22 Dekabr 2024, Bazar

Dövlətin apardığı məqsədyönlü iqtisadi siyasətin bir hissəsi olmaqla ticarətin, xüsusilə xarici ticarətin tənzimlənməsi, daxili bazarın qorunması, gömrük prosedurlarının sadələşdirilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, bütövlükdə, ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ticarət dövriyyəsinin artmasına, o cümlədən xarici ticarətin genişlənməsinə şərait yaradıb.

Muxtar respublikada xarici ticarət dövriyyəsinin ilbəil artması burada yeni sənaye müəssisələrinin, istehsal sahələrinin yaradılması nəticəsində mümkün olmuşdur. Son 20 il ərzində muxtar respublikada sənaye müəssisələrinin sayı 56-dan 439-a çatmış, artım 7,8 dəfə olmuşdur. Yaradılan yeni sənaye müəssisələrində istehsal olunan məhsullar daxili bazarın idxaldan asılılığını xeyli azaltmış, eləcə də yeni ixracyönümlü, rəqabətədavamlı məhsulların ixrac olunmasına rəvac vermişdir.
Naxçıvan Muxtar Respublikası­nın xarici ticarət əlaqələrində 1992-­1995-ci illər idxalın həcminin artması, əsasən, gündəlik tələbat mallarının idxalı ilə xarakterizə olunur. Belə ki, əvvəlki iqtisadi əlaqələrin kəsilməsi, muxtar respublikanın blokada şəraitində olması və mövcud sənaye müəssisələrinin öz fəaliyyətlərini əsasən dayandırması bu dövrdə vacib yeyinti məhsullarına olan tələbatın idxal hesabına ödənilməsini labüd etmişdir. Eləcə də bu dövr xarici ticarətdə barter əməliyyatlarının üstünlük təşkil etməsilə, idxalın dəyər və həcminin artması ilə xarakterizə olunur. İdxalın artmasının bir səbəbi də xarici iş adamlarının ticarət əlaqələrinin qurulmasında maraqların artmasından, eləcə də elektrik enerjisinin idxalından ibarət olmuşdur.

1996-2000-ci illər Naxçıvan Muxtar Respublikasında xarici ticarətin formalaşdırılması dövrü kimi səciyyələnir. 2001-ci ildən başlayaraq muxtar respublikada xarici ticarət əlaqələrinin tənzimlənməsi sahəsində qanunvericiliyin yeniləşməsinə, gömrük orqanlarının işinin daha da təkmilləşdirilməsinə, bu orqan strukturlarının texniki təchizatının tam yeniləşməsinə, yerli sahibkarların maraqlarının nəzərə alınmasına, idxalın istehlak yönümlü­lüyünün istehsal xarakterli məhsullarla yeniləşməsinə başlanılmışdır. Bu dövrdə muxtar respublikanın iqtisadiyyatı ona bilavasitə təsir göstərən xarici ticarət əlaqələrilə paralel surətdə inkişaf etmişdir.
2001-2008-ci illərdə bölgəmizdə xarici ticarət dövriyyəsinin artan dinamikası davam etmişdir ki, bu da muxtar respublikanın sosial-iqtisadi inkişafı, dünyaya açılması, yerli istehsal məhsullarının xarici bazarlara yol açması, xarici iş adamlarının maraq dairəsinə düşməsi, yerli sahibkarlığın daha da inkişaf etməsi ilə səciyyələnir.
Statistik məlumatlara görə, müqayisə dövrünün əvvəlində muxtar respublikanın xarici ticarət dövriyyəsi 31,9 milyon ABŞ dolları həcmində olduğu halda, 8 il sonra bu göstərici 3,3 dəfə artaraq 103, 7 milyon ABŞ dollarına bərabər olmuşdur.
Müasir istehsal avadanlıqları ilə təchiz olunmaqla yaradılan rəqabətədavamlı, ixracyönümlü məhsul istehsal edən müəssisələrin formalaşması 2009-cu ildən başlayaraq ixracın idxalı üstələməsinə imkan vermiş və sonrakı illərdə bu proses artım dinamikası ilə davam etdirilmişdir. Belə ki, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 220 milyon ABŞ dolları olduğu halda, 2013-cü ildə bu göstərici 512 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2,3 dəfə artım deməkdir. Bu dövrdə ixracın həcmi 3,6 dəfə artdığı halda, idxalın həcmi cəmi 1,7 faiz artmışdır.
Xarici ticarət dövriyyəsindəki artım dinamikası 2014-cü ildə davam etmiş və ötən il ərzində 517,4 milyon ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi aparılmışdır. Bu, bir il öncəki göstəricini 1,1 faiz üstələmişdir. İxracın həcmi 1,5 faiz artaraq 408,6 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 299,9 milyon ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. İxracın tərkibinin 313,5 milyon manatını sənaye məhsulları, 95,1 milyon manatını isə tələbatdan artıq istehsal edilmiş kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz məhsulları təşkil etmişdir. İdxalın həcmi isə bir il öncəyə nisbətən azalmışdır. Bütövlükdə, son 20 il ərzində muxtar respublikada xarici ticarət dövriyyəsi 27,2 dəfə, o cümlədən ixracın həcmi iki yüz dəfədən çox artmışdır.
Son illərdə Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrinin coğrafiyası genişlənmiş və dövriyyəsində iştirak edən dövlətlərin sayı 40-ı ötmüşdür. Özəl sektor və fiziki şəxslərin xarici ticarət dövriyyəsindəki payı 2013-cü ilin sonuna 80,8 faiz təşkil etmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın ən inkişaf etmiş dövlətləri olan ABŞ, Fransa, Çin, Türkiyə, Rusiya, Hindistan, eləcə də Gürcüstan, Macarıstan, Bolqarıstan və digər ölkələrlə ticarət əlaqələri mövcuddur.
Muxtar respublikada xarici ticarətin inkişaf etdirilməsi və onun əhatə dairəsinin genişlənməsi daxili bazarın qorunması əsas götürülməklə həyata keçirilir və aparılan nəhəng quruculuq işləri idxalın həcminin müəyyən hədd daxilində artması ilə dövlət büdcəsinə nəzərdə tutulmuş gömrük ödənişlərinin çoxalması ilə müşahidə olunur. Belə ki, dövlət büdcəsinə yığılan gömrük rüsumu və vergilərin həcmi 1992-ci ildə cəmi 7 min 326 manat olduğu halda, bu göstərici 2013-cü ildə 8 milyon 355 min manat olmuş, artım yüz dəfələrlə ölçülmüşdür.
Bu gün muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının və qonşu dövlətlərlə ticari əlaqələrin genişlənməsinə yönəlmiş iqtisadi-sosial siyasətin nəticəsidir ki, artıq naxçıvanlı sahibkarlar xarici ticarət dövriyyəsini artırmaqla yanaşı, digər dövlətlərdə Naxçıvan markası altında iri ticarət şəbəkələrinin fəaliyyət göstərilməsinə nail olmuşlar.
Xarici ticarət dövriyyəsindəki indiki dinamika daimi xarakter almışdır ki, bu da muxtar respublikada aparılan məqsədyönlü, düşünülmüş, regionun reallıqlarına əsaslanan sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir.

Sadıq Rəhimov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR