Cəmiyyət inkişaf edib insanların tələbatları artdıqca, öz növbəsində, enerji və resurs tələbi də artır. Təbii ehtiyatların məhdudluğu, enerji resurslarından səmərəli istifadə məsələləri bu baxımdan hər bir ölkədə gələcəyə hesablanmış strateji inkişaf xəttinin əsasını təşkil edir.
Ölkəmizdə də hələ 2004-cü ildən qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na əsasən, enerji təminatı sahəsində resursəvəzləyici potensial əldə olunması strategiyası həyata keçirilir. Muxtar respublikamızda bu sahədə aparılan işlər regionun enerji təhlükəsizliyinə tam nail olmaqla Günəş və digər bərpa olunan alternativ enerji mənbələrindən gələcəkdə geniş istifadə üçün indidən zəmin hazırlayır. Bu yaxınlarda Babək rayonunun Xal-xal kəndi yaxınlığında quraşdırılmasına başlanılmış 20 meqavat gücündə olacaq Günəş elektrik stansiyasının yaradılmasında da məqsəd alternativ enerji sahəsində çox geniş potensialı olan Naxçıvan Muxtar Respublikasının ehtiyatlarından istifadəyə nail olmaqdır. Bu eyni zamanda ekoloji təmiz bir enerji mənbəyi kimi ətraf mühitin qorunması və yüksək texnologiyaların tətbiqi baxımından çox əhəmiyyətlidir.
Günəş elektrik stansiyası nədir? Sözsüz ki, Günəşin Yer üzündəki canlı həyatın mənbəyi olmaqla bərabər, həm də onun yağış, külək, dalğa, fırtına kimi nəhəng həcmdə enerji ayrılması ilə müşahidə olunan hadisələrin də əsl mənbəyi olduğunu bir çoxlarımız yaxşı bilirik. Amma Günəşin Yer kürəsində insanlara sonsuz miqdarda faydalı enerji verə bilməsi, istehsal və məişət məqsədilə bu enerjidən istifadə olunması ideyası yalnız XX əsrin sonlarından etibarən gerçəkləşməyə başlamışdır. Planetdə enerji istehlakının sürətlə artmasına paralel olaraq, bərpa olunmayan ənənəvi karbohidrogen və nüvə enerjisi ehtiyatlarının da sürətlə azalması Günəş enerjisi kimi bərpa olunan və digər alternativ enerji ehtiyatlarından istifadəni aktual etmişdir.
Günəş enerjisi və digər alternativ enerji mənbələrindən istifadə olunması ilə elektrik enerjisi alınması üçün Yer kürəsinin hər yerində imkanlar eyni deyildir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının yerləşdiyi cənub en dairələrində günəşli günlərin sayı belə məqsədli layihələrin rentabelliyini artırır. Texnologiyanın inkişafı ilə Günəş işığından elektrik əldə etməyə imkan verən cihazların təkmilləşməsi və onların kütləvi istehsalı ilə qiymətinin ucuzlaşması gələcəkdə bu enerji növündən daha çox faydalanma potensialını artırır. Günəş enerjisinin potensialı heyrətamiz dərəcədə yüksəkdir. Belə ki, bir araşdırmaya görə, bir həftə ərzində Yer kürəsinə düşən Günəş işığının enerjisi planetimizdə mövcud olan bütün neft, qaz, kömür və uran ehtiyatlarının cəmi enerji potensialından çoxdur. Deməli, əgər bu gün Günəşin yerə çatan enerjisinin cəmi on mində bir hissəsindən istifadə olunursa və gələcəkdə bu rəqəm cəmisi 1 faizə çatarsa, onda planetdə enerji böhranı aradan qalxmış olar.
Günəş və digər alternativ bərpa olunan enerji mənbələri ilə işləyən elektrik stansiyaları iqtisadi və ekoloji cəhətdən cəlbedici olmaqla bərabər, onları quraşdırmaq və vahid enerji şəbəkəsinə daxil etmək üçün kifayət qədər həcmdə işlərin aparılması tələb olunur. Doğrudur, burada tətbiq olunan texnologiya və infrastruktur təminatı kifayət qədər bahalı olduğundan əldə olunan enerjinin maya dəyəri, hələ ki, digər ənənəvi enerji ehtiyatları hesabına əldə olunan enerjinin maya dəyərindən artıq başa gəlir. Ancaq məsələyə digər prizmadan, məsələn, ekoloji təmizlik və təhlükəsizlik baxımından yanaşdıqda Günəş elektrik stansiyasının atom və yaxud istilik elektrik stansiyaları ilə müqayisəli üstünlüyü açıq görünür. Müqayisə üçün qeyd edək ki, burada qəza nəticəsində ətrafa sıza biləcək radioaktiv tullantılardan, yaxud havaya buraxılan tüstü qazlarının təhlükəsindən danışmaq mümkün deyil. Yeni texnologiyaya əsaslanan çərçivəsiz Günəş panellərinə düşən işıq birbaşa olaraq elektrik enerjisinə çevrilərək şəbəkəyə ötürülür. Məsələnin ikinci tərəfi, yəni enerji təhlükəsizliyi baxımından Günəş elektrik stansiyalarının yaradılması isə Naxçıvanın enerji asılılığının tamamilə aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Buna görə də deyə bilərik ki, indi iqtisadi inkişafımızdan və Naxçıvanın bol günəşli günlərindən istifadə edərək il ərzində bölgənin davamlı enerji təminatı məsələsini həll etməyin zamanı gəlmişdir. Vaxtilə blokada vəziyyətinə salınmaqla əsas enerji və kommunikasiya əlaqələri kəsilmiş Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü işlər nəticəsində artıq regionda həm istilik, həm yerli hidroenerji potensialına əsaslanan su elektrik stansiyaları sayəsində etibarlı enerji infrastrukturu yaradılmışdır. İndi Naxçıvanda istehsal edilən elektrik enerjisinin tələbatdan artıq hissəsinin xaricə də ixrac olunması məhz bu işlər nəticəsində mümkün olmuşdur. Lakin bu da son hədəf deyil. İndi Naxçıvanda qurulan Günəş elektrik stansiyası hesabına bu güc yaxın gələcəkdə daha da artacaq. Nəticədə, yollarımız daha çıraqban, mənzillərimiz daha da işıqlı və isti olacaq. Çünki yurdumuzda Günəş daha parlaqdır.
Əli Cabbarov