Naxçıvanda yol-nəqliyyat infrastrukturunun qısa tarixçəsinə nəzər salsaq, görərik ki, əvvəllər qədim diyarımızda yollar, sözün həqiqi mənasında, bərbad vəziyyətdə olub. XX əsrin 50-60-cı illərində yerli əhəmiyyətli yollarda əksər körpülər avtomobil nəqliyyatının, kənd təsərrüfatı texnikasının ağırlığı nəzərə alınmadan primitiv üsulla tikilmişdi və texniki xüsusiyyətlərinə görə dövrün tələbinə cavab vermirdi. Bəzi yerli əhəmiyyətli yollarda körpü keçidlərinin olmaması üzündən avtonəqliyyat vasitələri çayları dayaz yerlərdən keçmək məcburiyyətində qalırdılar. Bu isə həm avtonəqliyyat vasitələrinin vaxtından tez korroziyaya uğramasına, həm də vaxt və yanacaq itkisinə səbəb olurdu.
Bütövlükdə, muxtar respublikanın yol təsərrüfatı sistemində, xüsusən yerli avtomobil yolları sistemində idarəetmə quruluşu köhnə olduğundan ümumi istifadədə olan yolların saxlanmasını, inkişafı və abadlaşdırılmasını təmin edə bilmirdi. Ötən əsrin 60-cı illərinin sonlarında muxtar respublikada darmadağın olmuş yol təsərrüfatı var idi. Ancaq ulu öndərimizin Azərbaycanın rəhbəri seçilməsindən sonra dağıdılmış infrastrukturun bərpasına başlanıldı.
Muxtar respublikanın Şərq və Qərbin kəsişdiyi coğrafi mövqedə yerləşməsi yeni magistral avtomobil yollarının tikintisinə olan ehtiyacı ortaya çıxarıb. Bu işin həyata keçirilməsi ilə əlaqədar muxtar respublikanın yol işçiləri qarşısında duran ən vacib vəzifə bərk örtüklü yollar tipinə daxil olan təkmilləşdirilmiş örtük yollar şəbəkəsinin genişləndirilməsi, tikilən və mövcud yol və süni qurğularda keyfiyyətin yaxşılaşdırılması, kapital qoyuluşunun səmərəliliyinin təmin olunması, yeni magistral yolların tikintisi idi. Bu vəzifənin uğurla yerinə yetirilməsindən ötrü böyük işlər görüldü. Yol tikintisinin maliyyə və material-texniki təchizatının yaxşılaşdırılması haqqında konkret tədbirlər həyata keçirildi. Yolların tikintisində elmi-texniki tərəqqinin inkişafına və yol tikinti işlərinin kompleks mexanikləşdirilməsinə xüsusi fikir verilməsi istehsalatda əmək məhsuldarlığının artırılmasına imkan yaratdı.
1995-ci ildən başlayaraq yol tikintisində planlaşdırmanın mümkün variantları işlənildi, elmi-texniki tərəqqinin layihə həlli yeniləşdirildi, yol tikinti təsərrüfatlarının maddi-texniki bazası gücləndirildi, yol tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başladı. Görülən işlər yol tikintisində səmərəliliyin artmasına, keyfiyyətin yaxşılaşmasına və yol tikinti xərclərinin aşağı düşməsinə imkan yaratdı. Əsas məqsədlərdən biri də xərclərin iqtisadi cəhətdən səmərəli işlədilməsindən və yol tikintisinə sərf olunan hər bir manatın iqtisadi cəhətdən daha səmərəli olmasından ibarət idi. Dövlət əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı işləri daha da yaxşılaşdırıldı, aparılan təmir-tikinti işlərinin təşkili və keyfiyyətinə operativ, işlək nəzarət sistemləri yaradıldı. Yerli əhəmiyyətli avtomobil yollarının texniki vəziyyəti yüksəldildi, avtomobillərin artması və iqtisadiyyatın canlanması ilə artan hərəkət şiddətinə və ağıryüklü nəqliyyatın hərəkətinə cavab verə biləcək yollar salındı. Yerli avtomobil yolları şəbəkəsi muxtar respublikanın iqtisadi inkişaf potensialı ilə tarazlaşdırıldı və bölgələrimizin, eləcə də qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafına təkan verdi. Həyata keçirilən tədbirlər bölgələrimizin sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, yük daşınmasında maya dəyərinin aşağı düşməsinə, ucqar yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrinin yaxşılaşmasına, turizmin inkişafına və beynəlxalq yükdaşıma həcminin çoxalmasına səbəb oldu. “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu gün muxtar respublikada kompleks tədbirlər həyata keçirilir. Bu sahədə son illərin statistikasına nəzər salsaq, muxtar respublikamızda xeyli işlərin görüldüyünün şahidi olarıq. Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistral avtomobil yolu, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolu, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yollarının tikintisi dediklərimizin sübutudur. Bundan əlavə, Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması da muxtar respublikanın əsas avtomobil yolları şəbəkəsini özündə birləşdirən kompleks quruculuq tədbirlərindəndir. 2014-cü il fevralın 14-də Hacıvar-Vayxır-Sirab avtomobil yolu muxtar respublika sakinlərinin istifadəsinə verilib.
Ümumiyyətlə, 2014-cü ildə muxtar respublikada 73 kilometr uzunluğunda asfalt yollar salınıb, 5 körpü tikilərək istismara verilib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin kollektivi 2014-cü ili uğurla başa vurub. Şirkətin kollektivi 1473 kilometr yola xidmət edir. Həmin yolların 274 kilometri dövlət və respublika əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır. Kollektiv qış günlərində də ən ucqar yollarda belə, hərəkətin intensivliyinin təmin olunması üçün lazımi tədbirlər görüb. Hazırda 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulur.
Bu gün ən ucqar məntəqələrə belə yollardan “kəmənd” atılır. Yol rahatlıq, abadlıq, inkişaf, həmçinin vaxta qənaət və bilavasitə əsəb sakitliyi deməkdir. Bütün bunları hədsiz razılıqla qarşılayan sakinlər dövlətimizə minnətdardırlar. Ordubad rayonunun ucqar Bist kəndində Hüseyn Hüseynovdan eşitdiyim sözlərdir: “Yol olan yerdə qonaq-qara da çox olar, xeyir-bərəkət də. Kəndimizə çəkilən yollar, yeni görünüşə qovuşan kəndarası yollar, salınan körpülər əhalini uzun illərin əziyyətindən qurtarıb. Yollar o qədər rahatdır ki, mənzil başına nə vaxt çatdığımdan xəbərim olmur. Ümumiyyətlə, rayonumuzun yollarında yeniliklər bir-birini izləyir, baxdıqca adamın qəlbini dağa döndərir. Hər addımda hiss olunur ki, Ordubad rayonuna dövlət qayğısı hədsizdir”.
Şahbuzun bugünkü növrağı, yollarının abadlaşdırılması ilə haqlı olaraq qürur duyanlardan biri Kükü kənd sakini, kənd tam orta məktəbinin kimya müəllimi Yunis Quliyev düşüncələrini bizimlə bölüşdü: “Bu gün rayonumuzun ən ucqar məntəqələrinin bəzəyi yeni, möhtəşəm tikililərlə bərabər, salınan rahat yollardır. Əvvəllər kəndimizdən Naxçıvan şəhərinə getmək üçün, ən azı, bir saat yarım vaxt tələb olunurdu. Ancaq indi evimdən çıxıb ən müasir nəqliyyat vasitələri ilə şəhərə 40-45 dəqiqəyə çatıram. Həm avtobuslar, həm də yollar təzədir. Bütün bu şəraiti yaradan dövlətimizə kənd sakinləri adından minnətdarlığımı bildirirəm”.
Yolları müasirliyə qovuşan Şərur rayonunun ucqar dağ yaşayış məntəqəsi olan Şahbulaq kəndinin sakini Əşrəf Bağırov sevincini bizimlə bölüşür, elə kəndə aparan yolun kənarında təəssüratlarını dilə gətirir. Deyir ki, 2013-cü ildə kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yeni avtomobil yolunun istifadəyə verilməsi kənd sakinlərinə sevinc bəxş edib. Rayon mərkəzindən 22 kilometr aralıda yerləşən bu kəndin sakinləri əvvəllər yol sarıdan çox korluq çəkiblər. Ancaq indi bu çətinliklər arxada qalıb. Gələni rahat qarşılayır, gedəni rahat yola salırıq. Gələnlərə “Xoş gəlmisən”, yola saldıqlarımıza “Yaxşı, uğurlu yol” deməyə hünərimiz var. Çünki yollarımız, həqiqətən də, yaxşı, uğurludur.
Şahbulaqdan axşamüstü qayıdanda avtomobilin şüşəsindən Günəşin qürub edişini, batan Günəşin şüaları altında parıldayan yolu seyr edirəm. Əvvəllər də bu kəndə bir neçə dəfə yolum düşüb. O vədələr tozlu-torpaqlı, gölməçəli-palçıqlı olan kəndin yolunu adi dağ cığırından fərqləndirən heç bir cəhət gözümə çarpmırdı. Ancaq indi bu cığırın yerində geniş, rahat yol salınıb.
Fikirləşirəm ki, son 20 il qədim diyarımızda cığırların yollara çevrildiyi bir müddət, zaman kəsiyi qədirbilən insanlarımız üçün bir diriliş, yüksəliş tarixidir. Nə qədər ki qüdrətli Azərbaycan var, bu tarixin səhifələrində yeniliklərə atılmış imzaların sayı daha çox olacaq.
Səbuhi Hüseynov