Muxtar respublikamızda kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi, yerli məhsulların qablaşma vəziyyətinin müasirləşdirilməsi, keyfiyyətin yüksəldilməsi, həmin malların xarici bazarlara çıxışı sahəsində ticarət sövdələşmələrinin aparılması, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə 25 iyun 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub.
Müəssisənin fəaliyyətinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində 8 min kvadratmetr torpaq sahəsi və Sahibkarlığa Kömək Fondundan 260 min manat güzəştli kredit ayrılıb.
Ötən dövr ərzində cəmiyyət tərəfindən müəyyən araşdırmalar aparılıb və sınaq məqsədilə bir neçə məhsul üzrə pilot layihələrin icrasına başlanılıb. Bu layihələrdə muxtar respublikada fəaliyyət göstərən kiçik istehsalçıların fəal istehsalat prosesinə cəlb edilməsi məqsədilə sifariş əsasında məhsul istehsalına üstünlük verilib. Bu çərçivədə “Kənd pendiri”, “Çaşır və baldırğan turşusu”, “Quru meyvə” istehsalı üzrə tələblərə cavab verən istehsalçılarla müqavilələr bağlanıb, zəruri avans ödəmələr aparılıb. Bu şəkildə məhsulların istehsalının təşviqi kiçik istehsalçı subyektlər tərəfindən istehsal olunan məhsulların iri marketlərə çıxışına imkan yaradacaq və satış probleminin həllinə ciddi töhfə verəcək. Hazırda muxtar respublikada süd emalı müəssisələri fəaliyyət göstərir. Maliyyə və texniki imkanlarının məhdud olması və digər səbəblərdən bu müəssisələr öz məhsullarını ticarət şəbəkələrinə çıxarmaqda çətinliklərlə üzləşirlər. “Naxçıvan Məhsulları” MMC-nin icrasına başladığı “Kənd pendiri” pilot layihəsi muxtar respublikamızda yerləşən süd emalı müəssisələrinin fasiləsiz fəaliyyət göstərməsinə əlverişli şərait yaradacaq. Sifariş əsasında məhsul istehsal edəcək kiçik istehsalçılar daha çox qazanacaqlar. Təbii ki, həmin müəssisələr gündəlik süd tədarükünü nizama salacaq, bu isə heyvandarlığın inkişafına stimul verəcək. Nəticə etibarilə muxtar respublikada istehsal olunan bu məhsul əvvəlki şöhrətinə yenidən qovuşacaq, onlarla məhsul istehsalçısının ixtisaslaşması üçün münbit zəmin yaranacaq, müəssisələr böyük bazarlara çıxış imkanı əldə edəcəklər. Bu layihələrin digər perspektivli məhsullara şamil edilməsi də planlaşdırılır.
Satışa çıxarılacaq məhsulların müasir tələblərə uyğun qablaşdırılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. “Naxçıvan Məhsulları” MMC ilə Türkiyə Respublikasının “Sezeniş Metal”, “Levent Makina” və “Umar Makina” şirkətləri ilə müqavilələr bağlanılıb, metal taralar, bağlama və kodlama avadanlıqları alınıb gətirilib.
Hazır məhsulların market və ticarət şəbəkələrində müasir ticarət qaydalarına uyğun satışının təşkili üçün onlar barkodlarla təmin edilir, tədarük olunan məhsulların saxlanması və keyfiyyətinə nəzarət məqsədilə laboratoriya analizləri aparılır.
Marketinq tədbirləri çərçivəsində “Naxçıvan Məhsulları” MMC tərəfindən xüsusi tərtibatlı soyuducuların alınaraq iri marketlərdə yerləşdirilməsi, reklam işinin təşkili, avtonəqliyyat vasitələrinin alınması və təcrübəli ekspeditorların cəlb edilməsi nəzərdə tutulub.
Mövsümdə muxtar respublikaya xas məhsulların paytaxt Bakı şəhərinə və respublikanın digər regionlarına davamlı və intensiv göndərilməsi istiqamətində işlərin planlaşdırılması aparılıb, bu sahədə ilkin konsepsiya və strategiya müəyyən olunub. Görülmüş işin nəticəsi olaraq, 1 iyun 2015-ci il tarixdən etibarən muxtar respublikanın kənd yerlərində yetişdirilən (şalax növü) təzə ərik və qurudulan tut məhsullarının tədarükü üçün əhali arasında məlumatlandırma tədbirlərinə başlanılıb. Bu sahədə tədbirlər davam etdirilir.
Yerli məhsulların xarici bazarlara ixracı istiqamətində müxtəlif araşdırmalar aparılmaqdadır. Bu sahədə uğurlu nəticə əldə etmək üçün muxtar respublikadan ixrac oluna biləcək perspektivli məhsullar müəyyən edilir, həmin məhsulların iqtisadi göstəriciləri və məhsuldarlığı araşdırılır. Bu məhsulların seçilməsində rəqabətə davamlılıq, ənənəvi və orijinal xüsusiyyətlərin olması, təbiilik və yüksək keyfiyyət kimi meyarlar “Naxçıvan Məhsulları” MMC tərəfindən diqqət mərkəzində saxlanılır. Cəmiyyət yerli məhsulların təşviqi və ixracı sahəsində xarici tərəf-müqabilləri, market şəbəkələri və logistik şirkətlərlə müxtəlif danışıqlar həyata keçirir, mümkün əməkdaşlıq əlaqələri qurur.
“Naxçıvan Məhsulları” MMC-nin bazarlara çıxaracağı məhsulların üzərində istifadə olunması üçün “Aqronax” və “Pronak” adlı əmtəə nişanlarının eskizləri hazırlanıb. Həmin əmtəə nişanları qeydiyyatdan keçirilib və 10 il müddətinə mühafizəyə götürülüb. “Aqronax”ın daha çox kənd təsərrüfatı məhsullarının qablaşdırılmasında, “Pronak”ın isə (Products of Nakhchivan) gələcəkdə xarici ölkələrə təklif ediləcək məhsulların üzərində istifadə edilməsi nəzərdə tutulur.
Cəmiyyətin fəaliyyətini əks etdirmək, əhalinin, həmçinin iş adamlarının və firmaların müraciət və təkliflərini təmin etmək üçün www.agronax.az və www.pronak.az internet saytlarının qurulması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, “Naxçıvan Məhsulları” MMC-nin “Kənd pendiri” pilot layihəsi çərçivəsində ilkin olaraq 2 kiloqramlıq metal taralarda “Aqronax” əmtəə nişanı ilə istehsal olunan məhsullar Bakı şəhərində və ölkəmizin digər regionlarında alıcılara təqdim olunacaq. Məhsulun qablaşdırılması müasir tələblərə uyğun aparılır, nəfis tərtibatla bəzədilmiş taraların üzərində istehsal tarixi, tərkibi, saxlanma şəraiti və müddəti göstərilir ki, bu da qida məhsulları istehsalında mühüm amildir.
Kərəm Həsənov