22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən, hər il iyunun 24-ü Azərbaycanda “Maşınqayırma sənayesi işçilərinin peşə bayramı” kimi qeyd olunur.

Ölkəmizdə sənayeləşmənin inkişaf tarixi ötən əsrin 70-ci illərindən başlamışdır. Azərbaycanın iqtisadiyyatına, xalq təsərrüfatına dərindən bələd olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sənayeləşməyə diqqət artırıldı, ölkəmizin aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçidinin əsası qoyuldu. Nəticədə, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi.
Ümummilli liderin rəhbərliyi ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycanda neft maşınqayırması əsaslı inkişaf yoluna qədəm qoymuş və tezliklə bir sıra vacib istiqamətləri əhatə edən maşınqayırma sənayesi kompleksi yaradılmışdır. Yüksək əmək və elm tutumuna malik olan bu sənaye sahəsi həmin dövrdə 160-a yaxın müəssisə və təşkilatı, 110 min nəfərdən çox fəhlə və mütəxəssisi birləşdirmiş, minlərlə çeşiddə məhsul istehsal etmək imkanına malik olmuş, respublikamızın ümumi sənaye istehsalının çox hissəsi məhz bu sahənin payına düşmüşdür.

Bir sıra strateji müəssisələr güclü istehsal imkanlarına görə seçilmiş, Gəncə Avtomobil Zavodu, Bakı və Sumqayıtdakı strateji maşınqayırma müəssisələri rentabelli iş fəaliyyəti, potensial imkanları ilə ölkə iqtisadiyyatının inkişafına təkan vermişdir. Regionda bir çox iqtisadi subyektlərin maddi-xammal təminatında və ehtiyat hissələrlə təchiz olunmasında mühüm rol oynayan bu müəssisələr istehsal etdiyi materialların – maşın və onların hissələrinin istehsalına görə postsovet məkanında fərqlənmişdir.
Böyük inkişaf tarixi keçən maşınqayırma sənayesi ümumi sənaye strukturunda xüsusi çəkiyə malik olmaqla ölkə iqtisadiyyatının milli gəlir baxımından mühüm sahəsini əhatə edir. Ötən əsrin sonlarından başlayaraq sənayenin bütün sektorlarının, o cümlədən maşınqayırmanın inkişafı üçün xüsusi proqramlar icra edilmişdir. Müəssisələrin özəlləşdirilməsi, səhmdar cəmiyyətlərə çevrilməsi, eləcə də postsənaye dövründə mühüm əhəmiyyətə malik müəssisələrin maddi-texniki bazasının yenidən qurulması, yeni istehsal sahələrinin yaradılması maşınqayırmanın tamamilə yeniləşməsinə, real bazara uyğun fəaliyyət göstərməsinə səbəb olmuşdur. Son illər maşınqayırma müəssisələrinin yeni texnologiyalar əsasında təchizatı isə onların istehsal gücünün artmasına səbəb olmuşdur.
Hazırda Azərbaycanda maşınqayırma sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr fəaliyyət göstərir. Bu sırada avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, avtomobil sənayesi maşınqayırmada əsas sahə kimi nəzərə çarpır və dünyada avtomobil istehsalı rəqabətinin dərinləşdiyi bir dövrdə Azərbaycan öz milli brendi ilə tanınmağa başlayıb. Bu sahənin inkişafının əsas göstəricilərindən biri odur ki, bu gün ölkədə maşınqayırma sənayesi təkcə paytaxt Bakını və iri şəhərləri əhatə etmir. Artıq maşınqayırma sənayesinin də regionlarda inkişafı təmin edilmiş və bölgələrdə bir çox iri maşınqayırma zavodları fəaliyyətə başlamışdır.
Ölkəmizdə avtomobil bazarı daha çox xarici ölkələrin istehsal məhsulları hesabına təmin olunsa da, son illər yerli və müştərək müəssisələrin istehsal fəaliyyətinin güclənməsi nəticəsində milli brendlər tədricən daxili bazarda xüsusi yer tutmağa başlamışdır. Dünyanın nəhəng maşınqayırma müəssisələrinin Azərbaycanda öz istehsal sahələrini yaratmaq niyyətlərinin gerçəkləşməsi bu sahənin yüksək inkişafına təminat verir. Maşınqayırma sənayesinin davamlı inkişafı isə minlərlə iş yerlərinin açılması deməkdir. Bu da məşğulluq problemlərinin həlli, insanların sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında da yeni texnologiyaların tətbiqinə əsaslanan istehsal sahələrinin, xüsusilə avtomobillərin buraxılışı diqqət mərkəzindədir. Naxçıvan Avtomobil Zavodunun istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada maşınqayırma sənayesi üzrə ixtisaslı mütəxəssislərin yetişməsi bu sahənin inkişafına öz təsirini göstərmişdir. 2010-cu ildə 37 nəfər heyətlə fəaliyyətə başlayan zavodda hazırda 65 mütəxəssis çalışır.­
İllik istehsal gücü 5 min avtomobil olan zavodda hazırda 9 modeldə avtomobil istehsal olunur. Bu gün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərə təkcə muxtar respublikada deyil, ölkənin digər bölgələrində də tələbat böyükdür. Azərbaycanın müxtəlif şəhər və rayonlarında zavodun satış obyektlərinin fəaliyyət göstərməsi bunu təsdiq edir. Öz texniki göstəricilərinə və dizaynına görə seçilən bu avtomobillər daxili bazarda xüsusi yer tutmaqla yanaşı, xarici bazara da yol tapmışdır. Artıq bu ildən etibarən “NAZ-Lifan LF-330”, “LF-720” və “X-60” modellərinin Belarus Respublikasına ixracına başlanılmışdır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial qayğıya ehtiyacı olan insanlara və veteranlara “NAZ-Lifan LF-320” model avtomobillərin verilməsi “NAZ-Lifan” brendinə olan marağın və etibarın daha bir göstəricisidir. 2011-ci ildən bu günədək bu məqsədlə 2397 ədəd avtomobil istehsal olunaraq təhvil verilmişdir. Bu ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün daha 400 avtomobilin istehsalı nəzərdə tutulmuşdur.
Hazırda ölkəmizdə birinci Avropa Oyunları keçirilir. Təbii ki, dünyanın diqqətini özünə cəlb edən mötəbər bir yarışa sponsorluq etmək hər müəssisənin arzusu və beynəlxalq miqyasda daha geniş tanınmaq imkanı əldə etməsi deməkdir. Bu baxımdan oyunların təşkilində tərəfdaş kimi iştirak etməsi Naxçıvan Avtomobil Zavodunun qazandığı mühüm nailiyyətdir. Bu məqsədlə zavodun istehsalı olan 280 avtomobil Bakı şəhərinə göndərilmişdir. Hazırda oyunların təşkilində bu avtomobillərdən istifadə olunur.
Peşə bayramlarını qeyd edən maşınqayırma sənayesi işçiləri istehsal çeşidlərinin və həcminin artırılması, ixrac potensialının genişləndirilməsi məqsədilə bundan sonra da səylə çalışacaqlar.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR