Şərur muxtar respublikamızın məhsuldar və geniş torpaqları olan bölgəsidir. Min illər boyu babalarımız bu ərazidə taxıl, pambıq, üzüm kimi qiymətli bitkilər becərib, hər cür nemət yetirən bağ-bağatlar salıblar. Bu rayon ötən onilliklərdə respublikamızın qabaqcıl kənd təsərrüfatı bölgələrindən biri olub, xüsusən taxılçılıq, üzümçülük rayonu kimi tanınıb. Dağ havası ilə aran Günəşinin, Arazla Arpaçayın qovuşduğu bu yerdə insan nəyə desən, qadirdir. Bunu hər il qazanılan uğurlar da sübut edir. Şərur aran və dağlıq zonadan ibarətdir. Buranın özünəməxsus iqlimi var: qışı soyuq, yayı isə, necə deyərlər, qorabişirən.
Artıq Şərur kəndlisi ötən ilin sonlarının, bu ilin əvvəllərinin quraqlığını unutmaq üzrədir. Mart ayının ikinci yarısından havaların yağışlı keçməsi torpağa əsl məlhəm olub. Düdəngəli fermer Aqil Məmmədovun təbirincə desək, kəndlinin əkdiyindən, səpdiyindən əvvəl gördüyü işə qəlbində inam, ümid göyərməlidir. Yoxsa torpaqdan gözlədiyini ala bilməz. Torpaq adamı deyir ki, yağış da, qar da vaxtında və qədərində yağsa, əsən külək qasırğaya dönməsə, zəhmətkeş insan üçün əkib-becərməyə, xeyir-bərəkət götürməyə nə var ki... Hər şey öz ölçüsündə olanda torpağın məhsulu, xeyir-bərəkəti də artır.
Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamal Ələkbərov söhbət zamanı bildirdi ki, dövlətin göstərdiyi qayğının müqabilində uğurlu nəticələr qazana bilmişik. Ancaq nailiyyətlərimiz daha yüksək olmalıdır. Obyektiv səbəblər öz yerində, lakin qeyd etmək lazımdır ki, hərdən məhsuldarlığın aşağı olmasını öz yaxasını kənara çəkmək üçün “əlverişsiz hava şəraiti”nin ayağına yazmağa cəhd edən bəzi kənd adamları da vardır. Torpaqsa heç bir bəhanəni, laqeydliyi sevmir, qəlbini ona verənlərdən xeyir və bərəkətini əsirgəmir.
Böyük iqtisadi potensiala malik olan bölgədə 81 min 114 hektar ümumi torpaq fondunun 16 min 813 hektarı əkinəyararlıdır. Bu torpaqlardan səmərəli istifadə olunması üçün mühüm tədbirlər həyata keçirilir. O da fərəhlidir ki, son illər istər əkinçilik, istərsə də heyvandarlıq məhsulları istehsalında yüksək artım qeydə alınır. Rayonun əməkçiləri muxtar respublikada ərzaq bolluğu yaradılmasına hər il sanballı töhfələr verirlər.
Dövlət qayğısının nəticəsidir ki, keçən il rayonun 1231 nəfər torpaq mülkiyyətçisinə buğda istehsalının stimullaşdırılması məqsədilə 297 min 160 manat yardım verilib, 1486 ton pulsuz mineral gübrə paylanılıb. “ Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur bazası tərəfindən torpaq mülkiyyətçilərinə 50 min 685 manatlıq xidmət göstərilib, rayonun fiziki və hüquqi şəxslərinə lizinq yolu ilə 57 ədəd texnika və texnoloji avadanlıq satılıb. Həyata keçirilən tədbirlər öz bəhrəsini verib, 2014-cü ilin məhsulu üçün 17 min 112 hektar sahədə əkin keçirilib.
Rayonda əkinçiliyin aparıcı sahələrindən birini taxılçılıq təşkil edir. 2014-cü ildə bölgədə 9 min 184,1 hektar zəminin taxılı biçilib, 28 min 249 ton məhsul istehsal edilib ki, bu da hər hektar üzrə 30,8 sentner “sarı kəhrəba” deməkdir.
Ötən ilin payızında bu ilin məhsulu üçün 7429 hektar sahəyə payızlıq taxıl toxumu səpilib. Bunun 7315 hektarını buğda, 114 hektarını isə arpa təşkil edir. Yaxşı cücərti alınıb, əkinlərə qışda azot gübrəsi səpilib və hazırda taxıl sahələrində yaz-becərmə işləri aparılır. Yeri gəlmişkən deyək ki, taxıl rayonda təkcə pay torpaqlarında deyil, həm də bələdiyyə və dövlət ehtiyat fondu torpaqlarında əkilir.
Əsas qida məhsullarından olan kartofun məhsuldarlığının artırılması da vacib məsələdir. 2014-cü ildə rayonda kartofçuluq sahəsində də yüksək nəticələr əldə olunub.
Şərurda elə kəndlər var ki, ildə iki dəfə kartof yetişdirilir. Buna misal kimi Ələkli, Xanlıqlar, İbadulla, Qışlaqabbas və digər kəndləri göstərmək olar. Ötən il rayonda 752 hektara kartof əkilib, 10 min 2 ton məhsul götürülüb, hektarın orta məhsuldarlığı 133 sentnerə çatdırılıb. Cari ilin məhsulu üçün də kartof əkiləcək sahələr payızda şumlanıb, şum altına kifayət qədər üzvi və mineral gübrələr verilib. Lazımi qədər keyfiyyətli toxum da tədarük olunub. Artıq bir neçə gündür ki, kartof əkininə başlanıb.
Şərurda torpaq adamları müxtəlif növ bostan-tərəvəz məhsullarının yetişdirilməsində zəngin təcrübəyə malikdirlər. 2014-cü ildə 471 hektardan 5266 ton bostan, 1569 hektardan 19 min 597 ton tərəvəz məhsulları tədarük olunub.
Rayon bağbanlarının da göstəriciləri ürəkaçandır. Onlar keçən il bağlardan 16 min 218 ton meyvə, 1318 ton üzüm dərərək satışa çıxarıb və emal müəssisələrinə göndəriblər. Keçən il təkcə əkinçilikdən 77 milyon 237,8 min manat gəlir götürülüb.
Şərurun kənd əməkçilərində əkinçiliklə yanaşı, heyvandarlığa da böyük maraq var. Muxtar respublikada heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsində bu bölgə xüsusi rol oynayır. Rayonda heyvandarlıq indi ən gəlirli sahə hesab olunur. Çəkilən zəhmətin qarşılığında əldə edilən yüksək qazanc isə kəndlinin yaxşı yaşamasını stimullaşdırır. İndi rayonun fərdi və fermer təsərrüfatlarında 34 min 140 baş qaramal, 119 min 845 baş davar, o cümlədən 33 dəvəquşu, 22 dəvə, 344 təsərrüfatda 8 min 952 arı ailəsi vardır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahənin dinamik və intensiv inkişafına əhəmiyyətli təsir göstərir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında mütərəqqi texnologiya olan süni mayalanma işinin səmərəli təşkili də böyük əhəmiyyət kəsb edir. İndi rayonun təsərrüfatlarında 3 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Keçən il 2 min 256 baş mal-qara süni yolla mayalandırılaraq onlardan 2 min 287 baş sağlam buzov alınıb. Bu, 2013-cü ildəkindən 616 baş çoxdur.
Zeyvə kəndində illik istehsal gücü 750 ton quş əti və 9 milyon yumurta olan quşçuluq təsərrüfatı fəaliyyət göstərir. Müəssisədə ayrıca kəsim sexi, ümumi tutumu 113 ton olan 3 soyuducu anbar vardır. Ötən il müəssisə tərəfindən 33 ton quş əti, 3 milyon 350 min ədəd yumurta istehsal olunub.
... Yaz fəsli ana təbiətə yenidən sığal çəkir. Ərik, alça ağacları ağ tülə bürünür, çöl-bayır güllərin, çiçəklərin dili ilə danışır. Hamı elliklə həyət-bacada, pay torpağında iş üstündədir. Axı sabahkı bol məhsulun əsası ilkin yaz günlərindən qoyulur.
Bəli, Şərurda artıq yaz-tarla işlərinə start verilib. Qış yuxusundan oyanan ana torpaq əmək adamlarının isti nəfəsi, hərarətli əlləri ilə cana gəlir. Traktorların gurultusu bərəkətli çöllərin lal sükutunu uzaqlara qovur, mal-qara sürüləri örüşlərə, otlaqlara çıxarılır, yaylaq mövsümünə hazırlıq işləri görülür. Hamı çalışır ki, hər iş vaxtında görülsün.
Cəfər ƏLİYEV