22 Dekabr 2024, Bazar

2015-ci ilin birinci rübü ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və digər kredit təşkilatları öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağa çalışmışlar. Muxtar respublika iqtisadiyyatının inkişafını stimullaşdırmaq, iqtisadi artıma nail olmaq məqsədilə kreditləşmə funksiyası yüksək səviyyədə həyata keçirilmişdir. Belə ki, 1 aprel 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 116 milyon 992 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 974 min manat, uzunmüddətli kredit qoyuluşu isə 102 milyon 18 min manat təşkil etmişdir. Kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 milyon 587 min manat artmışdır.

Bank və digər kredit təşkilatları tərəfindən 2015-ci ilin ilk üç ayı ərzində 27 milyon 270 min manat kredit verilmişdir ki, bu da keçən ilin müvafiq dövründə verilmiş kreditdən 17 milyon 845 min manat çox olmuş və ya 2,9 dəfə artmışdır. 2015-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın real sektoruna cəlb olunan kreditlərin həcminə görə sənaye sahəsi xüsusilə fərqlənir. Belə ki, ötən ilin müvafiq dövründə bu sahəyə yönəldilən kreditlərin həcmi 318 min manat təşkil edirdisə, cari ilin yanvar-mart aylarında bu göstərici 9 milyon 946 min manat artaraq 10 milyon 264 min manat olmuşdur. Tikinti sektorunda da bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə artımla müşahidə olunmuş və 369 min manat təşkil etmişdir. Kommersiyayönümlü kreditlərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 201 min manat artaraq 2 milyon 220 min manat olmuşdur. Nəqliyyat və rabitə sektorunun inkişafı ilə əlaqədar verilmiş kreditlərin həcmi isə bu günə qədərki dövr ərzində ən yüksək həddə çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 690 min manat artaraq 3 milyon 705 min manata çatmışdır. Gənclərin mənzillərə olan tələbatının ödənilməsi məqsədilə daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin həcmində də ötən illə müqayisədə 2 milyon 233 min manat artım müşahidə edilmiş və belə kreditlərin həcmi 3 milyon 645 min manata çatmışdır. 2015-ci ilin ilk üç ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi, ümumilikdə, 2014-cü il ərzində verilmiş kreditlərin həcmindən 1 milyon 592 min manat çoxdur.

Verilmiş kreditlərin 3 milyon 46 min manatı isə digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və istehlak kreditlərinin payına düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 min manat artım deməkdir.
Kreditləşmənin intensiv həyata keçirildiyi sahələrdən biri də kənd təsərrüfatıdır. Kreditlərin yönləndirilməsi üçün riskli sahə olmasına baxmayaraq, kənd təsərrüfatının kreditləşdirilməsi cari ilin yanvar-mart ayları ərzində 4 milyon 21 min manata çatmış və verilmiş kreditlərin 14,7 faizini təşkil etmişdir. Bu göstəricinin artması təsadüfi deyil. Bu gün muxtar respublikamızda əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Həmin potensialın dəyərləndirilməsi üçün kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların stimullaşdırılması vacib məsələdir. Bu baxımdan muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə fermerlərə, sahibkarlara güzəştlə verilən aşağı faizli kreditlər böyük əhəmiyyətə malikdir. Qeyd olunan dövr ərzində kənd təsərrüfatının kreditləşməsində heyvandarlığın inkişafı xüsusi yer tutmuşdur. Belə ki, bu sahəyə 2 milyon 839 min manat kredit verilmişdir. Bitkiçiliyin inkişafına yönləndirilmiş kreditlərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 min manat artaraq 1 milyon 33 min manata çatmışdır. Arıçılığın və quşçuluğun inkişafı da diqqətdən kənarda qalmamış və bu məqsədlə cəlb edilmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 min manat artaraq 140 min 200 manat olmuşdur. Kənd təsərrüfatının digər sahələrinə də kreditlərin verilməsi davam etdirilmişdir.
Növbəti aylar ərzində isə yaz əkinləri ilə əlaqədar olaraq, kənd təsərrüfatı kreditlərinin həcminin artı­rılması nəzərdə tutulmuşdur.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslər üçün açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. Banklar tərəfindən 2015-ci ilin birinci rübündə 2269 hüquqi, 39 min 175 fiziki şəxs olmaqla, 41 min 444 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 37 min 983-ü işlək hesab olmuşdur ki, onların 1336-sı hüquqi, 36 min 647-si fiziki şəxslərə məxsusdur.
2015-ci ilin yanvar-mart ayları ərzində 20 hüquqi, 3170 fiziki şəxs olmaqla, 3190 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 3189-u fəaliyyət göstərir ki, onların 20-si hüquqi, 3169-u fiziki şəxslərə aiddir.
“Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilmiş, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artı­rılmışdır. Artıq muxtar respublika sakinləri ödəniş kartları vasitəsilə vergi və rüsumları, dövlət yol polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, gömrük rüsumlarını, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsini elektron ödəniş formasında aparırlar.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilmiş, nağdsız əməliyyat aparmayan mal satan və xidmət göstərən sahibkarlarla xüsusi maarifləndirici görüşlər təşkil edilmiş, müvafiq tövsiyələr verilmişdir.
2015-ci ilin yanvar-mart ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 841 min manat artaraq 4 milyon 211 min manat olmuşdur.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşların kommunal ödənişlərini POS-terminallarla yanaşı, ödəniş kartlarından istifadə etməklə internet üzərindən həyata keçirmələri də təmin olunmuşdur.
2015-ci ildə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də su-kanalizasiya xidmətlərinin və Naxçıvan şəhərində sərnişindaşımada gediş haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanının yaradılmasından ibarətdir.
Ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 aprel 2015-ci il tarixə onların sayı 948 ədəd olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 552 ədəd, 1 yanvar 2015-ci il tarixlə müqayisədə isə 81 ədəd artmışdır.
Bu tədbirlərin həyata keçirilməsi nağd pul dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə təsir göstərən əsas amillərdən biridir.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartlarının sayı ötən ilin müvafiq dövründə 188 min 545 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartlarının ümumi sayı 210 min 76-ya çatmış və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 min 531 ədəd artmışdır. Vətəndaşların, xüsusilə kənd yerlərində əməkhaqqı, pensiya və müavinətlərin tamamilə ödəniş kartları vasitəsilə ödənilməsinin təşkili daim diqqət mərkəzində saxlanılır.
2015-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyon 345 min manat, o cümlədən xarici valyuta ilə 3 milyon 49 min manat təşkil edir. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 997 min manat artmışdır.
Cari ildə muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları tərəfindən elektron ödəniş məkanının formalaşdırılması, valyuta mübadiləsi əməliyyatlarının qanunvericiliyə və mövcud qaydalara uyğun aparılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, bank infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların həcminin artırılması, bank resurslarının iqtisadiyyatın real sektoruna, xüsusilə kənd təsərrüfatı və sənayenin inkişafına yönəldilməsi prioritet sahə kimi nəzarətdə saxlanılaraq icrası təmin ediləcəkdir.

Elçin Əliyev
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR