22 Dekabr 2024, Bazar

Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, elektroenergetikanın inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründən – ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. O vaxta qədər bütün elektrik stansiyalarının ümumi gücü 2200 meqavat təşkil edirdi və elektrik enerjisi təminatının tam ödənilməsində problemlər mövcud idi.

Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanılmış və hər il bir bloku istifadəyə verilən bu stansiya sayəsində Azərbaycanın enerjiyə olan tələbatı tam ödənilmişdir. Həmin dövrdə İran İslam Respublikası ilə birgə tikilən 22 meqavatlıq Araz Su Elektrik Stansiyası, 330 kilovoltluq Mingə­çevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarım­stansiyaları istismara verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.

Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə əvvəllər Zaqafqaziyanın vahid energetika sistemi və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi. Mənfur ermənilərin düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya elektrik verilişi dayandırılmış, yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şəbəkələrə ötürülürdü.
Ötən əsrin 90-cı illərinin əvvəllərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunurdu. Naxçıvan şəhərində 2, kəndlərdə isə 4 saat fasilə ilə 2 saat elektrik enerjisi verilirdi. Yanacaq qıtlığı üzündən qazanxanaların fəaliyyəti dayandırılmışdı. Kəskin kontinental iqlim şəraiti olan Naxçıvanın mənfi 40 dərəcəyə düşən soyuğundan qorunmaq üçün insanlar qeyri-standart elektrik qızdırıcılarından istifadə etmək məcburiyyətində qalırdılar. Bu da elektrik xətlərinin, transformatorların sıradan çıxmasına səbəb olur, bəzən də qrafik üzrə verilən elektrik enerjisindən istifadəyə maneçilik törədirdi. İnsanlar evlərində çıraq işığında, soyuq divarlar arasında yaşayır, amma ümidlərini itirmirdilər. Axşamlar yığışıb ümid yeri, təsəlli məkanı olan Ali Məclisin qarşısına gedər, Ali Məclisin ikinci mərtəbəsinin pəncərəsindən süzülüb gələn zəif çıraq işığına baxardılar. Gecədən xeyli keçməsinə baxmayaraq, çıraq işığı sönməz, zülmətə qərq olmuş Naxçıvanı işıqlığa çıxaracaq və işıqlı gələcəyə aparacaq yollar aranardı. O tarixi anları, günləri yaşayan insanların qəlbində xalqı düçar olduğu bəladan qurtaracaq Heydər Əliyev inamı adlı alınmaz bir qala qurulmuşdu. Tarix kitablarından oxuduğum Böyük Vətən müharibəsi illərində Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin 900 günlük mühasirəsini, blokadada saxlanılmasını, insanların hansı məhrumiyyətlərlə üzləşməsini o dövrdə, yəni ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan və naxçıvanlılar öz həyatlarında yaşayır, tarixin sərt sınaqlarına sinə gərir, mübarizə aparırdılar. Leninqrad şəhərinin mühasirəsi cəmi 900 gün çəkdi. Muxtar respublikamızın mühasirəsi isə hələ ötən əsrin 20-ci illərində – sovetlər dönəmində qədim türk yurdu olan Zəngəzur mahalının və Mehri rayonunun ermənilərə “hədiyyə edilməsi” və Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı salınması ilə başlanmış, 1990-cı ildə isə bütün dövrlərdə olduğu kimi, məqamı gözləyən erməni xisləti özünü göstərmiş, Naxçıvan Muxtar Respublikası blokadaya salınmışdır.
Həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 1991-ci ilin dekabr ayında Türkiyə Respublikasının “Aralıq” yarımstansiyasından Naxçıvan Muxtar Respublikasının “Sədərək” yarım­stansiyasına 31,5 kilovoltluq elektrik verilişi xətti çəkilmiş və Sədərək rayonuna 3-4 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır.
İran İslam Respublikasından elektrik enerjisinin alınması üçün Araz Su Elektrik Stansiyasının ərazisində 132/110/10 kilovoltluq 40 meqavolt-amper güclü “Araz” yarım­stansiyası tikilib quraşdırılmış, 132 kilovoltluq Araz-Araz elektrik verilişi xətti çəkilmiş və 1992-ci il dekabr ayının 3-də istismara verilmişdir ki, bu da qonşu dövlətdən 30 meqavat gücündə elektrik enerjisi almağa imkan vermişdir. 1992-ci il dekabr ayının 20-də İran İslam Respublikasının “Culfa” yarım­stansiyası ilə Naxçıvan Muxtar Respublikasının “Culfa” yarımstansiyasını əlaqələndirən 10 kilovoltluq elektrik verilişi xətti istismara verilmiş, bu xətlərlə Culfa rayonuna 6-7 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır. Həmçinin 1992-ci ilin dekabr ayında Türkiyə Respublikasından gətirilərək 220 kilovoltluq “Babək” yarımstansiyası ərazisində quraşdırılmış 4 ədəd – hər birinin gücü 15 meqavat olan və dizel yanacağı ilə işləyən turbin qurğuları istifadəyə verilmişdir. 1993-cü ilin may ayında isə Türkiyə Respublikasının “İqdır” transformator yarım­stansiyasından Naxçıvan Muxtar Respublikasına çəkilmiş 87,5 kilometr uzunluqlu 154 kilovoltluq ikidövrəli elektrik verilişi xəttinin çəkilişi başa çatdırılmış və Naxçıvana Türkiyə Respublikasından 50-60 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır. Beləliklə, 1993-cü ilin ortalarında Naxçıvana İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından 63 meqavat gücündə elektrik enerjisi daxil olmuşdur.

Naxçıvanın enerji təhlükəsizliyi tam təmin olunub

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyası bu gün uğurla davam etdirilir. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci il mayın 2-də “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası muxtar respublikada da uğurla həyata keçirilmişdir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsi təmin olunmuş, 220 kilovoltluq “Babək” yarımstansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Sərəncama əsasən, həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmiş və sonrakı mərhələlərdə bu istiqamətdə kompleks işlər davam etdirilmişdir. Nəticədə, bu gün muxtar respublikanın enerji təminatı tamamilə daxili istehsal hesabına ödənilir.
Elektrik stansiyalarının tikilib istifadəyə verilməsi enerji təhlükəsizliyinin təmin olunmasında son dərəcə əhəmiyyətli rola malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın elektrik enerjisinin daxili imkanlar hesabına ödənilməsinin strateji əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Son illər muxtar respublikanın mövcud hidroenerji potensialından səmərəli istifadə olunmaqla ekoloji və iqtisadi cəhətdən daha səmərəli olan su elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. 2006-cı ilin dekabrında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin ok­tyabrında isə Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası istismara verilmişdir. Ötən il aprel ayının 7-də Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları fəaliyyətə başlamışdır. Muxtar respublikada bu istiqamətdə işlər davam etdirilir. Hazırda Ordubad rayonu ərazisində 36 meqavat gücündə yeni derivasiyatipli su elektrik stansiyasının tikintisi aparılır. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin balansında olan 7 elektrik stansiyasından 6-sı son 20 ildə istismara verilmişdir. Enerji təhlükəsizliyini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanın enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır”.

Alternativ enerji mənbələrindən istifadə edilir

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq, Babək rayonunun Xal-xal kəndi ərazisində yeni Günəş elektrik stansiyası quraşdırılır. Məqsəd muxtar respublikanın elektrik enerjisinə tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdən ibarətdir. Muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi bu işlərin uğurla yerinə yetirilməsinə imkan verir.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının su və digər alternativ elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi hesabına ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə muxtar respublikamız daha çox elektrik enerjisi ixrac edəcək.
1970-ci ildən istismar olunan 22 meqavat güclü Araz Su Elektrik Stansiyası nəzərə alınmaqla istehsal gücü 206 meqavat olan elektrik stansiyalarında hazırda tələbata uyğun olaraq, 80-90 meqavat gücündə elektrik enerjisi istehsal olunur.
Yaz-yay aylarında nasos stansiyalarının işləməsi ilə əlaqədar olaraq, muxtar respublikamızın elektrik enerjisinə tələbatı 75-80 meqavat, qalan aylarda isə 45-50 meqavat olur. Yaz aylarında su elektrik stansiyalarında 60-68 meqavata qədər elektrik enerjisi istehsal edilir.
Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradılmışdır. İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta 25-30 meqavat elektrik enerjisi ixrac etməyə imkan verir.

Fasiləsiz elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir

Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər “Culfa”, “Sədərək”, “Çeşməbasar”, “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan” və “Ordubad” transformator yarım­stan­siyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu ilin fevral ayında isə Kəngərli rayonu ərazisində 35 meqavolt-amper güclü yeni 110 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Bu tədbirlər Babək rayonunu da əhatə etmiş, 1260 kva güclü 35/10 kilovoltluq yeni “Nehrəm” yarım­stansiyasında tikinti-quraşdırma işləri aparılmışdır.
İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə olunması və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılır. Muxtar respublikada vətəndaşların ev və mənzillərinə rəqəmsal elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir.

Bəli, bir vaxtlar evimizin ən vacib əşyası kimi daim gözümüzün qarşısında olan çıraq indi tarixə çevrilmişdir. Həmin çıraq işığında qəbul olunan qərarlar isə Naxçıvanı nura qərq etmişdir. Hər bir ailənin evindən süzülüb gələn işıq seli, yol kənarlarını, park və xiyabanları, müasir memarlıq üslubunda inşa olunan binaların fasadlarını bəzəyən işıqlar –  sayrışan ulduzları xatırladan bu ecazkar mənzərə günümüzün reallığı, son 20 ilin bəhrəsidir.  

Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR