Kəngərlidə meyvə bağlarının sahəsi 636 hektara çatdırılıb
Muxtar respublikamızda əhalinin müxtəlif kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir. Bir neçə ildir ki, ticarət obyektlərində belə məhsulların xüsusi çəkisinin xeyli artması görülən işlərin nəticəsidir. Bununla bağlı qəbul edilmiş dövlət proqramlarının bir çoxunun icrası başa çatdırılmış, bəzi proqramlar bu gün də uğurla icra edilməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan 3 il ötür. İcrası bu il başa çatdırılacaq proqrama əsasən, muxtar respublikanın bütün bölgələrində həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, həmin proqram regionda meyvə-tərəvəz məhsullarına olan tələbatın daha dolğun ödənilməsini təmin edib.
Proqrama əsasən, bölgələrdə yeni meyvə bağlarının salınması, unudulmaqda olan sortların bərpa edilməsi bəhs olunan dövrdə geniş vüsət almış, muхtar rеspublikada bir neçə soyuducu anbar qurularaq istifadəyə vеrilmiş, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı diqqət mərkəzində saxlanılmışdır.
İqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyətə malik olan meyvə-tərəvəzçiliyin inkişafı üçün muxtar respublikamızda əlverişli şərait, ekoloji mühit mövcuddur. Kəngərli rayonunda da həmin imkanlardan səmərəli istifadə olunması, məhsuldar və yerli meyvə sortlarının bərpa edilməsi üstün istiqamət verilən sahələrdən birinə çevrilmişdir. Rayonun torpaq mülkiyyətçiləri dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsində fəallıq göstərir, yeni bağ sahələrinin artırılması üçün səylərini əsirgəmirlər. Bu səbəbdəndir ki, ötən il meyvə bağlarından 4476 ton meyvə, üzüm bağlarından 475 ton üzüm tədarük olunmuşdur. Rayonun Qıvraq, Böyükdüz, Qarabağlar, Yurdçu və digər yaşayış məntəqələrində həyata keçirilən tədbirlər hesabına meyvə bağlarının sahələri ilbəil genişləndirilməkdədir. Bu məqsədlə torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi, onlara digər yardımların göstərilməsi bağsalma kampaniyasını daha da sürətləndirmişdir. Xok kənd sakinləri Xaləddin Zeynalov, Həsən İbrahimov, Çalxanqala kəndindən Bayram Məmmədov, Qarabağlarda yaşayan torpaq mülkiyyətçisi Əsgərağa Məmmədov və başqaları verilən kredit hesabına meyvə bağları salmışlar.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, proqramın qəbulunadək rayonda 361 hektarı məhsulverən olmaqla, 622 hektar bağ sahəsi var idi. 2015-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, meyvə bağlarının sahəsi 636 hektara çatdırılmışdır. Meyvəçilikdə müasir texnologiyaların tətbiqi, texniki xidmət, xəstəlik və ziyanvericilərə qarşı mübarizə vasitələri, üzvi və mineral gübrələrlə təchizat sahəsində də heç bir ciddi problemlə üzləşilmir. Bu istiqamətdə həyata keçirilən tədbirlər gələcəkdə də davam etdiriləcək.
Rayonun torpaq mülkiyyətçiləri tərəvəzçiliyin inkişafına da böyük önəm verirlər. Ötən il rayonda 3572 ton tərəvəz istehsal olunmuşdur. Bu məhsulların satılması məsələsi diqqətdə saxlanılaraq Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarılması təmin edilmişdir. 2014-cü ili yüksək göstəricilərlə başa vurmuş rayonun torpaq mülkiyyətçiləri cari ilin ilk yaz günlərindən sahələrə çıxmış, bu günədək 40 hektara yaxın sahədə tərəvəz məhsulları əkmişlər.
Dövlət qayğısını daim hiss edən Kəngərli rayonunun torpaq adamları aprel ayının 8-də aqrar sahənin inkişafı istiqamətində daha bir məqsədyönlü tədbirin şahidi olmuşlar. Belə ki, rayonda suvarılmayan torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Uzunoba Su Anbarından qidalanan təbii axımlı boru xəttinin, nasos stansiyasının və təzyiqli boru xəttinin istifadəyə verilməsi meyvəçiliyin və tərəvəzçiliyin, digər əkinçilik sahələrinin inkişafına yeni imkanlar yaratmışdır.
Məlumat üçün bildirək ki, Böyükdüz, Təzəkənd, Yeni Kərki və Xıncab kəndlərində torpaqlar dəmyə üsulu ilə əkilib-becərildiyindən məhsuldarlıq istənilən səviyyədə olmurdu. Yeni layihənin birinci mərhələsinin reallaşdırılması bu çətinlikləri aradan qaldırmışdır. Yeni nasos stansiyası ikipilləli olmasına baxmayaraq, 3300 hektar torpaq sahəsi yalnız öz axımı, 2500 hektar ərazi isə nasos stansiyası vasitəsilə suvarılacaqdır. Bu isə əkin dövriyyəsinə daxil edilən yeni torpaq sahələrində müxtəlif məhsulların yetişdirilməsinə, bol məhsul istehsalına imkan verəcək.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “... Muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Meliorasiya və su təsərrüfatı sistemləri olmadan, torpaqların su təminatını ödəmədən isə kənd təsərrüfatının inkişafını təmin etmək mümkün deyil... Artıq Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatmış, Uzunoba Su Anbarı təmir olunmuş, yeni su xətləri çəkilmiş, nasos stansiyası tikilmişdir. Layihənin ikinci mərhələsində isə Kəngərli rayonunun Xok kəndinə qədər olan ərazilərin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub”.
Məqsəd aydındır. Bərəkətli torpaqlardan səmərəli istifadə olunsun, bol məhsul yetişdirilsin ki, muxtar respublikaya başqa yerlərdən gətirilən, baha başa gələn və genefondu dəyişdirilmiş meyvə və tərəvəz, həmçinin digər məhsulların qarşısı alınsın.
Muxtar Məmmədov