22 Dekabr 2024, Bazar

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən, hər il mayın 17-si dünyada “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.
İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 82 dövlət təşkilatına və 9 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazır­lanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “Elektron hökumət” portalı yaradılmış, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. “Elektron hökumət” portalı üzərindən rabitə, genişzolaqlı internet xidmət haqları, elektrik enerjisi və qaz haqlarının ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılmışdır. Bununla yanaşı, Naxçıvan Şəhər Rabitə İdarəsində elektron imzanın sertifikat mərkəzi yaradılmış, mərkəz lazımi texniki avadanlıqlarla təmin edilmişdir.

Muxtar respublikanın yaşayış məntəqələri tamamilə telefonlaşdırılmış, bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən Yeni Nəsil Telekommunikasiya sistemlərinin tətbiqinə başlanılmışdır. 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, 2012-ci ilin mart ayında Şərur və Sədərək rayonlarını, 2014-cü ilin fevral ayında isə Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən Yeni Nəsil Telekommunikasiya avadanlıqları istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə etmişdir. Muxtar respublikada 122 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, lazımi proqram təminatı ilə təchiz edilmişdir.
Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrində televiziya kanallarının rəqəmsal formatda yayımı təmin edilmiş, rəqəmli radio yayımına keçidlə bağlı texniki işlər başa çatdırılmışdır. Muxtar respublika ərazisində IP tele­viziyanın yayımı təşkil edilərək sakinlərə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır. Bundan əlavə, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya verici vasitəsilə 67 televiziya kanalı tamaşaçıların ixtiyarına verilmişdir. Bu sistemin qurulması nəticəsində televiziya yayımının DVB-T2 standartında HD olaraq təmin edilməsinə də imkan yaranmışdır. Hazırda Naxçıvan Dövlət Televiziyası HD formatda izləyicilərə təqdim olunur.
Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsində vacib şərtdir. Bu gün muxtar respublikada fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 1175,5 kilometrə çatdırılmış, mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Həmçinin muxtar respublikanın daxili telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə dəmir yolu xətti ətrafı ilə ümumi uzunluğu 242 km olan Sədərək-Ordubad arası böyüktutumlu fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılmışdır.
Optik şəbəkənin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını da xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 84 faizi internetə qoşulmuş, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətləri göstərilir. Kompüterdən istifadə edənlərin sayı 303 mindən, internetdən istifadə edənlərin sayı isə 353 mindən artıqdır.
Muxtar respublikada informasiya texnologiyalarının ayrı-ayrı sahələrdə də tətbiqinə diqqət yetirilir. Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Dövlət Universitetinin kitabxanasının bazalarında elektron kitabxana yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi və AMEA-nın Naxçıvan Bölməsi üçün isə elektron kitabxana və elektron arxiv sistemi istifadəyə verilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud olanlar üçün audio­kitabxana, eşitmə məhdudiyyəti olanlar üçün elektron kitabxana yaradılmışdır. Distant təhsilin təşkili məqsədilə Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır. Bundan başqa, muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün muzeylərin hamısına optik kabel çəkilmiş, lazımi proqram təminatı və infrastruktur qurulmuşdur.
İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Odur ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR