Bu gün müasir rabitə sisteminin yaradılması və yeni texnologiyaların tətbiqinin genişləndirilməsi iqtisadi inkişafın təmin olunmasında başlıca amillərdəndir. Ona görə də muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin fəaliyyəti gücləndirilir. Ardıcıl olaraq həyata keçirilən bu tədbirlər fevral ayında da davam etdirilmiş, abonentlərə keyfiyyətli rabitə xidməti göstərilmişdir.
Ötən ay muxtar respublika rabitə işçiləri üçün əlamətdar olmuşdur. Belə ki, fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Babək Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilmişdir. Binada Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı üçün müasir iş şəraiti yaradılmışdır. Açılış tədbirində 242 kilometrlik Sədərək-Ordubad alternativ fiber-optik kabel magistralının da təqdimatı olmuş, Babək rayon telekommunikasiya şəbəkəsi alternativ fiber-optik kabel magistralına qoşulmuşdur.
Bəhs olunan dövrdə mövcud telefon stansiyalarının nömrə tutumlarının artırılması və Naxtel simsiz rabitənin genişləndirilməsi istiqamətində işlər də davam etdirilmiş, muxtar respublikada, ümumilikdə, 294 yeni telefon nömrəsi istismara verilmiş, 5 fərdi mənzilə optik kabel çəkilmişdir. Bundan başqa, muxtar respublikada smart qaz və elektrik sayğacların quraşdırılması ilə əlaqədar serverlər qoyulmuş və müvafiq hazırlıq işləri görülmüşdür.
Muxtar respublikanın şəhər, qəsəbə və ən ucqar dağ kəndlərinə belə, optik kabel xəttinin çəkilməsi əhalinin digər rabitə xidmətləri ilə yanaşı, sürətli internetdən də istifadəsinə şərait yaratmışdır. Bu da internet istifadəçilərinin sayının artmasına səbəb olmuşdur. Fevral ayında 538 abunəçi genişzolaqlı internet şəbəkəsinə qoşulmuşdur. Həmçinin bu dövrdə muxtar respublikanın təhsil müəssisələrində 106 kompüter dəsti quraşdırılmış və internetə çıxışı təmin edilmişdir. Poçt-rabitə xidmətinin nümunəvi təşkili də ay ərzində diqqət mərkəzində saxlanılmış, abonentlərdən 485 min 536 manat elektrik enerjisindən, 1 milyon 309 min 421 manat isə qazdan istifadə haqqı toplanılmış, mobil cihazların qeydiyyatı üzrə toplanan vəsaitin dəyəri 13 min 680 manat olmuşdur.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi mövcud imkanlardan istifadə edərək bundan sonra da muxtar respublika əhalisinə nümunəvi xidmət göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti