Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə sabitliyinin qorunmasına, iqtisadi artımın stimullaşdırılmasına, əhalinin kredit resurslarından istifadə imkanlarının genişlənməsinə xidmət edir.
Bu mənada nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq, maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi, infrastrukturun inkişafı və təkmilləşdirilməsi, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması, geniş təbliğat-təşviqat işlərinin aparılması istiqamətindəki fəaliyyət uğurla həyata keçirilir. Bütün bunların nəticəsidir ki, tədbirlər planının son ilində proqramın icrasının istər iqtisadi, istərsə də sosial sferada müsbət nəticələndiyini aydın şəkildə görmək mümkündür.
Geridə qoyduğumuz 2 il ərzində nağdsız ödənişlərin həcmində müşahidə olunan dinamik artım tədbirlər planının uğurla həyata keçirildiyinin əsas göstəricilərindəndir. Layihənin ilk dövrlərində əsas istiqamət olaraq götürülən infrastrukturun genişləndirilməsi – muxtar respublikanın ən ucqar kəndlərindən rayon mərkəzlərinə, iri ticarət mərkəzlərindən kiçik sahibkarlıq subyektlərinə qədər real sektorun bütün sahələrində genişləndirilən POS-terminal şəbəkəsinin qurulması uğurla icra olundu.
Muxtar respublika üzrə bir POS-terminala düşən əhali sayı 2013-cü ildə 1587 nəfər idisə, 2015-ci ilin I rübündə 422 nəfər olmuşdur. Eyni dövrdə bu göstərici respublika üzrə 99,2 faizlik bir artım deməkdir. Sözügedən dövrdə hər yüz nəfərə düşən ödəniş kartı 46 ədəd kartdan 53 ədəd karta yüksəlməklə, 15,2 faizlik bir artımla nəticələnmişdir. Bu göstərici də respublika üzrə müşahidə olunan 4,1 faizlik ümumi artımı üstələmişdir. POS-terminal və ödəniş kartları əlaqələrində isə hər bir POS-terminala düşən kart sayı azaldılaraq yarana biləcək çatışmazlıqlar və yüklənmələrin qarşısı alınmışdır. 2013-cü ildə bir POS-terminala düşən ödəniş kartının sayı 738 ədəd təşkil edirdisə, bu rəqəm 222-yə qədər azaldılmışdır.
İlk mərhələnin yüksək nailiyyətlərlə başa vurulması layihənin ikinci və əsas mərhələsi olan maarifləndirilmə prosesinə keçid üçün zəmin yaratmışdır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları tərəfindən bankın inzibati binasında muxtar respublikada fəaliyyət göstərən bankların aidiyyəti sahə üzrə əməkdaşları, ümumtəhsil məktəblərində şagird və müəllim kollektivi, universitetlərdə tələbələr və muxtar respublikada fəaliyyət göstərən bir sıra iri və orta sahibkarlar üçün təşkil olunan müzakirə və maarifləndirici əsaslı treninqlərdə bu sahənin faydalarından, mikro və makrosferada iqtisadi yararlarından bəhs olunması əhalinin geniş kütləsinin nağdsız ödənişlər sahəsində olan məlumatının və marağının artmasını təmin etmişdir.
Bu tədbirlərlə paralel olaraq muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən nağdsız aparılan əməliyyatlara təyin olunan güzəştlər və POS-terminallar üçün nəzərdə tutulan bəzi xidməthaqlarından azadetmələr istər əhali, istərsə də sahibkarlar üçün stimul olmuş və nağdsız ödənişlərə üstünlük verilməsi ilə nəticələnmişdir.
Vergidənyayınmalar və qanunsuz pul dövriyyəsinə nəzarət mexanizmi kifayət qədər şəffaf olan elektron ödənişlər Vergilər Nazirliyinin də bu sahənin inkişafına maraq göstərməsinə səbəb olur. Təkcə 2014-cü il ərzində Vergilər Nazirliyi tərəfindən “Nağdsız ödə, hədiyyə qazan” stimullaşdırıcı tədbiri çərçivəsində iyul (76 nəfər) və dekabr (147 nəfər) aylarında nağdsız ödənişlərdə fərqlənən 223 nəfər muxtar respublika sakini müxtəlif növ hədiyyələrlə mükafatlandırılmışdır. Hədiyyə alanlar təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmamış, muxtar respublikanın rayon və kəndlərinin də sakinləri hədiyyələr almışlar.
Mükafatlandırılanların ixtisas və yaş qrupunun fərqlənməsi 2 il əvvəl çox kiçik bir qisim tərəfindən bilinən nağdsız ödəniş alətlərindən artıq hər yaşda və müxtəlif ixtisas sahələrində çalışan şəxslər tərəfindən istifadə olunduğunun açıq-aşkar sübutudur. Mükafat verilənlər arasında təqaüdçülərin də olması əmək fəaliyyətini başa vurmuş əhalidə də bu istiqamətdə artıq kifayət qədər biliyin olduğunu göstərir.
İntensiv şəkildə aparılan infrastrukturun genişləndirilməsi işləri, əhalinin müxtəlif təbəqələrinə yönləndirilmiş maarifləndirmə tədbirləri, banklar və digər dövlət qurumları tərəfindən həyata keçirilən həvəsləndirici tədbirlər cəmiyyətə pozitiv təsir göstərmiş və nağdsız şəkildə ödənişlərdə əhalinin istər POS-terminal və bankomatlar, istərsə də elektron ödəniş formalarından – internet və digər ödəniş vasitələrindən təhlükəsiz və rahat şəkildə istifadə etməsinə nail olunmuşdur.
Məhz bütün görülmüş işlərin nəticəsidir ki, 2013-cü ildə bir POS-terminal üzrə aparılan nağdsız əməliyyatların həcmi 580 manatdan 2015-ci ildə 95 faiz artaraq 1130 manata qədər yüksəlmişdir. 2013-cü ildə bu göstərici üzrə ən yüksək rəqəmlərə əsasən, Naxçıvan şəhərində (bir POS-terminala 727 manat) rast gəlinirdi. Muxtar respublikanın bəzi rayonlarında 116 manat (Babək rayonu), 135 manat (Şahbuz rayonu), 189 manat (Kəngərli rayonu) həcmində nağdsız ödənişlər aparılmışdısa, 2015-ci ildən başlayaraq heç bir rayonda 1100 manatdan aşağı məbləğ müşahidə edilmir. Ən yüksək göstəriciyə isə Şahbuz (2685 manat), Sədərək (2093 manat) və Babək (1897 manat) rayonlarında rast gəlinmişdir.
Müqayisəsi aparılan dövrdə bir POS-terminala düşən ödəniş kartı sayında da azaldılmaya nail olunmuşdur. Əgər 2013-cü ildə bir POS-terminalla orta rəqəmlə 738 ədəd kartın əməliyyat aparılması nisbəti var idisə, hal-hazırda bu nisbət 3,3 dəfəyə qədər azaldılmışdır. Hər bir POS-terminala düşən kart sayı 222 ədəd təşkil etmişdir.
Nağdsız hesablaşmalar sahəsində mühüm göstəricilərdən sayılan bir kart üzrə aparılan nağdsız ödəniş məbləğində də yüksək artım faizi müşahidə edilmiş, sözügedən dövr ərzində 344 faizlik bir artıma nail olunmuşdur. Bu göstərici üzrə də istər respublikamız (Azərbaycan Mərkəzi Bankının 2013-2014-cü il göstəricilərinə əsasən, 16,6 faiz), istərsə də MDB ölkələri ilə müqayisədə (Rusiya Federasiyasının Mərkəzi Bankının cari vəziyyətdə təqdim etdiyi ən son statistik göstəricilərə əsasən, bir il müddət ərzində 51 faiz, Ukrayna Milli Bankının cari vəziyyətdə təqdim etdiyi ən son statistik göstəricilərə əsasən, bir il müddət ərzində 49 faiz) ən yüksək nəticə məhz muxtar respublikamızda əldə edilmişdir.
Tədbirlər planı həyata keçirildiyi gündən başlayaraq ümumi nağdsız ödəniş həcmi artım tempini daim qorumuş, real sektorun bütün sahələrində intensiv şəkildə yayılmışdır. Muxtar respublikamızda 2014-cü ilin yanvar ayından bu günə 471 faizlik artım göstərmiş bu sahə respublika üzrə əldə olunan artımı üstələmiş və hətta nağdsız ödənişlər sahəsində öndə gedən digər MDB ölkələrini də (Rusiya 56,5 faiz, Ukrayna 60,4 faiz) geridə qoymuşdur.
Baxmayaraq ki, nağdsız hesablaşmalar sahəsində nail olduğumuz vəziyyət kifayət qədər qənaətbəxş deyil, lakin qısa dövr ərzində qət etdiyimiz yolu və düzgün yeridilmiş iqtisadi siyasət sayəsində əldə etdiyimiz yüksək statistik göstəriciləri nəzərə alsaq, tezliklə lazımi səviyyəyə çatacağımızı əminliklə deyə bilərik. Bunu da qeyd etmək lazımdır ki, dünyada inkişaf etmiş ölkələr bu istiqamətə bizdən daha tez yönəlmiş, proseslər uzunmüddətli bir dövrü əhatə etmişdir.
2014-cü ilin ilk üç ayı ərzində nail olunmuş nəticəni 2015-ci ilin müvafiq dövrü ilə müqayisə edərkən cari ilin rəqəmlərinin daha yüksək olduğu, prosesin durğunlaşmadan, intensiv şəkildə davam etdiyi və artıq əhalidə də vərdiş halını alaraq həyat tərzinə çevrildiyi müşahidə olunmaqdadır.
Təbii ki, bu sahədə görüləcək işlər çoxdur. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və bu sahəyə maraqlı digər dövlət qurumları daim müştərək çalışaraq ehtiyac olan sahələrdə istər infrastruktur, istərsə də məlumatlandırma işlərini davam etdirir, nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsini təmin edirlər.
Tural ŞİRƏLİZADƏ
Mərkəzi Bankın Naxçıvan Muxtar
Respublikası İdarəsinin aparıcı mütəxəssisi