qalan Naxçıvan-Şahbuz ortatəzyiqli və Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xətləri yararsız vəziyyətə düşmüşdü.
Ümumi uzunluğu 27 kilometr olan Naxçıvan-Şahbuz ortatəzyiqli və 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz boru xətləri müasir tələblərə uyğun şəkildə çəkilib. Qaz xəttini korroziyadan qorumaq məqsədilə Şahbuz rayonunun Sələsüz kəndində bir ədəd elektrik katodqoruma qutusu, katodqorumaya nəzarət etmək üçün kəmərboyu 34 ölçmə dirəyi, 5 ədəd qazpaylayıcı məntəqə və ölçü qovşaqları, qəza halları zamanı kəmərdən qazın tamamilə boşaldılması üçün 1 ədəd kran meydançası və Babək rayonunun Cəhri kəndi ərazisində kəmərəqoşulma məntəqəsi quraşdırılıb. Qaz xətti 2013-cü ilin yanvar ayında istifadəyə verilib. 12 atmosfer işçi təzyiqə hesablanmış qaz kəməri hazırda 3 atmosfer təzyiqdə istismar olunur.
Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəməri də müasir tələblər səviyyəsində qurulub, xəttin üzərində 4 katodqoruma sistemi, 6 qazpaylayıcı stansiya quraşdırılıb. Bu, təbii qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan verir. Təbii qazdan itkisiz və səmərəli istifadə muxtar respublikanın qaz təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsinə şərait yaradır. 75 atmosfer təzyiqdə qaz xəttində 1 milyon 500 min kubmetr təbii qaz ehtiyatı yaratmaq mümkündür ki, bu da hər hansı qəza halı baş verdikdə abonentlərin 8 gün müddətində təbii qazla tam təmin olunmasına imkan verir. Bu qaz xətti isə 2013-cü ilin oktyabr ayında istifadəyə verilib. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttinin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək deyib: “Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xətti ötən əsrin 80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə çəkilmişdir. Qaz xətti 1990-cı ilə qədər istismar olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, nəticədə, Naxçıvana təbii qazın verilməsi dayandırılmışdır. Bu xətt də 2005-ci ilə kimi istifadəsiz vəziyyətdə qalmışdır... Korroziyaya qarşı lazımi qoruma sistemi olmayan və uzun müddət istifadəsiz qalan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xətti yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən də yeni qaz kəmərinin tikilməsi zərurəti yaranmışdı”.
Ali Məclisin Sədri qaz təsərrüfatı işçilərinin qarşısında mühüm vəzifələrin durduğunu bildirərək deyib: “Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz boru xətti muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdir. Qaz təsərrüfatı sahəsində çalışanlar boru xəttindən səmərəli istifadəni təmin etməli, istismar tələblərinə ciddi əməl olunmalıdır”.
Eyni zamanda su-kanalizasiya sistemlərinin və yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar həyata keçirilən layihələr zamanı həmin ərazilərdən qaz xətləri kənarlaşdırılıb, ayrı-ayrı rayonlarda sel və daşqın zamanı zərər dəymiş müxtəlif diametrli qaz xətləri bərpa olunub.

Abonentlər fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilir

Abonentlərin fasiləsiz və təhlükəsiz mavi yanacaqla təmin olunması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilir, aşkar edilən nöqsanlar aradan qaldırılır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilir və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülür. Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması, əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi üçün möhkəm baza yaradılıb.
Bu gün Naxçıvan Muxtar Respublikası 100 faiz qazlaşdırılıb. Muxtar respublikanın ən ucqar dağ kəndlərinə, sərhəd məntəqələrinə belə, təbii qaz xətti çəkilib. Muxtar respublikamızın yaşayış məntəqələrində yeni tikilən yaşayış evlərinin vətəndaşların müraciətinə əsasən qazlaşdırılması işi də uğurla aparılır, yeni sayğaclar quraşdırılır və qaz təchizatı haqqında müqavilə bağlandıqdan sonra təbii qazın verilməsinə başlanılır. Ümumilikdə, muxtar respublikada 82 min 711 əhali, 1845 qeyri-əhali istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 338 abonent, 91 müəssisə cari ilin ilk 4 ayında təbii qazla təmin olunub.
Sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılır, 2015-ci ilin ilk 4 ayında istehlak olunan 104 milyon 229 min 223 kubmetr qazın satışından 10 milyon 541 min 196 manat vəsait əldə edilib, ödəmə 101,2 faiz olub. Əhali abunəçiləri üzrə istehlak olunan 52 milyon 762 min 260 kubmetr qazın satışından toplanan vəsait 5 milyon 295 min 127 manata çatıb ki, bu da 100,4 faiz ödəmə deməkdir.

Bəli, muxtar respublikamızda qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrələrini verdi. Naxçıvanın qazlaşdırılması ilə həm iqtisadiyyatımızın inkişafına geniş imkanlar açıldı, həm də əhalinin rahatlığı təmin olundu. İndi hər bir naxçıvanlı öz isti ocağında firavan günlərini yaşayır, Vətənin inkişafına töhfələrini verir. Naxçıvanın təbii qazla tam təmin olunması da son 20 ilin uğuru, blokada şəraitində nail olunan intibahın nəticəsidir.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR