“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində işlər davam etdirilir, torpaqların münbitliyinin artırılması, suvarma suyuna olan tələbatın təmin olunması və əkin sahələrinin genişləndirilməsinə diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi tərəfindən may ayında görülən işlər də bu baxımdan mühüm əhəmiyyət kəsb etmiş, mövsümi suvarma işləri tələbata uyğun təşkil olunmuşdur. Ötən ay rayon Suvarma Sistemləri idarələri tərəfindən torpaqların suvarılmasını yaxşılaşdırmaq məqsədilə 11,6 kilometr kanal, 47 kilometr ara arxları, 4,5 kilometr kollektor lildən təmizlənmiş, 15,6 kilometr yeni suvarma xətti çəkilmiş, 1,25 kilometr suvarma xəttində isə təmir işləri aparılmışdır. Vayxır sol sahil kanalının altından tikintisi davam etdirilən mexaniki suvarma şəbəkəsində 31 kilometr suvarma xətti, 4,8 kilometr drenaj xətti çəkilmişdir. Həmçinin əkilən torpaqları, eləcə də yaşayış məntəqələrini daşqın və sel sularından qorumaq məqsədilə 2,3 kilometr ərazidə, o cümlədən Araz çayında 1,2 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır.
Hazırda Şərur rayonunun Babəki, Çəmənli, Ələkli kəndlərində subartezian quyuları qazılır. Püsyan və Tumaslı kəndlərindəki subartezian quyularında təmir-bərpa işləri başa çatdırılmışdır. Arpaçayda yeni subartezian quyusunun istismara verilməsi isə Oğlanqala kəndini içməli su ilə təmin etmiş, kəndə içməli su xətti çəkilmiş və 2 supaylayıcı qoyulmuşdur. Ümumiyyətlə, may ayında muxtar respublikada 63 subartezian quyusu təmir olunmuş, 9 subartezian quyusunda yeni nasos quraşdırılmışdır. Həmçinin bu dövrdə 6 kəhrizdə təmir işləri aparılmışdır.
Muxtar respublikanın melioratorları Naxçıvan şəhərinin və rayonların içməli su təchizatının yaxşılaşdırılması işini də uğurla davam etdirirlər. Ötən ay bu məqsədlə 5,35 kilometr yeni içməli su və 3 kilometr təzyiqli boru xətləri çəkilmiş, 230 metr yeni kaptaj tikilmiş, 4,8 kilometr içməli su xətti və 1,12 kilometr kaptaj xətti təmir olunmuşdur. Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun, eləcə də Culfa və Şahbuz rayonlarında sutəmizləyici qurğuların tikintisi də uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya
və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti