Muxtar respublikamızda daxili bazarın yerli ərzaq məhsulları ilə təmin olunmasında təzə meyvə-tərəvəz məhsullarının istehsalının mühüm əhəmiyyəti vardır. Əhalinin gündəlik istehlak tələbatında mühüm paya sahib olan təzə tərəvəz məhsullarının istehsal olunaraq ilboyu münasib qiymətlərə satışını təşkil edə bilmək üçün yaradılmış istixana təsərrüfatlarının bazara çıxardığı təzə tərəvəz məhsulları artıq hər bir naxçıvanlının süfrəsini bəzəyir.
Naxçıvanda istixana təsərrüfatlarının yaradılması muxtar respublikanın idxaldan asılılığının aradan qaldırılması istiqamətində həyata keçirilmiş mühüm layihələrdəndir. Ötən illərdə, xüsusən qış aylarında müxtəlif yerlərdən gətirilmiş və mənşəyi məlum olmayan tərəvəzlərin satıldığı dükan-bazarlarda yerli mal axtaran alıcılar artıq bütün qışboyu doğma Naxçıvan torpağının məhsulu olan müxtəlif tərəvəz məhsullarını almışlar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata əsasən, hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli rayonlarında olmaqla, regionun müxtəlif yerlərində tərəvəz, göbələk və gül kələm istehsalı üzrə 9 istixana təsərrüfatı fəaliyyət göstərir.
Bu təsərrüfatlarda cari ilin əvvəlinədək 452 ton məhsul yetişdirilmiş və əhaliyə satışı həyata keçirilmişdir. Şübhəsiz, bu müəssisələrin yaradılması davamlı dövlət dəstəyi sayəsində mümkün olmuşdur. Belə ki, təkcə 2014-cü ildə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına sahəsi 47140 kvadratmetr olan 3 istixananın qurulmasına 550 min manat güzəştli kredit verilmişdir. Bu sahədə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə 2015-ci ildə yaradılması davam etdirilən və ümumilikdə, sahəsi 2400 kvadratmetr olan 2 istixananın qurulmasına 265 min 500 manat güzəştli dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə isə 2000-2014-cü illərdə sahəsi 94036 kvadratmetr olan istixanaların qurulmasına 4 milyon 290 min 500 manat güzəştli kredit verilmişdir.
Bəli, göstərilən dövlət qayğısı qısa müddətdə öz bəhrəsini vermişdir. Yerli tərəvəz məhsulları istehsalçıları bu sahədə onlara göstərilən qayğıdan razılıq edirlər. Qeyd edək ki, Novruz bayramı ərəfəsində bazarda bu sahədə tələbatın artması da gözlənilir. Buna müvafiq proqnozlar bunu deməyə əsas verir. Aldığımız məlumatda bu mövsümdə, ümumilikdə, 1800 ton məhsul yığımı gözlənildiyi bildirilir.
Muxtar respublikamızda istixana təsərrüfatı ilə məşğul olan sahibkarlardan biri də Elçin Bağırovdur. O artıq üç ildir ki, bu işlə məşğul olur. Naxçıvan şəhərində 1,1 hektar və Kəngərli rayonunun Böyükdüz kəndində 4,6 hektar sahədə istixanaları vardır.
Sahibkarla söhbətimizdə deyir ki, Naxçıvanda əhalini ekoloji təmiz ərzaq məhsulları ilə təmin etmək üçün istixanaların yaradılması mühüm əhəmiyyət kəsb edir. Biz uzun illər bazarda mənşəyini bilmədən nə gəldi, alıb-satdıq. Hər qış fəsli gələndə yerli məhsul tükənəndən sonra boyu az qala yarım metrə çatan idxal göyərtilər, keyfiyyətsiz tərəvəzlər bazarlarımızda dolub-daşdı. Dadı-tamı bir yana, hələ onların kimyəvi tərkibi də insan üçün çox təhlükəlidir. Halbuki bizdə insanlar meyvə-tərəvəzi çox xoşlayır və Naxçıvanda bu sahədə geniş bazar vardır.
Böyükdüz kəndi ərazisindəki istixana ilə bizi tanış edərək müsahibim onu da bildirdi ki, buranın qurulmasında hər kiçik ehtimal nəzərə alınmışdır. Hava-iqlim şərtləri ilə yanaşı, torpağın kimyəvi tərkibi, istifadə olunan mineral gübrələrin norması, temperatur, nəmlik, bakterioloji şərait tam avtomatik cihazlarla tənzimlənir. Burada yetişdirilən tərəvəzin suyu isə Qarabağlar kəndindəki kəhrizlərdən çəkilmiş su kəmərindən damcı üsulu ilə verilir. İstixanalarda 51 nəfərə yeni iş yeri yaradılmışdır. İndi istixana məhsulları mövsümünün ən yaxşı vaxtıdır. Hər gün bazara 2-3 ton təzə pomidor, xiyar, çiyələk, kahı, gül kələm çıxarırıq. İstixanalarda əlavə olaraq yazlıq mövsüm üçün müxtəlif növ şitillərin yetişdirilməsinə də başlanılmışdır. Çox yerdən sifarişlərimiz var. Beləliklə, göstərilən qayğının, çəkilən zəhmətin bəhrəsi hədər getmədi: gözəl, ekoloji təmiz karton taralarda qablaşdırılmış təzə Naxçıvan tərəvəzləri indi regionumuzun hər yerində və Bakı şəhərində də özünə geniş alıcı toplamışdır.
İlin bu vaxtında marketdən bir kiloqram təzə pomidor alanda çox vaxt satıcını yadda saxlayıb gələn dəfə bir də ona yaxınlaşırıq. Bu məhsulların vitrinə qədər gəlib çatmasında nə qədər adamın gərgin əməyi olduğunu isə onun sahibkarı, istixanalarda 24 saat növbə çəkən insanlar, Naxçıvanın ən ucqar kəndinə sifariş çatdıran nəqliyyatçılar hamıdan yaxşı bilir. Şübhəsiz, bu işin ərsəyə gəlməsinə hamıdan çox qayğı göstərənlə birgə.
Əli Cabbarov