Muxtar respublikamızda yüksək sürətlə davam etdirilən tikinti-quruculuq tədbirləri həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməklə qədim diyarımızın hüsnünü tamamilə dəyişib.
Belə tədbirlər paytaxt şəhərimiz Naxçıvanla yanaşı, rayon mərkəzlərini, ucqar dağ və sərhəd kəndlərini, ən kiçik yaşayış məntəqələrini belə ağuşuna alıb. Ötən il – “Muxtariyyət ili”ndə ən yüksək səviyyəyə çatan quruculuq işləri 2015-ci ildə də davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi məlumata görə, 2015-ci ildə də bir sıra obyektlər üçün mövcud binaların yenidən qurulması və ya yeni binaların tikintisi nəzərdə tutulub.
Bu il Naxçıvan şəhərində 720 şagird yerlik 3 nömrəli məktəbin, Şərur rayonunun Axaməd kəndində 192, Babək rayonunun Xalxal kəndində 144, Xəlilli kəndində 192, Culfa rayonunun Qızılca kəndində 120, Saltaq kəndində 252, Gal kəndində 96, Ordubad rayonunun Gilançay kəndində 96, Şahbuz rayonunun Daylaqlı kəndində 120 şagird yerlik məktəb binalarının tikintisi həyata keçiriləcək. Bir neçə məktəbin binası isə yenidən qurulacaq. Şərur rayonunun Kürçülü kəndində 234, Şərur şəhər 1008 şagird yerlik 2 nömrəli, Kəngərli rayonunun Yurdçu kəndində 252 şagird yerlik məktəb binalarının yenidən qurulması bu sıradadır.
Quruculuq tədbirlərindən Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Sədərək rayonundakı Musiqi məktəbinə də pay düşüb. Belə ki, hər iki obyekt üçün yeni binalar inşa olunacaq.
Xəbərlər şöbəsi