22 Dekabr 2024, Bazar

Yolboyu düşüncələr

Gülün gülü, çiçəyin çiçəyi çağırdığı bu yaz günlərində qədim diyarımız özgə bir büsatdadır. Hara baxırsan, yaşıllıqlar, gülzarlıqlar üzünə gülür, üzlərdəki təbəssüm elə bil, bir qədər də artıb. Və bunları görəndə, gözəlliyin sehrinə düşəndə, ruhun da təzələnir, özün də mənəvi rahatlıq tapırsan. Belə günlərin birində yolumuzu Şahbuz rayonunun Gömür kəndinə saldıq.
Şahbuz şəhərindən həmin yaşayış məntəqəsinəcən olan 15-20 dəqiqəlik yolu necə qət etdiyimizdən xəbərimiz belə olmadı: şəhər yollarından seçilməyən yol, yol kənarlarında gördüyümüz mənzərələr. Ağbulaq kəndi ərazisindəki bulağın yanında avtomobildən düşüb bulağın dişgöynədən suyundan içməyi məsləhət bilən sürücü Zahid usta həm də maraqlı müsahibdir:
– Bu sudan içməyib yanından ötüb-keçmək olmaz. Bu bulağın suyu dərmandır.
Ətrafa baxıram. Ərazidə gözümə sataşan müalicəvi dərman bitkiləri elə bil ki, əl ilə əkilib-becərilib. Hansı bitkiyə rast gəlməzsən burada?
Yola düzəlirik. Bu da Gömür kəndi. Hər il muxtar respublikada ondan çox yaşayış məntəqəsi müasirliyə qovuşur, həmin kəndlərdə yeni infrastruktur, müasir iş şəraiti yaradılır. O da xüsusi vurğulanmalıdır ki, bu sırada ucqar dağ və sərhəd kəndləri öndə gedir. Ordubad rayonunun Nürgüt, Xurs, Ələhi, Tivi, Culfa rayonunun Şurud, Xanəgah, Ləkətağ, Babək rayonunun Nəhəcir, Göynük, Gərməçataq, Aşağı Buzqov, Yuxarı Buzqov, Kəngərli rayonunun Çalxanqala, Şərur rayonunun Axura, Şahbulaq, Şahbuz rayonunun Yuxarı Qışlaq, Keçili, Külüs, Biçənək və başqa yaşayış məntəqələri hərtərəfli dövlət qayğısından bəhrələnərək qəsəbə timsallı kəndlərə çevriliblər.

Bu ünvanlarda məktəb, səhiyyə, mədəniyyət müəssisələri üçün tikilən binalar, inşa olunan kənd və xidmət mərkəzləri, salınmış körpülər və yollar kənd adamlarının mövcud problemlərini aradan qaldıraraq onların məskunlaşmasına, məhsuldar torpaq sahələrindən səmərəli istifadələrinə şərait yaradıb. Aprel ayının 22-də Gömür kəndində istifadəyə verilən yeni obyektlər bu yaşayış məntəqəsini də müasirliyə qovuşdurub. Budur, həmin obyektlərdən biri –

Kənd mərkəzi
Burada nümunəvi iş şəraiti yaradılıb

Gömür kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mansur Orucov yeni bina haqqında məlumat verərək bildirdi ki, kənd mərkəzi 2 mərtəbədən ibarətdir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, mədəniyyət evi və 60 yerlik iclas zalı yerləşir. Binada yaradılan müasir iş şəraiti inzibati idarəetmə sisteminin daha təkmil təşkilinə və sakinlərin sosial problemlərinin vaxtında həllinə imkan verib. Rabitə evində yeni ATS quraşdırılıb, poçt xidməti təşkil olunub. Aparılan quruculuq tədbirləri zamanı kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə kənd mərkəzində 5 mindən artıq fondu olan kitabxana və mədəniyyət evi istifadəyə verilib. Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılıb. Burada ən müasir tibbi avadanlıqlar quraşdırılıb və məntəqə lazımi dərman preparatları ilə təmin edilib.
Binada fəaliyyət göstərən bütün qurumların əməkdaşları yaradılan şəraitdən razılıqlarını bildirdilər, dövlətimizə minnətdarlıq etdilər. Kənd mərkəzinin bir addımlığında yerləşən məktəbə üz tutduq.

Pedaqoji kollektiv sevinc içərisindədir

Dərslər, dərsdənkənar məşğələlər qurtarsa da, pedaqoji kollektiv məktəbdədir. Hiss etmək çətin deyil ki, təhsil ocağının kollektivi hələ də sevinc içərisindədir. Məktəbin müəllimi Zahid Aslanov dedi ki, rayonda aparılan kompleks quruculuq işləri ucqar Gömür kəndini də əhatə edib, insanların sosial problemləri həll olunub. Kəndin xidmət sahələrində çalışan işçilər üçün nümunəvi iş şəraiti yaradılıb. Hələ bir neçə il əvvəl öz yurd yerlərindən didərgin düşərək bura pənah gətirən soydaşlarımız üçün 19 fərdi ev tikilib.
Söhbəti dəyirmi masa arxasında davam etdiririk. Məktəbin direktoru Ramin Nağıyev bu ucqar yaşayış və sərhəd məntəqəsində həyata keçirilən quruculuq tədbirlərini ölkəmizdə kəndlərin inkişafına göstərilən dövlət qayğısının ifadəsi kimi dəyərləndirərək bildirdi ki, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən bu ucqar dağ və sərhəd kəndində yaradılan şərait insanların məskunlaşmasına, onların rahat yaşayışına, kəndlərin kompleks inkişafına, bir sözlə, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir. Bu tədbirlərə bir neçə il əvvəl başlanılıb. Kənd tamamilə qazlaşdırılıb, elektrik enerjisinin fasiləsiz verilişi təmin edilib, müasir rabitə sistemi qurulub, poçt şöbəsi fəaliyyətə başlayıb, kəndə fiber-optik kabel xəttinin çəkilməsi sürətli internetə çıxış imkanları yaradıb. Müasir tələblər səviyyəsində qurulan məktəb binası şagirdlərin yaxşı təhsil almasına imkan verir.
Məktəbin qocaman müəllimi Rəsul Azadəliyev görülən bu işlər üçün dövlətimizə minnətdarlığını bildirdi. Söhbətə Ənvər müəllim də qoşuldu: iki mərtəbədən ibarət olan məktəb binası 110 yerlikdir. Burada 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter, şahmat otaqları, kitabxana, hərbi kabinə, idman zalı istifadəyə verilib və açıq idman qurğuları yaradılıb. Məktəbin kitabxanasında müasir və klassik Azərbaycan ədəbiyyatı nümunələri ilə yanaşı, dünya klassiklərinin əsərləri də var. Ayrı-ayrı fənlərə aid dərsliklər, ensiklopediyalar, bədii ədəbiyyatlar məktəbdə kitabxana işinin günün tələbləri səviyyəsində təşkilinə imkan verib.
Ənvər müəllim onu da vurğuladı ki, məktəbin açılışı günü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tövsiyələr onların əsas fəaliyyət istiqamətidir: “Mövcud şərait gələcəkdə məktəbi bitirən gənclərin yaxşı ali təhsil almasına da imkan verəcəkdir. Hər bir gəncin gələcək həyat yolu məktəbdən başlayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır”. Ona görə də məktəbdə tədris günün tələbləri səviyyəsində qurulmalı, təhsilli gənclər yetişdirilməlidir”.
Müəllimlərin söhbətlərindən öyrəndik ki, ötən il məktəbin 2 məzunu olub, hər ikisi kollektivin etimadını doğruldaraq ali məktəb tələbəsi adını qazanıb. Bu tədris ilində XI sinifdə təhsil alan 5 şagirdin də etimadı doğruldacağına böyük ümid var. Müəllimlər bunu onların test-sınaq imtahanlarında əldə etdikləri nəticələrə əsasən deyirlər.

Xidmət mərkəzinin fəaliyyətindən razılıq edirlər

Məktəbin müəllimləri həmin gün Gömürdə açılışı olan xidmət mərkəzinin fəaliyyətindən də razılıqla danışdılar. Burada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir.
Bildirdilər ki, xidmət mərkəzinin istifadəyə verilməsi sakinlərin öz işlərinə daha çox vaxt ayırmasına şərait yaradıb. Çünki artıq bu mərkəz sayəsində əhalinin zəruri ehtiyaclarını ödəməsi məqsədilə rayon mərkəzinə üz tutmasına ehtiyac yoxdur.

* * *

Kənddə geniş abadlıq işləri aparılması, kənddaxili yola asfalt örtük salınması, yolboyu beton kanal çəkilməsi, bir neçə su keçidinin qoyulması, Ağbulaq kəndindən Gömür kəndinədək və eləcə də kənd daxilində fiber-optik kabel, rabitə, elektrik, qaz və içməli su xəttinin çəkilməsi, damcılı suvarma sistemi qurulması barədə də müəllimlər ürəkdolusu danışdılar. Onlarla kəndin adının etimologiyası, bu qədim yurd yerinin müalicəvi bitkilər məskəni olması, kənddə yaşadılan adət-ənənələr haqqında da ətraflı söhbət etdik. Tədris ocağında gömürlü uşaqlara tarix fənnini öyrədən Əsəd Seyidov bildirdi ki, AMEA-nın müxbir üzvü Adil Bağırovun qənaətinə görə, “Gömür” sözü türk mənşəli addır. Bu ad qədim türk abidələrinin dilində işlənib. Adil Bağırov yazır ki, “Gömür” adının məna açımı ilə bağlı fikir söyləyən mərhum filoloq-alim Tofiq Əhmədovun da qənaəti maraqlıdır. O, V.V.Radlovun belə bir fikrini əsas götürür ki, bu söz “dağ başında dar, yarğanlı, uçurumlu yer” mənasını bildirir. Bu məsələyə münasibətini bildirən filoloq-alim Qara Məşədiyev isə fikrini belə açıqlayır: “kömür//kümür və gömür komponentli toponimlərin əksəriyyəti dağlıq əraziləri və bu ərazilərdə yerləşən bir sıra obyektlərin adını bildirməyə xidmət edir”. Doğrudan da, Gömür kəndi ərazisinin relyef quruluşuna görə dağlıq hissədə, dağ yarğanının üzərində yerləşir, elə buna görə də adın məna açımı tamamilə həqiqətə uyğundur. Ərazidə “Gömür yolu”, “Gömür dağı”, “Gömür mineral suyu” kimi onomastik vahidlərin olması da bunu sübut edir.
Məktəbin biologiya müəllimi Rəşid Ağayev ərazidə yetişən müalicəvi otlardan danışdı:
– Böyrəkotu, kəklikotu, çobanyastığı, baldırğan, səhləb, həmərsin, qazayağı, şomu, quzuqulağı, çiriş... hər biri bir dərdin dərmanıdır. Gömürdə ayağın hansı massivə düşsə, belə otlarla rastlaşa bilərsən. İlin yay fəslində kəndə ölkəmizin digər bölgələrindən çoxlu qonaqlar gəlir. Belə müalicəvi otlarla maraqlanır, onları toplayaraq özləri ilə aparırlar. Bu, muxtar respublikamıza qismət olmuş sərvət, təbii müalicə vasitələridir. Çünki onlardan insanların sağlamlığının qorunmasında istifadə edirlər. Belə təbii müalicə üsulu dünyada qəbul olunmuş vasitələrdən biridir. Şagirdlərimiz həmin otlardan ibarət herbarilər hazırlayırlar.

Gömür xalqımıza məxsus olan adət-ənənələrimizi böyük ehtiramla qoruyub saxlayan yaşayış məntəqələrimizdən biridir. Böyüyə hörmət, ağsaqqal nəsihətinə əməl etmək, digər adət və ənənələr yüz illərdir ki, burada ehkam kimi qəbul edilib. Müəllimlər bugünkü nəslə də bu adət-ənənələrin aşılanmasına ciddi önəm verirlər.
Bəli, Gömür kəndi də artıq Naxçıvanın müasir yaşayış məntəqələrindən biridir. Bu gün muxtar respublikada belə ünvanların sayı getdikcə artır. Bu isə regionda insan amilinə qayğının ifadəsi, sosial-iqtisadi inkişafın bəhrəsidir.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR