Meliorasiya və irriqasiya sisteminin inkişafını təmin etmədən kənd təsərrüfatı məhsulları istehsalında artım əldə etmək mümkün deyil. Bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi mart ayında suvarma mövsümünə hazırlıq işlərini intensiv şəkildə davam etdirmiş, hidrotexniki qurğular, xüsusilə nasos stansiyaları istismara hazır vəziyyətə gətirilmişdir.
Komitənin rayon Suvarma Sistemləri idarələri tərəfindən ötən ay 14 kilometr kanal, 49,4 kilometr ara arxları və 5,1 kilometr kollektor lildən təmizlənmiş, 7,72 kilometr yeni suvarma xətti çəkilmiş, 4,12 kilometr suvarma xətti isə təmir olunmuşdur. Torpaqların yuyulmasının qarşısının alınması məqsədilə çay və selovlarda 1,7 kilometr, Araz çayında isə 2,1 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır. Hazırda Heydər Əliyev Su Anbarının sol sahil kanalının ətrafında yeraltı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Bu dövrdə yaşayış məntəqələrində 1,76 kilometr yeni içməli su xətti də çəkilmiş, 1,9 kilometr kaptaj tikilmiş, 7,29 kilometr içməli su xətti isə təmir olunmuşdur. Həmçinin Şərur rayonunun Oğlanqala kəndini içməli su ilə təmin etmək üçün yeni subartezian quyusu qazılmış, Babək rayonunun Payız kəndində isə yeni kaptaj tikilmişdir.
Subartezian quyuları həm içməli su, həm də suvarma suyuna olan tələbatın ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Ötən ay muxtar respublika ərazisində 38 subartezian quyusu təmir olunmuş, 7 subartezian quyusunda yeni nasos quraşdırılmışdır. Kəhrizlər İdarəsinin kollektivi də mart ayında işini səmərəli qurmuş, 2 kəhrizdə təmir işlərini başa çatdırmışdır. Hazırda 6 kəhrizdə bu işlər davam etdirilir.
Muxtar respublika əhalisinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Yaşayış məntəqələrində su-kanalizasiya şəbəkələrinin qurulması tədbirləri mart ayında da davam etdirilmiş, Naxçıvan şəhərində 150 ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır. Layihə çərçivəsində Culfa rayonunda sutəmizləyici qurğunun tikintisi davam etdirilmiş, drenaj və birləşdirici su xətləri çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi yaşayış məntəqələrinin və əkin sahələrinin su təminatının yaxşılaşdırmasını bundan sonra da diqqət mərkəzində saxlayacaq, “Kənd təsərrüfatı ili”nə öz töhfələrini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti