22 Dekabr 2024, Bazar

... Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu başlanan hissəsində avtomobildən düşürəm. Daha doğrusu, rayonun Yeni Kərki kəndi yaxınlığında. Yolun hər iki tərəfi əkin sahələridir. Neçə illərdir ki, bu ərazilər kənd adamlarının daimi iş, halal qazanc yerinə çevrilib. Onlar burada müxtəlif əkinçilik məhsulları yetişdirir, həm özlərinin tələbatlarını ödəyir, həm də daxili bazara töhfələrini verir, bununla digər ehtiyaclarını da ödəyirlər. Burada daha çox gözədəyən taxıl zəmiləridir. Son illərdə rayonun torpaq mülkiyyətçiləri strateji məhsul olan taxıl istehsalına ciddi diqqət yetirir, yaxşı da qazanc əldə edirlər. Mənimlə birlikdə olan rayonun “Yeni həyat” qəzetinin redaktor əvəzi Malik Qasımov sahələrə diqqətlə baxdığımı görüb dillənir:

– Rayonun ən münbit torpaq sahələridir. Elə bil taxılçılıq üçün seçilib. Bu sahələrdə taxıl əkənlər heç vaxt məhsuldarlıqdan narazılıq etməyiblər. Dövlətimiz də burada məskunlaşan insanlara qayğısını əsirgə­mir. Onların keyfiyyətli toxumla, mineral gübrələrlə təchizatını diqqətdə saxlayır. Texnika ilə təminatın yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Diqqətlə sahələrə baxıram. “Yaxşı cücərti alınıb”, – deyə düşünürəm. Malik müəllim söhbətini davam etdirir:
– Qış bir qədər quraqlıq keçsə də, mart ayı, necə deyərlər, bunun əvəzini çıxdı. Torpaq mülkiyyətçilərinin, xüsusilə də taxılçıların üzü güldü. Hər il olduğu kimi, bu il də məhsuldarlıq 28-29 sentnerdən aşağı olmayacaq.
Elə Böyükdüz, Xok, Şahtaxtı, Qarabağlar, Çalxanqala və digər yaşayış məntəqələrində də sahələrdən bol məhsul götürüləcəyindən kənd adamları tam əmindirlər. Çünki neçə illərdir, qazanılan təcrübədən istifadə edilməklə indiyə qədər aparılmalı olan bütün aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl edilib, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri yerlərdə onlara maarifləndirici məsləhətlər veriblər.
Qarabağlar kəndində ən yaşlı sakin, ziyalı, el ağsaqqalı Nahaz Səfərovla öz həyətində, çay süfrəsi arxasında söhbət edirik. Nahaz müəllim maraqlı müsahibdir, təsərrüfatı da yaxşı bilir:
– Qarabağlarda da insanların əlinin torpaqdan soyuduğu vaxtlar oldu. Xüsusilə də gənclərin. Şükür Allaha ki, bu, çox uzun çəkmədi. Dövlətimiz tərəfindən görülən tədbirlər öz bəhrələrini verdi, – deyərək bir qədər dayanır, sonra sualla mənə müraciət edir:
– Qıvraqdan Qarabağlaradək yol kənarlarına baxdınızmı? Hər yer yaşıllıq içərisindədir. Payızda taxıl əkilib. Şumlanıb əkilməyən sahələrdə isə yaz mövsümündə əkin aparılır. İnsanlar harada nə əkəcəklərini, haradan daha çox məhsul götürəcəklərini yaxşı bilirlər. Odur ki, kəndimizdə yaşayış səviyyəsi günü-gündən yüksəlir. Bunların hamısı isə dövlətimizin yaratdığı şərait hesabına mümkün olub. Kənd adamına, torpaqdan möhkəm yapışan insanlara nə köməklik lazımdırsa, artıqlaması ilə edilir.
* * *
Müsahiblərimin hər ikisinin sözlərindəki həqiqəti rayon İcra Hakimiyyətində təsdiq etdilər. Öyrəndim ki, rayonda ümumi istifadədə 70489 hektar torpaq sahəsi var. Bunun 1425 hektarı həyətyanı, 5411 hektarı isə pay torpağı olmaqla, 6836 hektarı xüsusi mülkiyyətdədir.
Dövlət mülkiyyətindəki 20741, bələdiyyə mülkiyyətindəki 42912 hektar torpaq sahəsindən də istifadəyə şərait yaradılıb. Bu şəraitdən bəhrələnən torpaq mülkiyyətçiləri ötən il 4277 hektar sahədən 10972 ton taxıl tədarük ediblər. 2015-ci ilin məhsulu üçün isə ötən ilin payızında 3687 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Digər əkinçilik sahələrində də uğurlu nəticələrə nail olunub. Sahələrdən 11894 ton dənli və dənli-paxlalılar, 452 ton qarğıdalı, 299,5 ton günəbaxan, 2854,7 ton kartof, 3572 ton tərəvəz, 2180,2 ton bostan məhsulları götürülüb. Rayonda meyvəçilik və üzümçülükdə də zəngin təcrübə qazanılıb. Son illər bu sahələrə maraq daha da artıb. Ötən il torpaq mülkiyyətçiləri 4476 ton meyvə, 475 ton üzüm yetişdiriblər.
Cari ilin yaz əkinlərini vaxtında həyata keçirmək üçün ötən ilin payızından hazırlıq işlərinə başlanılıb. Artıq əkin kampaniyası uğurla start götürüb. 1 aprel tarixədək 238 hektar sahədə əkin keçirilib. Bunun 181 hektarını yazlıq arpa, 34 hektarını kartof, 3 hektarını tərəvəz, 20 hektarını çoxillik ot təşkil edir.
Rayonun yaşıllıqlar məkanına çevrilməsində ekoloji tədbirlər mühüm rol oynayır. Cari ildə də bu işlər davam etdirilməkdədir. Bu günədək yaz iməciliklərində 4 hektar yeni yaşıllıq sahəsi salınıb, 3 hektar meyvə bağında bərpa işləri aparılıb. Ümumilikdə, 4500 ədəd ting əkilib. Bununla da, rayonda bağ sahələri 636 hektara çatdırılıb.
Qeyd edək ki, kənd təsərrüfatının inkişafında sahibkarlıq fəaliyyəti də mühüm rol oynayır. Hazırda rayon ərazisində 3 quşçuluq təsərrüfatı, 1 ba­lıqçılıq təsərrüfatı, heyvandarlıq təsərrüfatları, 1 un dəyirmanı, 300 ton tutumu olan soyuducu anbar, 2 istixana kompleksi, 1 tərəvəz məhsullarının qablaşdırılması müəssisəsi, 16 çörəkbişirmə sexi, 1 pendir istehsalı müəssisəsi aqrar sahənin inkişafına öz töhfələrini verirlər.

* * *

Kəngərli rayonundan qayıdarkən Xok kəndi ərazisindəki meyvə bağında çalışan sahibkar Xaləddin Zeynalovla görüşdüm. Məlumat üçün bildirim ki, bir neçə ildir, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Xaləddin Zeynalov təcrübəli təsərrüfatçıdır. Dövlətin yaratdığı şəraitdən səmərəli istifadə etməyi bacaran sahibkara “Kənd təsərrüfatı ili”ndə uğurlar arzuladım. Bildirdi ki, bu gün həyatda qazandıqları üçün dövlətimizə minnətdardır:
– Dövlətdən kredit götürmüşəm. Əkin sahələrimin suvarılmasında heç bir problem yoxdur. Vaxtında bütün tədbirlər həyata keçirilib. Texnika ilə təminatdan da xeyli razıyam. İstənilən vaxt “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli bazasının fəaliyyətindən istifadə etmək imkanları yaradılıb. Biz sahibkarlara bircə o qalır ki, vicdanla çalışaq, məhsul bolluğu yaradaq. Bundan həm özümüz bəhrələnək, həm də muxtar respublika sakinləri. Belə olan halda muxtar respublika iqtisadiyyatı daha da güclənəcək. Qazandığımız da özümüzə qalacaq. Başqa yerlərdən diyarımıza kənd təsərrüfatı məhsulları gətirilməyəcək. Kim yaradılan şərait­dən səmərəli istifadə edirsə, həm o qazanır, həm də dövlətimiz.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR