22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın müasir inkişafında tikinti-quruculuq işlərinin mühüm əhəmiyyəti vardır. Sosial və istehsal əhəmiyyətli binaların tikintisi, yeni yolların çəkilməsi sürətləndikcə əhalinin yaşayış səviyyəsi də bu gün dünənkindən keyfiyyətcə yeni məzmun kəsb edir. Quruculuq obyektlərinin müasir standartlara cavab verən yüksəkkeyfiyyətli tikinti materialları ilə təmin olunmasında yerli xammala əsaslanan sement istehsalının mühüm əhəmiyyəti vardır. Bu baxımdan Naxçıvan Sement Zavodu muxtar respublikamızın bu vacib tikinti materialına olan tələbatının ödənilməsində idxaldan asılılığı yüz faiz aradan qaldırmaqla, blokada şəraitində inkişafa necə nail olmağın yolunu bir daha göstərdi.

Naxçıvan təbii sərvətlərlə zəngindir və onların istehsal və xidmət dövriyyəsinə cəlb olunması günün vacib məsələsidir. Bu məsələ təkcə muxtar respublikamızın blokada şəraitində olması ilə deyil, eyni zamanda ölkəmizin iqtisadi təhlükəsizliyi və valyuta ehtiyatlarımıza qənaət olunması ilə də aktualdır. Başqa sözlə, xammal, enerji və ixtisaslı əmək ehtiyatları olduqda sement kimi çox xərcaparan və nəqliyyat məsrəfləri də yüksək olan məhsulun yerindəcə istehsalı ən uğurlu layihələrdəndir. Naxçıvan Sement Zavodunun qurulmasından keçən müddətdə bu müəssisə öz fəaliyyəti ilə sübut etdi ki, resurslardan səmərəli istifadə olunması məqsədilə həyata keçirilən hər bir iş öz rentabelliyi və sosial səmərəsi ilə rəğbət qazanacaqdır. Muxtar respublikamızda istifadəyə verilmiş yüzlərlə inzibati binanın, sosial-xidmət obyektlərinin, yaşayış binalarının və fərdi mənzillərin inşasında Naxçıvan sementinin də əhəmiyyəti böyükdür.

Naxçıvan Sement Zavodu 2011-ci ildən fəaliyyət göstərir. Gündəlik istehsal gücü 1200 ton olan bu zavodda müasir texnologiya əsasında ən yeni avadanlıqlar quraşdırılmışdır. Keyfiyyətli sement istehsalı üçün zəruri olan xammal isə Kəngərli rayonunun Çalxanqala kəndi ərazisindən gətirilir. Zavodda olarkən bildirildi ki, hazırda bu müəssisə tam gücü ilə işləyir. Tikinti-quruculuq işlərinin tam qızğın çağında Naxçıvan sementinə olan tələbatı ödəmək üçün istehsalın fasiləsizliyini təmin etmək tələb olunur. Bunun üçün burada üçnövbəli iş rejimi tətbiq olunmaqdadır. Məşğulluq göstəricilərinə gəldikdə, Naxçıvan Sement Zavodunda 250-dən çox adam işlə təmin edilmişdir. Bu, bir istehsal müəssisəsinin timsalında çox yaxşı göstəricidir. Qeyd edək ki, bu istehsal müəssisəsində yeni texnoloji avadanlıqlar tətbiq olunduğundan burada çalışan mühəndis texniki işçilərin əksəriyyəti də bu sahə üzrə məzun olmuş ali təhsilli gənclərdir. İşə ciddi münasibət və yüksək məsuliyyətin nəticəsidir ki, indiyə qədər heç bir texniki qəza və travma ilə baş verən istehsalat qəzası olmamışdır. İxtisasartırma üçün daxili kursların keçirilməsi, işçilərin xüsusi geyimlə, səs və toz qoruyucularla təmin olunması, onlara gündə üç dəfə yemək verilməsi işçi əməyinə göstərilən diqqətdən xəbər verir.
Naxçıvan Sement Zavodunda yüksək texniki təhlükəsizliklə yanaşı, ekoloji təmiz istehsal şəraiti də yaradılmışdır. Qeyd edək ki, sement istehsalı müəssisəsi üçün bu, vacib şərtdir. Yüksək temperatur, təzyiq şəraitində həyata keçirilən istehsal prosesinə nəzarət üçün Yaponiyadan alınmış avadanlıqdan istifadə olunur. Almaniyadan alınıb gətirilmiş qaz analizatoru avadanlığı vasitəsilə istehsal prosesində təbii qaza tam avtomatik nəzarət etməklə təhlükəsizlik təmin olunur və enerjiyə qənaət edilir. Atmosferə tullantıların atılmasının qarşısının alınması üçün elektrostatik toztutan və torbalı filtrlər tətbiq olunur. Müəssisənin ətrafındakı yaşıllıq zolaqları və yaradılmış səliqə-sahman isə burada sement istehsalının ətraf mühitə heç bir zərər vurulmadan həyata keçirildiyini göstərir.
Naxçıvan sementi çox yüksəkkeyfiyyətlidir. Bu sement ən yüksək texniki göstərici olan 42,5 indeksli marka ilə istehsal olunur. Bunu ilk olaraq xammalın keyfiyyəti və texnoloji proseslərə dəqiq əməl olunması ilə izah etdilər. Naxçıvan sementindən hazırlanmış betonun yüksək möhkəmlik göstəricisi, aşınmaya qarşı davamlılığı, isti və soyuğa qarşı dözümlüyü vardır. Sərt iqlim şəraiti olan yerdə bu çox vacib göstəricidir.
Naxçıvan Sement Zavodunda istehsal olunan sement eyni zamanda münasib qiyməti ilə də seçilir. 50 kiloqramlıq kisələrdə satılan Naxçıvan sementinin qiymətinin ucuzluğu inşaat işi aparan şirkətlər və fərdi alıcılar üçün çox əhəmiyyətlidir. Zavod sifarişləri vaxtında yerinə yetirə bilmək üçün Naxçıvan şəhəri və ətraf rayonlara daşıma servislərini də həyata keçirir. Artıq Bakı şəhərində və ölkəmizin başqa regionlarında Naxçıvan sementinin alıcıları vardır. Gürcüstan Respublikasına da göndərilən Naxçıvan sementinin gələcəkdə ixracat imkanları genişləndiriləcək. Ötən ili mənfəətlə başa vurmuş müəssisənin artıq bu potensialı da vardır.
Naxçıvanda gedən müasir intibah prosesləri hər sahədə daha sürətli, daha keyfiyyətli iş tələb edir. Bu mənada, yaradılmış istehsal müəssisələri arasında hər bir quruculuq obyektinin, hər bir yaraşıqlı binanın ərsəyə gəlməsində 24 saat dayanmadan işləyən Naxçıvan Sement Zavodunun da payı böyükdür.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR