22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət davam etdirilir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilib. Ötən illər ərzində ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksik­oloji göstəricilərinin yoxlanması təşkil edir.
Cari ilin ilk 3 ayı ərzində 258 halda hüquqi və 283 halda fiziki şəxslər tərəfindən daxil olmuş 57 mal çeşidini əhatə edən 541 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən, 401 yerli istehsal məhsullarını və 140 idxal məhsullarını əhatə edib. Nəticədə, 540 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 1 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən Mərkəzi qida sınaq laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Akkreditasiya istiqamətində görülmüş işlərin nəticəsi olaraq, laboratoriya Latviya Respublikasının Milli Akkreditasiya Bürosunun 28 yanvar 2014-cü il tarixli şəhadətnaməsi ilə 27 yanvar 2018-ci il tarixədək İSO/İEC 17025:2005 standartı üzrə sertifikatlaşdırılıb.
İSO/İEC 17025:2005 standartının tələblərinə uyğun olaraq, laboratoriya ərzaq məhsullarında kimyəvi, fiziki-kimyəvi və toksikoloji sınaqlar üzrə akkreditə edilib. Akkreditasiya sahəsinə ərzaq məhsullarında ağır metallardan qurğuşun və kadmium elementlərinin, ət məhsullarında nitrat, nitrit, süd və süd məhsullarında isə quru maddələrin kütlə payı, yağlı­lığın təyin olunması və zülalın təyini daxil edilib.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida sınaq laboratoriyasının beynəlxalq akkreditasiyanın tələblərinə uyğun olaraq yoxlanılan sınaqların beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi və əməkdaşların İSO 17025 standartının tələblərinə uyğun peşəkarlığının artırılması məqsədilə 27-30 yanvar 2015-ci il tarixlərdə ekspertlər tərəfindən cəmiyyətin mütəxəssislərinin iştirakı ilə kimyəvi və toksikoloji laboratoriya analizləri üzrə treninqlər keçilib.
Cari ilin ilk 3 ayı ərzində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına sement, travertin və mərmər məhsullarının Gürcüstan Respublikasına aparılması üçün 14 halda, “Təchizat” ATSC-yə iribuynuzlu heyvan dərisinin Türkiyə Respublikasına aparılması üçün 6 halda, “Naxçıvan Avtomobil Zavodu” MMC-yə 3 ədəd avtomobilin Belarus Respublikasına aparılması üçün 1 halda olmaqla, cəmi 21 halda mənşə sertifikatı verilib.
Azərbaycan Respublikasında qida sektorunda sayca 3-cü, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası regionumuzda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir, istehsalçı müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırır.
Muxtar respublikamızda fəaliyyət göstərən və ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, istehsal etdikləri məhsulların laboratoriya göstəricilərinin yoxlanılmasının beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və ixrac olunan məhsulların keyfiyyətinin yoxlanılması üçün laboratoriyanın xidmətlərindən istifadə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR