22 Dekabr 2024, Bazar

Muxtar respublikada nəqliyyat infrastrukturu müasir şəhərsalma prinsiplərinə uyğun inkişaf etdirilir, sakinlərin rahatlığına xidmət edən ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi bu istiqamətdə işləri hər ötən ay daha da genişləndirir, xidmətin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır.
Bu gün muxtar respublikada daxili sərnişindaşıma xidmətinin səviyyəsi tələbatı tam ödəyir. Hazır­da fəaliyyətdə olan 123 mar­şrut xətti üzrə hərəkət edən 297 avtobus rayon mərkəzləri və kənd­lərin hamısını əhatə edir. Ötən ay sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılmışdır. Nazirlik tərəfindən Ordubad rayonunun ucqar dağ kəndləri olan Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə yeni marşrut açılması məqsədilə müvafiq tədbirlər görülmüş, ümumilikdə, muxtar respublikada 482 taksinin xidmətindən istifadə olunmuşdur.
Muxtar respublikanın müasir yol-nəqliyyat infrastrukturu daxili daşımalarla yanaşı, beynəlxalq əhəmiyyətli nəqliyyat hərəkətlərinin də inkişafına imkan verir. Muxtar respublika əhalisi üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə avtobus marşrutlarının davamlı fəaliyyəti təmin edilmişdir. Ötən ay baş tutmuş 69 reys vasitəsilə Naxçıvandan Bakıya 2 min 746, əks istiqamət üzrə isə 1930 sərnişin daşınmışdır. Beynəlxalq əməkdaşlığın inkişafı ilə əlaqədar görülən işlərin davamı olaraq, Naxçıvan-Urmiya-Naxçıvan marşrutunun fəaliyyətə başlaması üçün İran İslam Respublikasının “Həmsəfəri Tondrou” şirkətinin nümayəndələri Naxçıvana dəvət edilmiş, qarşılıqlı razılaşma əldə olunaraq müqavilə imzalanmışdır.

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası ilə əlaqədar şəhərdaxili nəqliyyatda sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir. Bu məqsədlə yeni avtobusların gətirilməsi nəzərdə tutulur və bunun üçün müvafiq hazırlıqlar görülür. Nazirlik tərəfindən şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək üçün Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin fəaliyyəti daim nəzarətdə saxlanılır. Hesabat dövründə təhlükəsiz və rahat idarə olunması üçün avtobuslara gündəlik texniki baxış keçirilmiş, nasaz hissələri təmir olunmuş və ya yenisi ilə əvəz edilmişdir.
Qanunvericiliyə uyğun olaraq, avtomobillərin qeydiyyata alınması və qanunsuz sahibkarlıqla məşğulolma hallarının qarşısının alınması da daim diqqətdə saxlanılır. Belə ki, fevral ayında 26 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 35 avtonəqliyyat vasitəsinə lisenziya kartları verilmiş və avtonəqliyyat vasitəsi sahiblərinin “Fərqlənmə nişanı” alması təmin edilmişdir. Həmçinin ötən ay sərnişindaşıma ilə məşğul olan avtobusların təmizliyinə və hərəkət qrafikinə, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların işinin daha səmərəli qurulmasına nəzarət gücləndirilmişdir.
Nazirliyin reyd komissiyası ay ərzində Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə reydləri davam etdirmiş, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələri müəyyən olunmuş və əlaqədar tədbirlər görülməsi üçün müvafiq təşkilatlara məlumat göndərilmişdir. Avtomobil yolları ilə ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkət etməsinə nəzarət və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydalarına uyğun olaraq işlər fevral ayında da davam etdirilmişdir. Bu məqsədlə yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmiş, sürücülərə yükdaşımalar zamanı təhlükəsizlik tədbirləri barədə məlumatlar verilmiş və tələblərə cavab verən 156 nəqliyyat vasitəsinə “İcazə blankı” verilmişdir.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR