Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, iyun ayının 1-dək regionda şum qaldırılmış 22 min 439 hektar sahənin 22 min 15 hektarında əkin aparılıb. Bunun 3 min 180 hektarında taxıl əkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələr diqqət mərkəzində saxlanılaraq 5 min 496 hektar sahədə tərəvəz əkini başa çatdırılıb.
Hər il olduğu kimi, cari ildə də kartof əkininə ciddi önəm verilir. Belə ki, bəhs olunan dövrədək 2861 hektar sahədə kartof əkini aparılıb. Torpaq mülkiyyətçiləri 1761 hektar sahəni dənli-paxlalılar üçün ayırıblar. Bostan məhsulları istehsalı ilə məşğul olan torpaq mülkiyyətçiləri isə 2 min 375 hektar sahədə bostan məhsulları əkiblər. Bundan başqa, 1076 hektar sahədə qarğıdalı, 232 hektar sahədə günəbaxan, 167 hektar sahədə şənbəllə, 4 min 611 hektar sahədə çoxillik ot, 256 hektar sahədə isə birillik ot əkilib. Əkin davam edir.
Xəbərlər şöbəsi