Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
Bu gün ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Əsası 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xətti istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində ölkəmizdə digər sahələrlə yanaşı, tikinti-quruculuq işlərinin də geniş vüsət almasına səbəb olmuşdur. Şəhər, rayon, qəsəbə və kəndlərdə yeni obyektlər istifadəyə verilmiş, əhalinin rifahının yaxşılaşdırılmasına və sosial problemlərinin həllinə xidmət edən infrastruktur sahələri yaradılmışdır. Son illər ölkə Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamları ilə qəbul edilən dövlət proqramlarının uğurlu icrası da iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişləndirilmişdir. Bu da, nəticə etibarı ilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir.
Son illər Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayonlarda müasir binalar tikilir. Bu gün qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. Böyük təcrübə sahibi olan Naxçıvan inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni istehsal sahələri, sosial infrastruktur yaradılır, qədim tikililər təmir olunur, müasir kommunikasiya sistemləri yaradılır. Ötən 20 il ərzində muxtar respublikanın yaşayış məntəqələrində aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyini böyük uğurlarla qeyd etdiyimiz 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışlarında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur. Ölkə başçısı Naxçıvanda aparılan irimiqyaslı tikinti-quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Son bir il ərzində Naxçıvanda görülən işlərlə tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Bu gün muxtar respublikada rahat və geniş yollar, yaşıllıqlara qərq olan abad küçələr, müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli memarlıq kompleksləri inşa olunur. Təkcə ötən il muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 924 milyon 629 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 806 milyon 943 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. 2014-cü ildə muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra 296 müxtəlif təyinatlı obyekt istifadəyə verilmişdir.
Ümumiyyətlə, muxtar respublikada elə bir sahə yoxdur ki, orada tikinti-quruculuq işləri həyata keçirilməsin. Son 20 ildə yeni-yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər istifadəyə verilmişdir. Belə ki, 1995-2014-cü illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 5 milyard 748 milyon 322 min manat olmuşdur ki, bunun da 4 milyard 996 milyon 869 min manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Nəticədə, ötən dövrdə 200-dən çoxu ümumtəhsil məktəbi olmaqla, 338 elm və təhsil ocağı, 380 mədəniyyət, 200-dən artıq səhiyyə, 41 idman obyekti, 511 inzibati bina, mənzil təsərrüfatı üzrə 678 obyekt, 377 kommunal infrastruktur obyekti, 162 körpü, əlil, məcburi köçkün, qaçqın və şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 491 fərdi ev, 6337 istehsal, xidmət və digər infrastruktur obyektlər tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına və fərdi yaşayış evlərinin tikintisinin də ilbəil artmasına səbəb olmuşdur. Təkcə 2014-cü ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 365 min 767 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 1995-ci ildəki müvafiq göstəricidən 22 dəfə çoxdur.
Muxtar respublikada əkinçiliyin geniş yayılması və inkişafı meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsini də zəruri edir. Son illər bu istiqamətdə də ardıcıl tədbirlər həyata keçirilmiş, tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarı tikilmiş, 150 milyon kubmetrlik Arpaçay Su Anbarında isə yenidənqurma işləri aparılmışdır. Ötən il isə Uzunoba Su Anbarı əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Nəticədə, muxtar respublikada min hektarlarla yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, suvarma tədbirləri yaxşılaşdırılmışdır. Həmçinin meyvə və tərəvəz məhsullarının ilboyu yüksək keyfiyyətlə saxlanılması və istehlakçılara çatdırılması məqsədilə soyuducu anbarların tikintisi də diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada ümumi tutumu 12 min 250 ton olan 20 soyuducu anbar vardır.
Blokadanın yaratdığı problemlərdən biri də enerji resurslarına çıxış imkanlarının məhdud olmasıdır. 1995-ci ildən sonra bu sahədə intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlar səviyyəsində yenilənmişdir. Əgər 20 il bundan əvvəl muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə mövcud idisə, aparılan məqsədyönlü islahatlar və tikinti-quruculuq işləri nəticəsində bu müəssisələrin sayı hazırda 7-yə çatdırılmışdır. Son illər ərzində ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan su elektrik stansiyası, Gilançay üzərində 22 meqavatlıq Biləv Su Elektrik Stansiyası, 20,5 meqavatlıq “Arpaçay-1” və 1,4 meqavatlıq “Arpaçay-2” Su Elektrik stansiyaları tikilərək, ümumi gücü 60 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası isə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Ordubad rayonunda gücü 36 meqavat olan derivasiyatipli su elektrik stansiyasının tikintisi davam etdirilir.
Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Muxtar respublikada avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin salınması istiqamətində ardıcıl tədbirlər görülür. 2010-cu ildə 88 kilometrlik Naxçıvan-Sədərək, 2012-ci ildə 32 kilometr uzunluğunda Naxçıvan-Culfa avtomobil yolu və bu yolları birləşdirən 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan şəhər dairəvi avtomobil yolu, 2014-cü ildə 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat, 25,6 kilometr uzunluğunda Naxçıvan-Vayxır-Sirab avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. Ötən il muxtar respublikada 73 kilometr uzunluğunda asfalt yol salınmış, yenidən qurulmuş və ya təmir edilmiş, 57 paqonometrlik 5 körpü tikilərək istismara verilmişdir. Ölkə Prezidentinin 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən, Babək rayonunda 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
İnkişafa töhfəsini verən inşaatçıların əməyi yüksək qiymətləndirilir. “Muxtariyyət ili”ndə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 5 nəfər Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 7 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur. Bu il isə 5 nəfər “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 memar Naxçıvan Muxtar Respublika Mükafatının qalibi olmuşdur.
Hər il olduğu kimi, bu il də muxtar respublika inşaatçıları əzmlə çalışacaq, doğma diyarın quruculuq xəritəsinin genişlənməsinə öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin mətbuat xidməti