22 Dekabr 2024, Bazar

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonu ildən-ilə həcmi artan tikinti-quruculuq tədbirləri hesabına daha da inkişaf edir.
Rayon mərkəzi, ən ucqar dağ və sərhəd kəndləri neçə illərdir, inkişafın yeni mərhələsini yaşayır. Həyatın bütün sahələrini əhatə edən yeniləşmə prosesi Şəruru gözəlliklər məskəninə, füsunkar bir yurd yerinə çevirib. Hər gün bir yeniliyin şahidi olan rayon sakinləri görülən işləri onlara göstərilən hərtərəfli qayğı kimi dəyərləndirir, bu qayğıya əməli işləri ilə cavab verməyə səy göstərirlər. Çünki quruculuq tədbirləri artdıqca insanlar bir vaxtlar xəyallarına belə gətirmədikləri gözəllikləri görürlər.
Son 20 ildə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi çox böyükdür. Ona görə də onları adbaad sadalamaq mümkün deyil. Qısaca olaraq bildirək ki, qeyd olunan dövrdə rayonda 1 şəhər və 32 kənd mərkəzi, kənd yaşayış məntəqələrində 40 məktəb binası, Təhsil Şöbəsi, məktəbdənkənar müəssisələr, uşaq bağçası, texniki peşə və sürücülük məktəbi, rayon Mərkəzi Xəstəxanası, Aralıq kənd sahə xəstəxanası, 33 kənd yaşayış məntəqəsində səhiyyə ocağı, Şərur Rayon Mədəniyyət Evi, Bahar kinoteatrı, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, Şərur Şəhər İncəsənət məktəbi, 2 kənd uşaq musiqi məktəbi, 33 kənd mədəniyyət müəssisəsi, rayon Rabitə İdarəsi üçün yeni binalar tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib.

Belə qayğıdan rayonun digər idarə, müəssisə və təşkilatlarına da pay düşüb. Həmin müəssisələrdə müasir iş şəraiti yaradılıb. Rayondaxili yolların müasirliyinə söz ola bilməz. Cari ildə qurucu­luq tədbirlərinin həcmi bir qədər də artıb. Həm rayon mərkəzində, həm də kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlərin tikintisi sürətlə davam etdirilir.
Belə ki, hazırda Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin binasının yenidən qurulmasına hazırlıq görülür, yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün nəzərdə tutulmuş bina və yataqxana yenidən qurulur.
Kürçülü kəndi də quruculuq işlərinə start verilmiş yaşayış məntəqələrindən biridir. Hazır­da kənddə 3 obyektdə sürətli iş ahəngi hakimdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin bir qrup inşaatçısı kənddə 216 şagird yerlik məktəb binasının yenidən qurulması ilə məşğuldur. Tikintinin sahə rəisi Mirabdulla Seyidov söhbət zamanı bildirdi ki, yenidən qurulan məktəb binası 2 mərtəbədən ibarətdir.
İnşaatçılara hərtərəfli şərait yaradıldığından razılıqla danışan M.Seyidov onu da vurğuladı ki, obyektdə keyfiyyət amili diqqət mərkəzində saxlanılır. İnşaatçıların təhlükəsizliyinə ciddi nəzarət olunur.
Adıçəkilən təşkilatın bir qrup inşaatçısı isə kənd mərkəzinin tikintisində çalışır. Kürçülü sakinlərinə yeni qayğının ifadəsi olan bu obyekt də 2 mərtəbədən ibarət olacaq. Obyektin birinci mərtəbəsində poçt, ATS, kitabxana, polis və baytarlıq məntəqələri üçün otaqlar ayrılacaq. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, klubun əməkdaşları ikinci mərtəbədə fəaliyyətlərini davam etdirəcəklər. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də bu mərtəbədə otaqlar ayrılacaq.
Rayonun Axaməd kəndində də kompleks quruculuq işləri aparılır. Burada tikilən 192 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarət olacaq. Məktəb binasında müəllim və şagirdlərin ixtiyarına laboratoriyalar, 12 sinif otağı, idman zalı və idman müəllimləri üçün otaqlar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər veriləcək. Tədrisin səviyyəsini yüksəltmək üçün məktəb binası müasir tədris avadanlıqları ilə təmin olunacaq.
Müasir iş şəraiti yaradılacaq 2 mərtəbəli kənd mərkəzi axamədlilərin mövcud problemlərinin həllində mühüm rol oynayacaq. Bərbərxananın, gözəllik salonunun, ərzaq və təsərrüfat malları mağazalarının, həmçinin ət satışı dükanının fəaliyyət göstərəcəyi xidmət mərkəzi də kənd sakinlərinə dövlət qayğısının ifadəsidir. Bunu kənd sakinlərinin dilindən də eşitdik. Kənd tam orta məktəbinin müəllimi Kamil Aşurov bildirdi ki, bu gün muxtar respublikada çox geniş vüsət alan quruculuq tədbirləri həm sosial-iqtisadi inkişafımızın, həm də insanlara göstərilən qayğının ifadəsidir. Kəndimizdə kompleks quruculuq tədbirlərinə başlanılması hamımızı ürəkdən sevindirir. Həyata keçirilən belə genişmiqyaslı quruculuq işləri insanlara göstərilən qayğının bariz nümunəsidir. Buna görə bütün kənd sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.
Üz tuturuq daha bir quruculuq ünvanına. Bu, qədim yurd yerimiz Oğlanqala kəndidir. Bu yaşayış məntəqəsinin də müasir Azərbaycan kəndinə çevrilməsinə az qalıb. “Artay” LTD Tikinti Şirkəti inşaatçılarının əzmkar­lığı bu qənaətə gəlməyə əsas verir. Şirkətin bir qrup inşaatçısı buradakı köhnə mədəniyyət evi binasının yenidən qurulmasını həyata keçirir. Yenidən qurulan bina 2 korpusdan ibarət olacaq. Birinci korpusda kənd mərkəzi, ikinci korpusda həkim ambu­latoriyası yerləşəcək. Yaxın günlərdə isə kənddə xidmət mərkəzinin inşasına start veriləcək. “Artay”ın bir qrup inşaatçısı isə Yuxarı Yaycı kəndində kənd və xidmət mərkəzlərinin inşasını aparır.
Onu da qeyd edək ki, quruculuq işləri aparılan yaşayış məntəqələrində digər inşaat tədbirlərinin görülməsi də nəzərdə tutulub. Tikintisi aparılan obyektlərin ərazilərinin abadlaşdırılması, gülkarlıqların salınması, kommunikasiya xətlərinin yenilənməsi, kənddaxili yollara asfalt döşənməsi həmin yaşayış məntəqələrində mövcud olan bütün çətinlikləri aradan qaldıracaq. Həyata keçirilən tədbirlər bir məqsədə xidmət edir: rayon sakinlərinin yaşayış səviyyəsi yaxşılaşdırılsın, insanlar layiq olduğu səviyyədə yaşasın. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR