Ölkə iqtisadiyyatının dinamik inkişaf göstəriciləri arasında xarici ticarət dövriyyəsi mühüm yer tutur. Ölkəmizdən mal və xidmətlərin ixracı və lazım olan əmtəələrin idxal edilməsi ilə nəticələnən xarici ticarətdə muxtar respublikamızın da payı az deyildir.
Bəs xarici ticarət sahəsində son vəziyyət necədir? Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin yanvar-aprel ayları ərzində muxtar respublikada xarici ticarət dövriyyəsində dinamika qorunub saxlanılmışdır. Belə ki, həmin müddətdə muxtar respublikada 105 milyon 821 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. Ölkəmizin valyuta ehtiyatlarının artırılması və fəaliyyətdə olan müəssisələrin istehsal etdikləri məhsulların dünya standartları səviyyəsinə çatdırılması baxımından ixracata göstərilən diqqət öz bəhrəsini verməkdədir. Belə ki, bəhs olunan dövrdə muxtar respublikada ixracın həcmində 1,4 faiz artım müşahidə olunaraq, 94 milyon 780 min ABŞ dollarından çox olmuşdur. Naxçıvandan xarici ölkələrə ixrac olunan məhsul və xidmətlər arasında getdikcə hazır məhsullar üstünlük qazanır.
Yerli istehsalın stimullaşdırılması və idxaləvəzləyici məhsul istehsalının artırılması sayəsində bu dövrdə də idxalın həcmində azalma müşahidə edilmiş, onun həcmi 11 milyon 40 min ABŞ dolları səviyyəsində olmuşdur. Ümumilikdə, cari ilin ilk 4 ayında Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş xarici ticarət dövriyyəsində əldə olunmuş 83 milyon 740 min ABŞ dolları həcmində müsbət saldo muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və xarici iqtisadi əlaqələrin genişləndirilməsi işində qazanılmış uğurlardan xəbər verir.
Xəbərlər şöbəsi