Qədim Naxçıvanın torpaq-iqlim şəraiti tarixən buraya yolu düşən səyyahların, turistlərin, coğrafiyaşünasların diqqətini cəlb etmiş, onlar diyarımızda belə şəraitin yaratdığı imkanlardan istifadə olunaraq yüksəkkeyfiyyətli ərzaq məhsulları – tərəvəz növləri, meyvə və giləmeyvələr yetişdirildiyini görmüş, bunu yüksək qiymətləndirmişlər. Şahtaxtı tutma qovunu, Nehrəm qarpızı, Ordubad limonu və əriyi, Şahbuz alması, Culfa üzümü kimi nemətlərin dünya bazarlarına və sərgilərə çıxarılması, yüksək mükafatlara, diplomlara layiq görülməsi diyarımızın şöhrətini uzaq-uzaq məmləkətlərə yaymışdır. Belə məhsullar içərisində süfrələrimizdə özünəməxsus yeri olan üzüm məhsulları da xüsusi qeyd edilməlidir.
Son illərdə bu sahədə də daha böyük nailiyyətlərə imza atılması regionda aqrar sektorun inkişafına dövlət qayğısının ifadəsi, insanların ərzaq məhsulları ilə etibarlı təminatının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin bəhrələridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda üzümçülüyün inkişaf etdirilməsinin vacibliyi də önə çəkilmişdir.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının müdiri Varis Quliyev deyir ki, hələ b.e. 3000 il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğulluq sahələrindən biri də üzümçülük olmuşdur. Ona görə də uzun illərdən bəri xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən nəslə ötürülmüşdür. İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə süfrə üzümçülüyü ilə yanaşı, üzümdən, əsasən, şərab məhsullarının hazırlanmasına daha çox diqqət yetirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil etmişdir. Lakin İslam dininin qəbul edilməsi ilə əlaqədar olaraq, şərab məhsulları istehsalı qadağan olunduğuna görə üzüm bağlarında daha çox süfrə sortlarının becərilməsinə başlanılmışdır. O dövrdə üzüm məhsulundan müxtəlif spirtsiz məhsulların, həmçinin qurudulmuş kişmiş və mövüc hazırlanmasında istifadə olunmuşdur, hətta belə məhsullar Yaxın Şərq ölkələrinə ixrac edilmişdir. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə göstərir ki, bu diyarın yerli əhalisi çox qədimdən üzüm bitkisini necə sevmiş və qiymətləndirmişdir.
Ötən əsrin 70-ci illərindən etibarən ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində respublikamızda üzümçülüyün yeni müstəvidə inkişafı təmin olunmuşdur. Ümummilli liderin 1969-cu ildə ölkəmizə rəhbərliyə başladığı zaman Azərbaycanda üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Ümumiyyətlə, ötən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi tədbirlər sayəsində emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü kadr potensialı yaradılmış, üzümçülükdə xeyli uğurlar qazanılmışdır. Lakin keçmiş ittifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurmuşdur. Bu qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edilmiş və uzun illər böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdılmışdır. Digər tərəfdən, 90-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, hərc-mərclik bu sahənin inkişafına öz mənfi təsirini göstərmiş, istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlərin pozulmasına və nəticədə, bir sıra üzümçülük-şərabçılıq müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Bu tendensiya qədim üzümçülük ənənələri olan Naxçıvandan da yan keçməmişdir.
Yalnız ölkəmiz müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün inkişafına ciddi önəm verilmiş və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 15 dekabr tarixli Sərəncamında üzümçülüyün əsas istiqamətləri, müasir vəziyyəti, inkişafının məqsəd və vəzifələri, maliyyə mənbələri və gözlənilən nəticələr müəyyənləşdirilmişdir. Üzümçülüyün yenidən inkişaf etdirilməsi Naxçıvan Muxtar Respublikasının da büdcəsinə külli miqdarda maddi gəlir vermək və üzümün becərilməsi ilə məşğul olan kənd əhalisinin maddi rifah halının yüksəldilməsində mühüm rol oynamaq baxımından böyük əhəmiyyət daşıyır.
Muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər tarixən burada formalaşdırılmış üzümçülük ənənələri, yetişdirilən yerli üzüm sortları haqqında danışan Varis Quliyev onu da vurğuladı ki, tarixi mənbələrdə qeyd edildiyi kimi, regionda tez, orta və gecyetişən, xoşagəlimli əmtəə görünüşlü, gilələrinin müxtəlif rəngləri olan ağ, qırmızı, sarı, qara, qəhvəyi kişmişilər, əsgəri, xəlili, kürdəşi, həmçinin Naxçıvan hüseynisi, bəndi, bənənyari, miskalı, haçabaş, ağ tayfı, ağ aldərə, hənəqırna, Naxçıvan şanısı, Naxçıvan qara üzümü, sahibi, xan üzümü və sair aborigen üzüm sortları ulu babalarımızın bizə miras qoyub getdikləri ən gözəl seleksiya nümunələridir. Bu üzümlərdən müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Onlardan kişmiş, mövüc, sirkə, bəhməz və sair hazırlanmasında istifadə edilirdi. Vaxtilə Naxçıvanda becərilən çoxlu sayda üzüm sortları buraya gələn və buradan keçən səyyahların, tacirlərin diqqətini cəlb etdiyindən sortların bir qismi qonşu bölgələrə, dünyanın bir sıra ölkələrinə yayılmış və müvafiq ad və sinonimlərlə adlandırılmışdır.
1995-ci ildən başlayaraq regionda aborigen üzüm sortlarının kompleks şəkildə tədqiq olunması, qədim üzümçülük ənənələrinin bərpa edilməsi, üzümçülüklə məşğul olan adamların yüksəkkeyfiyyətli, immunitetli, müxtəlif vaxtlarda yetişən və iqtisadi səmərəliliyi yüksək olan yeni sort və formalardan ibarət əkin materialları ilə təmin edilməsi öz bəhrəsini verməkdədir. Hazırda muxtar respublikada süfrə üzümü və ondan hazırlanan müxtəlif məhsullara tələbat ildən-ilə artır. Müasir dövrdə muxtar respublikada üzümçülüyün və ona uyğun istehsal sahələrinin yenidən inkişaf etdirilməsi, məhv olmaq təhlükəsi altında olan genofondun qorunması, perspektivli sortların fermer və özəl təsərrüfatlarda geniş istehsalına nail olunması kimi vəzifələr qarşıda durur.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutundan bildirdilər ki, indiyə kimi regionda 30-a qədər yerli sortların ampeloqrafik tədqiqi aparılmışdır. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasında mövcud üzüm genofondunun toplanılaraq qorunması, həmçinin kompleks şəkildə botaniki, genetik və ampeloqrafik tədqiqi aparılmaqla, ərazidə yayılan 120-dən çox aborigen, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyalarından və 30-dan çox seleksiya üsulları ilə alınmış formalardan ibarət “Üzüm genofondu” kolleksiya bağı salınmışdır.
Muxtar respublikada üzümçülüyün keçdiyi yol, iqtisadi səmərəlilik baxımından bu gəlirli sahənin inkişafı üçün bugünkü mövcud imkanlar, perspektivlər, görülən işlər barədə bu yazını hazırlayarkən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ilə əlaqə saxladıq. Öyrəndik ki, son illərdə muxtar respublikada 138,7 hektar sahədə yeni üzüm bağları salınmışdır. Daha dəqiq desək, əgər muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı qəbul olunan 2008-ci ildə 994,4 hektar üzüm bağı var idisə, hazırda üzüm bağlarının sahəsi 1133,1 hektar təşkil edir.
Bağlar salınarkən muxtar respublikanın torpaq-iqlim şəraiti nəzərə alınır, bir vaxtlar regionda yetişdirilmiş məhsuldar sortların əkininə üstünlük verilir, bağ salmaq istəyənlərə hərtərəfli şərait yaradılır, onlar müxtəlif dövlət yardımları və kreditlərlə təmin olunurlar. Bu isə o deməkdir ki, regionda üzümçülüyün şöhrəti özünə qaytarılmaqdadır.
Muxtar Məmmədov