İnsanların sağlamlığı istənilən dövrdə cəmiyyətin ən böyük sərvəti hesab olunub. Yalnız sağlam olanlar cəmiyyətə xeyir verər, onun inkişafı üçün əzmlə çalışar. Odur ki, Naxçıvan Muxtar Respublikasında da insanların sağlamlığının qorunmasına, səhiyyə infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına böyük diqqət göstərilir.
Ötən dövr ərzində səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmətin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verib. Səhiyyə quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin mühüm bir hissəsini də yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud olanların əsaslı şəkildə yenidən qurulması təşkil edir. Muxtar respublikanın ən böyük tibb ocağı olan Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının əsaslı şəkildə yenidən qurulması da məhz insan sağlamlığının mühafizəsinə yönəldilmiş mühüm tədbirlərdən biridir.
2012-ci ilin avqust ayından başlayaraq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan binada indiyədək xeyli iş görülüb. Belə ki, ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnib, zirzəmidə üçmərhələli izolyasiya işləri aparılıb. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada tikinti işləri, su, elektrik, istilik xətlərinin çəkilişi başa çatdırılıb, dam örtüyü vurulub, pəncərələr salınıb. Binanın ilk 3 mərtəbəsinin fasadı üzlük daşla üzlənib, digər hissələr isə poliestr və digər yerli inşaat materiallarından istifadə olunmaqla klassik və müasir memarlıq elementləri ilə zənginləşdiriləcək.
Qeyd edək ki, xəstəxanada 109 palata yerləşəcək, çarpazşəkilli dördkorpuslu binanın hər korpusunda yük və sərnişin liftləri olmaqla, 10 lift fəaliyyət göstərəcək. Binanın giriş hissəsinin oval şəbəkəbənd formasında olması isə bu səhiyyə ocağına gələnlərə asanlıqla bir korpusdan digərinə keçmək imkanı yaradacaq. Bundan əlavə, yeni layihəyə əsasən, binanın zirzəmi hissəsində masaj salonu, SPA mərkəzi, hovuz, duş kabinələri, morq, həkim və tibb bacıları üçün otaqlar və xidməti yerlər yaradılacaq. Birinci mərtəbə stomatoloji kabinələr, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinələri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binanın sonuncu mərtəbəsində geniş akt zalı, kafe və tibb təhsili alan tələbələr üçün siniflər yerləşəcək. Xəstəxana binası istifadəyə verildikdən sonra 50 metr kənarda yeni köməkçi bina da fəaliyyət göstərəcək ki, bu ikimərtəbəli binada da qazanxana, camaşırxana, elektrik və təsərrüfat otaqları, bufet və sair yerləşəcək.
Qeyd edək ki, xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılacaq. Dövlət başçısının 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon manat vəsait ayrılıb.
Müasir layihə əsasında yenidən qurulan xəstəxana binası istifadəyə verildikdən sonra nəinki muxtar respublikanın, hətta bütün regionun ən nəhəng səhiyyə ocaqlarından biri olacaq.
Xəbərlər şöbəsi