22 Dekabr 2024, Bazar

Müasir texnoloji avadanlıqlarla təmin olunmuş Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində keyfiyyətli mineral su istehsalı üçün əlverişli şərait yaradılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, istehsal həcminin artırılması və yeni istehsal sahəsinin – qazsız su istehsalı sahəsinin yaradılması üçün Sahibkarlığa Kömək Fondundan 2011-ci ilin fevral ayında 700 min manat, aprel ayında isə 350 min manat güzəştli kredit ayrılıb. Bundan sonra bir sıra tədbirlər həyata keçirilib, müəssisədəki 625 kvadratmetr sahəsi olan binada əsaslı təmir və yenidənqurma işləri aparılıb, Türkiyə Respublikasının “Ersey Makina” şirkətindən saatda 11 min ədəd 0,5, 9000 ədəd 1, 8000 ədəd 1,5 litrlik butulkalarda, 5 və 19 litrlik taralarda qazsız su istehsal edən müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. 

Müəssisədə müasir texnoloji avadanlıqlarla təmin olunmuş xüsusi bakterioloji laboratoriya istifadəyə verilib. Ümumilikdə, yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 1 milyon 350 min manat vəsait sərf olunub. Bunun da 300 min manatı daxili imkanlar hesabına ödənilib. Bu istiqamətdə işlər uğurla davam etdirilib, 2014-cü ilin mart ayında “Sirab premium” adında 4 çeşiddə qazlı və qazsız mineral su istehsalına başlanılıb. Qeyd edək ki, “Sirab premium” adı ilə satışa çıxarılan mineral su yüksək keyfiyyəti və qablaşdırma üsulu ilə seçilir.

Müəssisədə məhsulun keyfiyyətinə laborator nəzarət təmin olunub. Burada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bir sözlə, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fəaliyyəti yenidən bərpa olunan müəssisədə istehsal prosesi avtomatlaşdırılaraq standartlara uyğun, ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Bütün bunların müqabilində “Sirab” mineral suyu 2005-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilən beynəlxalq forumun “İş təcrübəsində yüksək keyfiyyətlərə görə” adlı qızıl medalına, 2009-cu ilin oktyabr ayında Ukrayna Respublikasında keçirilən XII beynəlxalq sərgidə qızıl medala, 2010-cu ilin fevral ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən XVII beynəlxalq sərgidə gümüş medala, 2011-ci ildə yenə Moskva şəhərində və Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən beynəlxalq sərgilərdə qızıl medallara layiq görülüb. Həmçinin bu əvəzsiz təbii sərvətimizin Avropa ölkələrində və digər xarici ölkələrdə satışını təmin etmək üçün möhkəm baza yaradılıb. Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000 və İSO-9001 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb.
Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərən kollektiv cari ilin ilk 5 ayında 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,33, 0,5 litrlik şüşə butulkalarda qazlı, 5 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, 3 milyon 311 min 250 ədəd butulka və taralarda mineral su istehsal edib. Bunun 872 min 115 ədədi sifarişə uyğun olaraq muxtar respublika ərazisində, 2 milyon 34 min 936 ədədi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərinə yola salınıb, 404 min 199 ədədi isə Rusiya Federasiyasına, Ukrayna, Belarus, Türkmənistan və Litva respublikalarına göndərilib. Beləliklə, istehsal olunan ümumi məhsulun, təqribən, 26 faizi muxtar respublikada, 61 faizi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində, 13 faizi isə xarici ölkələrdə satışa çıxarılıb. Gələcəkdə digər xarici ölkə­lərdə də “Sirab” suyunun satışa çıxarılması nəzərdə tutulur. “Sirab” mineral suyunun ixrac olunması və bazarda özünəməxsus yer tutması bu əvəzsiz təbii sərvətimizin yüksək keyfiyyəti və müalicəvi əhəmiyyəti ilə bağlı olub, Babək “Sirab” ASC-nin bazar iqtisadiyyatının tələblərinə uyğun yüksəkkeyfiyyətli məhsul istehsal etməklə rəqabətqabiliyyətli müəssisəyə çevrildiyinin göstəricisidir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR