22 Dekabr 2024, Bazar

“Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli
Cəmiyyəti bu mövsümdə də məhsulu yüksək qiymətə qəbul edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaradıb, son illər “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib. 

Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 9 bunkerdən ibarətdir ki, burada yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılıb. Həmçinin burada işçilərə normal iş şəraiti yaradılıb, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilib. Müəssisə strateji əhəmiyyət daşıdığından burada ildırımötürücü qurğu və yanğından mühafizə sistemi quraşdırılıb.

Strateji əhəmiyyətli məhsulun tədarük olunub yüksək keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilib, ötən il Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşasına başlanılıb. İnşaat işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və mütəxəssisləri tərəfindən aparılır. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcəkdir. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcəkdir.
Görülən işlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Taxıl Məmulatları Sənaye Kompleksində mövsümə hazırlıqla əlaqədar lazımi tədbirlər həyata keçirilib, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılıb, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılıb, laboratoriyaya baxış keçirilib.
Muxtar respublikada strateji əhəmiyyətli məhsula olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, 2015-ci ilin məhsulu üçün 26 min 746 hektar sahədə buğda, 9 min 491 hektar sahədə arpa olmaqla, ümumilikdə, 36 min 237 hektar sahədə bol məhsul yetişdirilib. Ayrı-ayrı rayonlardan gətirilən sarı kəhrəba “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində laborator analizdən keçirildikdən sonra 60 tonluq rəqəmsal tərəzidə çəkilərək qəbul olunur. Toxumluq və istehsal üçün nəzərdə tutulan taxıl təyinatı üzrə ayrı-ayrı anbarlara təhvil verilir.
Taxılçılıqla məşğul olan sahibkarlardan Xaləddin Zeynalov, Ramiz Şükürov, Zürab Mehdiyev bizimlə söhbətdə qeyd etdilər ki, təsərrüfat suyuna olan tələbat vaxtında ödənilib, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikaları verilib, “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazalarında aqrotexniki xidmət sarıdan köməkliklər göstərilib. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat və hər hektar sahə üçün tələb olunan mineral gübrələr verilib. Taxılın əkilib-becərilməsi ilə yanaşı, məhsulun vaxtında toplanılmasına və münasib qiymətə “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsinə də əlverişli şərait yaradılıb.
Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını ifadə etdilər.

Naxçıvan Muxtar Respublikası üzrə 22 iyun 2015-ci il tarixə taxıl biçininin gedişinə dair operativ məlumat

 Kərəm HƏSƏNOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR