Bu il may ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə əlaqədar keçirilən müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
May ayının 19-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin təşkilatçılığı ilə “Araz” Elm-İstehsalat Birliyinin təsərrüfat sahəsində seminar keçirilib. Seminarın keçirilməsində məqsəd qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün birgə fəaliyyətin təşkili və bu məqsədlə elmi-praktik müzakirələrin aparılmasıdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Qadir Quliyev çıxış edərək yaşıllıqların, damcılı və çiləmə suvarma sisteminin, beton su kanallarının çəkilməsinin şoranlaşma və eroziya kimi ekoloji problemlərin aradan qaldırılması və torpaqların münbitliyinin qorunmasındakı əhəmiyyətindən danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Əsgər Həsənov torpaqların münbitliyinin artırılması sahəsində, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mütəxəssisi Səttar Nəsirov mütərəqqi suvarma metodlarının tətbiq edilməsi, su kanallarının, arxların təmizlənməsi və su itkisinin qarşısının alınması, şoranlaşmaya qarşı meliorativ və hidrotexniki tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlərdən danışıblar.