Sənaye məhsulu istehsalı iqtisadi inkişafın əsas göstəricilərindən biri olub, yeni iş yerlərinin yaradılmasının, innovasiyaların tətbiqi və ixracyönümlü əmtəələrin çeşidinin artırılmasının əsas yollarından biridir. Sənaye sahəsində ölkədəki xammal ehtiyatları insanların tələbatlarına cavab verə bilən son məhsul halına gətirilir ki, nəticədə, ixtisaslaşmış əməyin tətbiqinə geniş meydan açılır.
Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması regionda sənaye sahələrinin inkişafının təmin edilməsini nəzərdə tutan dövlət siyasətinin həyata keçirilməsinə yönəldilmişdir. Çünki sənaye parklarının yaradılması iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vacib məsələlərin həlli baxımından xüsusilə əhəmiyyətlidir.
Sənaye parklarının bu əhəmiyyətli cəhətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə sənaye parklarının yaradılmasına başlanılmışdır. Bu sahədə müvafiq qanunvericilik bazası baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə” sənaye parklarının yaradılmasına, idarə edilməsinə və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsinə geniş imkanlar yaratmışdır.
Muxtar respublikamızda sənaye parkı yaradılması istiqamətində görülən işlər barədə məlumat almaq üçün səlahiyyətli orqan olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etdik. Nazirlikdən əldə etdiyimiz məlumatda sənaye parkının yaradılması uyğun hesab olunan, dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri haqqında təkliflərin hazırlanması istiqamətində işlərin tamamlandığı və aşağıdakı layihələrin hazırlandığı bildirildi. Təqdim olunmuş məlumatda İqtisadiyyat və Sənaye Nazirliyinə verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyi göstərilir.
Belə ki, ötən dövr ərzində sənaye parkının yaradılması uyğun hesab edilən sahələr müəyyənləşdirilmiş, təkliflər hazırlanmış, sənaye parkının nizamnaməsi, sənaye parkı üzrə operatorun müsabiqə əsasında seçilməsi qaydası, sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması və onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydaları, sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabat, habelə öz fəaliyyətinin kənar auditor hesabatının hazırlanması və təqdim edilməsi qaydaları, hüquqi və fiziki şəxslərlə operatorun niyyət razılaşmasının nümunəvi formasının layihəsi, hüquqi və fiziki şəxslərin qeydiyyatdan keçmələri üçün ərizə forması və ona əlavə edilən sənədlərin siyahısı, təqdim olunan investisiya layihəsinin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydaları, sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydalarının və qeydiyyat şəhadətnaməsinin forması, sənaye parkı ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə müqaviləsinin nümunəvi forması, birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması qaydaları hazırlanaraq nazirliyin kollegiya iclasında təsdiq edilmişdir.
Sənaye parkının yaradılmasının iqtisadi əsaslandırılması və qurulacağı ərazi ilə bağlı təklif hazırlanmışdır. Eyni zamanda təklif olunan ərazidə xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, mühəndis-kommunikasiya, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər), dəmir yolu və avtomagistralın yaradılması kimi texniki məsələlər də nəzərə alınmışdır.
Muxtar respublikada yaradılacaq sənaye parkında istehsal olunacaq məhsullar kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradacaq, onlarla yeni istehsal sahələrinin yaradılmasına və inkişafına təkan verəcəkdir. Bu məqsədlə bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır. Mövcud infrastruktur nəzərə alınmaqla izolyasiya materialları, kafel, metlax, Günəş enerjisi ilə suisitmə sistemləri, birdəfəlik tibbi şpris, qaynaq işləri üçün elektrod, məişət avadanlıqları və elektron cihazlar, məktəbli və ofis ləvazimatları, sumbata bezi (pas kağızı), divar kağızı, müxtəlif növ şuruplar, silikon məcun, dəsmal, Günəş panelləri, diş pastası, şüşəlifli izolyasiya materialı, döşəmə üçün PVC örtük, gön-dəri (son mərhələyədək), üzvi gübrə və yem, dərman preparatları, kosmetika məqsədli yağ, ekstrakt və preparatlar, balıq yemi, konservləşdirilmiş ərzaq məhsulları, meyvəli yoğurt, kartof nişastası, müxtəlif növ souslar, südlü uşaq yeməyi və bitki yağı, yunun qəbulu, emalı və xalça istehsalı sahələri və habelə istismar müddəti başa çatmış avtomobil şinlərinin utilizasiyası, pet taraların təkrar emalı, məişət tullantılarının çeşidlənməsi, utilizasiya edilməsi üçün tullantıların emalı zavodunun yaradılması, tərəvəz məhsullarının emalı sahələri olmaqla, 34 növdə məhsul istehsalı üzrə layihələrin hazırlanması üçün təkliflər irəli sürülmüşdür.
Bu vəzifələrin öhdəsindən gəlmək üçün xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin öyrənilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, nazirliyin əməkdaşları və sahibkarlar Çin Xalq Respublikasında “Azərbaycanda sənaye parkının tikintisi” mövzusunda keçirilmiş seminarda və “XXI əsrdə sənayeləşmə: sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda keçirilən Bakı Beynəlxalq Sənaye Konfransında iştirak etmiş, Sumqayıt kimya-sənaye parkında və Sumqayıt texnologiyalar parkında yerləşən sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olmuşlar.
Qeyd edək ki, sənaye parkı ilə bağlı rezidentlərə bir sıra güzəştlər də tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri 7 il ərzində mənfəət, əmlak, torpaq vergilərindən və idxal olunan avadanlığın əlavə dəyər vergisindən azaddırlar.
Bütün bunlar deməyə əsas verir ki, sənaye parklarının yaradılması Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən sənayeləşmədə yeni mərhələnin başlanğıcı olacaqdır.
Əli CABBAROV