22 Dekabr 2024, Bazar

Tarixi mənbələrdə Ordubad XVIII əsrdə Naxçıvan xanlığının əsas meyvəçilik mərkəzi kimi qeyd olunur. Həmin dövrdə, demək olar ki, hər həyətdə meyvə bağı olub. Bu bağlarda yetişən şaftalı, gilas, ərik, albalı, alça, gilənar, gavalı, cəviz və digər meyvələr bütün Qafqazda tanınıb. Naxçıvan xanlığının Dəstə, Biləv mahallarında çox keyfiyyətli cəviz yetişdirilib. Yüksək keyfiyyətinə görə əhali bu məhsulu kilo ilə deyil, ədədlə hesablayıb. Əldə edilən məhsuldan vergi də ədədlə alınıb. Ümumiyyətlə, XVIII əsrin son onilliyində Ordubad rayonunda 1386 bağ olub, onlardan 193-ü böyük sahələri əhatə edib.
Ordubadda yetişdirilən meyvələrin müxtəlif sortları vardır. Məsələn, şaftalının ağnazlısı, narıncısı, yarma zəfəranı, ağ alanayısı, hulusu, payız salamısı və güştüsü öz dadı və tamı ilə tanınır. Ağ təbərzə, əbutalibi kimi ərik sortları yüz illərdir ki, Ordubadın meyvəçilik sahəsində simvoluna çevrilib. Meyvələr zahiri görünüşü cəhətdən nə qədər gözəldirsə, bir o qədər də şirin, lətif və ətirlidir. 1861-ci ildə Ordubad şaftalısı ABŞ-da təşkil edilmiş meyvəçilik sərgisində yüksək qiymətə layiq görülüb. Bu meyvə həmin qiyməti həm də Almaniyada və İtaliyada alıb, eyni zamanda Moskvada keçirilən ümum­ittifaq kənd təsərrüfatı sərgilərində yüksək dəyərləndirilib. Əbutalibi əriyi hələ 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb. Ümumilikdə isə Ordubad meyvələri dəfələrlə beynəlxalq sərgilərə çıxarılıb, 9 medal qazanılıb. Ordubad öz quru meyvələri (qaysava, qaysı, alana, basdıq və sair) ilə də tanınıb. Burada meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb.Vaxtilə bu bölgədə 40 növdə üzüm yetişdirilib. XX əsrin əvvəllərində Azərbaycanda yetişdirilən 40-dan artıq ərik növünün çoxu Ordubadın payına düşüb. Burada həm də geniş əraziləri əhatə edən tut bağları olub. Bu ağacın meyvəsindən çərəz kimi istifadə olunur, doşab bişirilir, yarpaqlarından baramaçılıqda istifadə edilirdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da meyvə-tərəvəzçilik sahəsində yeni mərhələnin əsasını qoyub. Bu proqram hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədidir.
Bəs mühüm dövlət proqramının icrası meyvəçilikdə şöhrət qazanmış Ordubad rayonunda necə həyata keçirilir? Ötən dövr ərzində bu pro­qramın icrası istiqamətində Ordubad rayonunda müvafiq dövlət qurumları tərəfindən konkret olaraq hansı işlər görülüb? Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Səyyad Cəfərovla söhbətimiz sözügedən dövlət proqramının yekun ilində rayonda əldə edilən nəticələr barədə oldu. O bildirdi ki, dövlət proqramına uyğun olaraq Ordubad rayonunda tədbirlər planı hazırlanıb, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir çox əməli tədbirlər görülüb. Tədbirlər planına əsasən, yeni bağların salınması üçün rayonun müxtəlif ərazilərinin əkin atlası hazırlanıb. Həmin atlasa uyğun olaraq, rayonun Dəstə kəndi ərazisində bölgənin torpaq-iqlim şəraitinə asan uyğunlaşan meyvə tingçilik təsərrüfatı yaradılıb, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad rayonunun Aşağı Əndəmic kəndində yerləşən dayaq məntəqəsinin meyvə bağında əlavə tinglik salınıb. Sevindirici haldır ki, rayon ictimaiyyəti yeni meyvə bağlarının salınmasında fəal iştirak edir. Belə ki, son illər rayonda iməciliklər yolu ilə yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət 108,5 hektar meyvə bağı salınıb və 140 mindən artıq ting əkilib. Dövlətin maliyyə dəstəyindən yararlanan rayon sakinləri yeni meyvə bağları salıb, istixanalar yaradıblar. Təkcə bir fakta diqqəti çəkmək yerinə düşər ki, 2004-cü ildən 2015-ci ilədək rayonda 137,9 hektar sahədə meyvə bağı salınıb. Yeni salınan meyvə bağlarının 13,4 hektarı keçən ilin payına düşüb. Sabirkənddə Xəlil Fərəcov, Nəsirvazda Nicat Rzayev, Xursda Çimnaz Bayramova, Unusda Hüseyn Mirzəyev və başqaları unudulmaqda olan meyvə sortları ting­lərinin əkilməsinə üstünlük veriblər. Bir məsələni də qeyd edək ki, yeni meyvə bağları salınması üçün 2012-2014-cü illərdə 7 nəfərə, ümumilikdə, 98 min manat güzəştli kredit verilib. Həyata keçirilən tədbirlər bəhrəsiz qalmayıb. Belə ki, ötən il meyvə bağlarından 1583 ton məhsul tədarük olunub. Rayonda yeni meyvə bağlarının salınmasında bağban və aqronomların təcrübəsindən də geniş istifadə olunur. Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad rayon dayaq məntəqəsinin müdiri, aqronom Qüdrət Nəsirovun bu sahədə zəngin təcrübəsi və biliyi var. Onunla dayaq məntəqəsinin Aşağı Əndəmic kəndində yerləşən 3 hektarlıq meyvə bağında görüşdük. Bildirdi ki, burada 134 növ meyvə var. Bağda alma, armud, ərik, gilənar, gilas, gavalı, şaftalı, badam, qoz, fındıq və sair yerli relyefə və iqlimə uyğun meyvələr yetişdirilir. Burada bitki fondu da yaradılıb.
Dövlət proqramına uyğun olaraq, rayonda tərəvəzçiliyin inkişafına da xüsusi diqqət yetirilir. 2014-cü ildə rayonda 672 hektar sahədə tərəvəz bitkiləri əkilib. Hektarın orta məhsuldarlığı 67 sentnerə çatdırılıb. Sahələrdən 4503 ton məhsul tədarük edilib. Bu da əvvəlki ildən 40,8 ton çoxdur. Dövlətimiz tərəfindən tərəvəzçiliklə məşğul olanlara müxtəlif yardımlar və kreditlər verilməsi bu sahəyə marağı daha da artırmaqla adıçəkilən dövlət proqramının uğurlu icrasında başlıca amil olub.
Ümumiyyətlə, Ordubad rayonunda həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, dövlət proqramının uğurlu icrası bölgədə meyvə-tərəvəzçilik sahəsində böyük nailiyyətlər əldə edilməsinə imkan yaradıb, daxili bazarın yerli məhsullarla təminatına, muxtar respublikanın ərzaq təhlükəsizliyinə, əhalinin məşğulluğuna və sosial rifahına və digər sahələrə müsbət təsirini göstərib.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR