Naxçıvan Muxtar Respublikasında son illər ərzində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər görülmüş, yeni istehsal və xidmət sahələri yaradılmış, iş yerləri açılmış, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, bütün sahələr üzrə dinamik inkişaf təmin edilmişdir.
Muxtar respublikanın iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sahəsinin inkişafı da ötən dövr ərzində diqqətdə saxlanılmışdır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində aqrar sahədə dinamik inkişaf təmin edilmiş, məhsul istehsalının artırılmasına nail olunmuşdur.
Aparılmış aqrar islahatlarla yanaşı, kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilmiş dövlət proqramları, o cümlədən 2005-2010-cu illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası bu sahənin dinamik inkişafını təmin etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və gübrələrlə vaxtında, güzəştli şərtlərlə təminatı istehsalın artımı üçün böyük stimul yaratmışdır.
Aparılmış məqsədyönlü tədbirlər kənd təsərrüfatı məhsulunun ümumi həcminin artımına təsir göstərmiş, 2014-cü ildə muxtar respublikada 355 milyon 157 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2004-cü ildəki müvafiq göstəricidən 4,6 dəfə çoxdur.
Aqrar sahənin gələcək inkişafını təmin etmək üçün etibarlı informasiya bazasının yaradılması vacib şərtdir. Kənd təsərrüfatında baş verən proseslər və inkişaf göstəriciləri haqqında aktual məlumatların əldə edilməsi və dəqiq statistik uçotun aparılmasında kənd təsərrüfatı siyahıya alınmasının əhəmiyyəti böyükdür.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı siyahıya alınmasının hər 10 ildən bir keçirilməsini tövsiyə edir. Təşkilatın üzvü olan əksər ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında da siyahıyaalma hər 10 ildən bir keçirilir.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının ümumi siyahıya alınması ilk dəfə olaraq 2005-ci ilin iyun ayında keçirilmiş və bu sahə üzrə müvafiq məlumat bazası yaradılmışdır.
Kənd təsərrüfatının və kənd təsərrüfatına xidmət edən sahələrin inkişafını nəzərə alaraq bu sahənin dinamikası, strukturu, inkişaf meyilləri, maddi-texniki bazası haqqında ətraflı məlumatların əldə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 22 fevral tarixli 26 nömrəli Qərarına əsasən, 2015-ci il iyun ayının 1-dən 30-dək muxtar respublikada kənd təsərrüfatının siyahıya alınması keçiriləcəkdir.
Kənd təsərrüfatı siyahıya alınması zamanı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan bütün təsərrüfatların iki qrup üzrə sorğuya cəlb edilməsi nəzərdə tutulmuşdur. Birinci qrup üzrə sorğu kənd təsərrüfatı müəssisələrini və təşkilatlarını, ikinci qrup üzrə isə sorğu fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarını əhatə edəcəkdir. Siyahıyaalma zamanı təsərrüfatların mənsubiyyəti, gəlir mənbəyi, icarə münasibətləri və torpaqdan istifadə, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, mineral və üzvi gübrələrdən istifadə, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, kənd təsərrüfatı məhsullarının emalı üçün avadanlıqlar, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqlarının mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi haqqında məlumatların toplanılması nəzərdə tutulmuşdur.
Muxtar respublikada digər sahələrlə yanaşı, aqrar sahə də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə keçiriləcək siyahıyaalmada əldə ediləcək dolğun məlumatlar bu sahənin gələcək inkişafı üzrə aparılacaq tədbirlərin istiqamətinin müəyyənləşdirilməsinə imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi