Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada aqrar sektorun inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Proqramın qəbulundan ötən müddət ərzində bu istiqamətdə xeyli nailiyyətlər əldə olunub, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar açılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən 2014-cü ildə muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılıb, 355 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib.
2015-ci ilin muxtar respublikamızda, eləcə də ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması isə aqrar sahənin istehsalçıları üçün yeni stimul olub. Torpaq mülkiyyətçiləri artıq sahələrə çıxaraq yaz əkini kampaniyasına başlayıblar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, bu günədək 503,2 hektar sahədə yaz əkini həyata keçirilib ki, bunun 284,2 hektarı arpa, 10 hektarı buğda olmaqla, 294,2 hektarı taxıl, 10 hektarı dənli-paxlalı, 23 hektarı tərəvəz, 109 hektarı kartof, 6 hektarı bostan, 67 hektarı isə çoxillik ot bitkiləridir. Hazırda sahələrdə şum aparılması və əkin davam etdirilir.
Xəbərlər şöbəsi