Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ötən il 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,33, 0,5 litrlik şüşə butulkalarda qazlı, 5, 10 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, 8 milyon 945 min 515 ədəd butulka və taralarda mineral su istehsal edib. Bunun 409 min 20 ədədi sifarişə uyğun olaraq muxtar respublika ərazisində satılıb, 7 milyon 30 min 157 ədədi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərinə yola salınıb, 1 milyon 506 min 338 ədədi isə Rusiya Federasiyasına, Ukrayna, Belarus, Türkiyə, Türkmənistan və Qazaxıstan respublikalarına göndərilib. Gələcəkdə digər xarici ölkələrdə də “Sirab” suyunun satışa çıxarılması nəzərdə tutulur. “Sirab” mineral suyunun ixrac olunması və bazarda özünəməxsus yer tutması bu əvəzsiz təbii sərvətimizin yüksək keyfiyyəti və müalicəvi əhəmiyyəti ilə bağlı olub, Babək “Sirab” ASC-nin bazar iqtisadiyyatının tələblərinə uyğun yüksəkkeyfiyyətli məhsul istehsal etməklə rəqabətqabiliyyətli müəssisəyə çevrilməsinin göstəricisidir.
Məlumat üçün bildirək ki, istehsal prosesi tam avtomatlaşdırılmış müəssisənin sexlərində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 16 çeşiddə məhsul istehsal edilir.
Xəbərlər şöbəsi