Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Belə ki, mart ayı ərzində, ümumilikdə, 261 yeni telefon nömrəsi istismara verilmiş, “Evədək optika” layihəsi üzrə 3 fərdi mənzilə optik kabel xətti çəkilmişdir. Həmçinin Babək rayonunun Vayxır və Yarımca, Şahbuz rayonunun Gömür, Kəngərli rayonunun Yeni Kərki kənd avtomat telefon stansiyalarının hər birində 48 abonentlik genişzolaqlı internet avadanlığı quraşdırılmış, 445 abunəçinin genişzolaqlı internet şəbəkəsinə qoşulması təmin edilmişdir.
İnformasiya cəmiyyətinə sürətlə inteqrasiya edən muxtar respublikada bütün növ ödənişlərin bir mərkəzdən qəbulu təşkil edilir, insanların rahatlığı təmin olunur. Bu səbəbdən son illər poçt şöbələrinin sayı artırılır və fəaliyyəti genişləndirilir. Artıq muxtar respublikanın ucqar kənd yaşayış məntəqələrində də müasir poçt xidmətləri təşkil olunmuşdur. Bu istiqamətdə işlər ötən ay da davam etdirilmiş, Babək rayon Qoşadizə kəndində yeni poçt bölməsi istifadəyə verilmiş, Şərur rayon Cəlilkənd poçt bölməsinə yeni kompüter avadanlıqları qoyularaq şəbəkəyə qoşulmuşdur. Ayın əvvəlində Ordubad rayonunun Düylün kənd avtomat telefon stansiyasından Çənnəb kəndinədək 8 kilometr məsafədə yeraltı fiber-optik kabel xəttinin tikintisinə başlanmışdır. Hazırda bu iş davam etdirilir.
Mart ayında abunəçilərdən 455 min 319 manat elektrik enerjisindən, 1 milyon 161 min 209 manat təbii qazdan istifadə haqları üzrə ödənişlər qəbul olunmuş, 2161 mobil cihazın qeydiyyatı üçün 10 min 920 manat vəsait yığılmışdır. Həmçinin muxtar respublika ərazisində rəqəmli radio yayımına keçidlə bağlı texniki işlər başa çatdırılmış və sınaq yayımına başlanmışdır.
Muxtar respublika rabitəçiləri yeni texnologiyaların tətbiqi və rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işləri bundan sonra da davam etdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti