Cəmiyyətin sosial-iqtisadi inkişaf göstəriciləri arasında insanların ümumi rifah halını müəyyən edən sosial siyasət tədbirlərinin nəticələri mühüm yer tutur. Sosial siyasət çox həssas bir mexanizm kimi bazar iqtisadiyyatı şəraitində dövlətin ali maraqlarının yerinə yetirilməsi üçün tələb olunan sosial ədalətin bərqərar edilməsi və insanlara firavan həyat sürmək üçün zəruri sosial zəmanətlər verilməsi vəzifəsi daşıyır.
Müasir dünyanın mənzərəsinə baxdıqda çox sürətlə dəyişilən texnoloji yeniliklər fonunda sosial-mədəni tələbatların da artdığını görməkdəyik. Qloballaşmanın təkan verdiyi sürətli informasiya axını, insan hüquq və azadlıqlarının yaratdığı geniş imkanlar çox deyil, cəmisi iyirmi il əvvəl mövcud olmuş həyat tərzinə yeni standartlar gətirmiş, daha uzun və keyfiyyətli ömür sürə bilmək əsas məqsədə çevrilmişdir.
Planetdə münbit torpaq sahələrinin və təbii ehtiyatların sürətlə tükəndiyi, insan sayının da artdığı bir dövrdə qlobal rəqabətin kəskinliyi də artmaqdadır. Nəticədə, dünyanın bir tərəfində sərvəti milyonlarla, milyardlarla ölçülən milyonlarla zəngin insan yaşadığı halda, digər bir yanda uşaqların oyuncaq və ayaqqabı tanımadığı, yoxsulluq həddindən da aşağı səviyyədə yaşayan yüz milyonlarla ailələr vardır. Bu ölkələrdə bazar iqtisadiyyatının sərt qanunları ilə üzləşən belə yoxsul insanların taleyin hökmü ilə üz-üzə qalması isə planetimizdə müasir dövrümüzün kəskin sosial problemlərindən olan miqrasiya və terrorizmin yayılmasına səbəb olan ən başlıca səbəblərdəndir. Belə bir şəraitdə kimliyindən asılı olmayaraq, hər bir sosial fərdin normal yaşayış səviyyəsinə yönəlmiş sosial siyasət tədbirləri dövlətin və onun müvafiq sosial institutlarının gündəlik qayğısı kimi əhəmiyyət qazanır. Çünki sosial siyasət yalnız dövlətdən və dövlətə aid qurumlardan gözlənilən ali fəaliyyət sahəsidir.
Ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin bütün təbəqələrinin rifahının təmin olunmasına yönəlmiş dövlət siyasəti öz məzmununa görə cəmiyyətdə uzunmüddətli sabitliyin bərqərar olunması, insanların kollektiv rifahlarının ödənilməsi üçün sosial infrastruktur sahələrinin inkişafı, insan inkişafı indeksini müəyyən edən təhsil, səhiyyə və rekreasiya sahələrinin inkişafı və ictimai asayişin çox güclü şəkildə mühafizə olunması kimi dərin proqramlaşdırılmış istiqamətlərlə müəyyən olunmuşdur. Bu həyati vektorlar ölkəmizin müstəqilliyinin ilk illərindən başlayaraq, xüsusən də muxtar respublikamızın blokada vəziyyətinə düşdüyü həmin dövrlərdə gündəlikdə olsa da, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı ilə bu, qəti olaraq müəyyənləşdi: ölkəmizin iqtisadi qüdrəti onun ərazi bütövlüyünün bərpasına və vətəndaşlarının rifahına yönəlməlidir!
Şübhəsiz, müasir dövrdə dövlətimizin sosial siyasət yönümlü tədbirləri çoxşaxəlidir və onlar zamanın tələbinə görə öz forma və auditoriyasını dəyişməkdədir. Yəni ölkəmizdə, eləcə də muxtar respublikamızda 1995-2003-cü illər arasında dövlətin sosial yönümlü layihələri ilə bundan 10 il sonrakı dövr üçün həyata keçirdiyi tədbirlər arasında mühüm keyfiyyət fərqləri vardır. Əgər 1995-ci ilə qədər ölkəmizdə, eləcə də muxtar respublikamızda müharibədən və blokada vəziyyətindən əziyyət çəkən insanların ərzaq, geyim və digər vacib gündəlik tələbatlarının ödənilməsi hökuməti düşündürürdüsə, artıq indi ölkəmizin hər bir regionunda uşaq və gənclərin kütləvi idmana cəlb olunması, yaxud hər bir bölgədə müasir müalicə və diaqnostika mərkəzlərinin yaradılması məsələsi gündəlikdədir. Geriyə dönüb baxdıqda 20 ilin bəzi məsələlərin həlli üçün çox da geniş vaxt olmasa da, bu və buna bənzər çox sayda sosial məsələlərin həllinin yalnız iqtisadi cəhətdən güclü dövlətin həyata keçirdiyi layihələr hesabına mümkün ola biləcəyini görürük. Bəziləri “sosial siyasət” deyəndə onu sırf pensiya və ya bir sıra passiv sosial müdafiə tədbirləri kimi başa düşür və ya bunu belə qəbul etmək istəyirlər. Ancaq insanların real tələbatlarına və onların ödənilməsi üçün ehtiyatların formalaşma mənbələrinə baxdıqda görürük ki, hazırda cəmiyyətimizdə çörək də daxil olmaqla, bir sıra mühüm ərzaq məhsullarının, təhlükəsiz suyun, fasiləsiz enerjinin, sürətli və etibarlı informasiyanın təmini kimi məsələlər əhalinin bütün təbəqələri üçün eyni həssaslıqla həllini tapmışdır. Bunlardan əlavə, kimliyindən asılı olmayaraq, hər kəsin həyat və sağlamlığı üçün eyni dərəcədə həyativacib olan ekoloji tarazlığın qorunub saxlanılması da dövlətin sosial qayğıları arasında mühüm yer tutur. Son illər muxtar respublikamızda yaşıllıqların artırılması, su hövzələrinin sənaye və məişət tullantılarından təmizlənməsi və mərkəzləşdirilmiş kanalizasiya sisteminin və sutəmizləyici qurğular kompleksinin yaradılması bir vaxtlar hansısa səbəblərdən yararsız hala düşmüş ərazidə insanların sağlamlığı üçün yaranmış təhlükənin aradan qaldırılması, gələcək nəsillərə saf ekoloji şəraitin miras edilməsi kimi ümumbəşəri məqsəd daşıyır. Bu gün dünyanın super dövlətlərində sənayeləşmə xatirinə yaradılmış zərərli istehsal sahələrinin tullantıları qlobal bir problemə çevrilərək planetdə ən vacib və ən bəsit tələbat olan təmiz hava və içməli su təchizini də riskə məruz qoymuşdur. Belə olan bir şəraitdə Azərbaycan kimi inkişaf etməkdə olan ölkədə yaşıllıqların qorunması və onların bərpa olunması üçün görülən işlər təkcə ölkəmizin vətəndaşlarının deyil, bölgənin və bütün dünyanın insanlarının sağlamlığına verilən bir töhfədir.
Söz sağlamlıqdan düşmüşkən, “sosial siyasət” mövzusunda müasir insanların rekreasiya tələbatının ödənilməsi də öz aktuallığını qorumaqdadır. Rekreasiya təsərrüfatı elə bir sosial mexanizmdir ki, bu, bir növ, dövlətin sosial siyasətinə dəstək olan və əhalinin çox geniş təbəqələrini, hətta turizm-rekreasiya kompleksi işçilərinin də maraqlarını ödəyən bir mükafatlandırma sistemidir. Müasir dövrdə insanların asudə vaxtının düzgün təşkili, uşaq və gənclərin vətənpərvərlik və ekoloji tərbiyəsi baxımından rekreasiya və sosial turizm çox effektli sosial mexanizm kimi özünü göstərir. Praktika göstərir ki, insanlara, sadəcə, məzuniyyətlərin verilməsi və yaxud bu məzuniyyət müddətinin son gününədək istifadə imkanının yaradılması hələ tamamilə onların rekreasiya olunub, yeni yaradıcı qüvvə ilə işinə, təhsilinə qayıtması demək deyildir. Bu sahədə bazarın şərtlərinə uyğunlaşan və özünü təmin edə bilən şəxslərdən fərqli olaraq, əhalinin böyük bir qisminin yükü də dövlətin üzərinə düşür. Dünya təcrübəsi sübut edir ki, insanların ehtiyacı olduğu belə tələbatları ödəmək sosial səmərə baxımından yardım kimi bəzi passiv sosial tədbirlərdən də yaxşı effekt verir. Muxtar respublikamızda bu sahədə görülən işlər, uşaq və gənclərin aktiv yay tətili kamplarına cəlb olunması, müalicəyə ehtiyacı olanların ölkəmizdəki, Türkiyədəki və Avropa ölkələrindəki müalicə turlarına göndərilməsi sosial siyasət çərçivəsində bölgədə həyata keçirilən uğurlu pilot layihələrdəndir. Dost Gürcüstan Respublikasından müalicəyə ehtiyacı olan acarıstanlı uşaqların Naxçıvanın Duzdağında ölkəmizin hesabına pulsuz müalicəsinin təşkili isə bu gün dünyada sosial turlar üzrə lider olan İsveçrə və Fransa kimi ölkələr üçün də nümunədir. Çünki bu ölkələrdə sosial turlar yalnız öz ölkəsinin vətəndaşları üçün tətbiq olunur.
Cəmiyyətin sosial tələbatları kimi “sosial siyasət” mövzusunda da danışıla biləcək arqumentlər sonsuzdur. Yetər ki, cəmiyyətin müəyyən inkişaf mərhələsində mövcud həyat standartlarının təmin oluna bilinməsi üçün əməkqabiliyyətli bütün cəmiyyət üzvlərinin tutduğu vəzifədə ölkə iqtisadiyyatının inkişafına töhfəsi olsun. Dövlətimiz var olduqca, yüksələn iqtisadi inkişafımız da sosial rifahımıza çevriləcəkdir.
Əli Cabbarov