Babək rayonunun Xal-xal kəndində ötən ayın əvvəllərindən kənd tam orta məktəbinin və kənd mərkəzinin inşasına başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən tikintisi aparılan binaların zirzəmi hissələrində qəlib-beton işləri başa çatdırılıb.
Adıçəkilən idarənin mühəndisi Rizvan Abbasovun bildirdiyinə görə, məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq, binada hər biri 16 şagird yerlik olmaqla, 12 sinif otağı, 2 laboratoriya, 1 hərbi kabinə, kitabxana, idman zalı, şahmat sinfi, 1 elektron lövhəli sinif, 1 kompüter otağı yaradılacaq. Kənd mərkəzində isə icra nümayəndəliyi, bələdiyyə, poçt, ATS, baytarlıq məntəqəsi, kitabxana yerləşdiriləcək, iclas zalı yaradılacaq. Kənddə xidmət mərkəzinin inşasına başlanması üçün də hazırlıq işləri görülür.
Xəbərlər şöbəsi