22 Dekabr 2024, Bazar

Aqrar sektorda islahatların aparılması istiqamətində hüquqi baza böyük əhəmiyyət daşıyır. Odur ki, kənd təsərrüfatında islahatlara başlanandan sonra bu sahədə çalışan fermerlərin xeyrinə bir sıra qanun və qərarlar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi də bu sahənin sürətli inkişafına hesablanıb.
Bu günün kənd təsərrüfatı işçisi təkcə ölkədaxili tələbatın ödənilməsi üçün məhsul istehsal etmir. Daxili tələbatın ödənilməsi vacib olduğu kimi, xarici bazara məhsul çıxarılması da önəmlidir. Buna görə qəbul olunan qanunlar daim təkmilləşdirilir və yeniləri qəbul edilir. Elə dövlət başçısının 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı və 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da bu məqsədə xidmət edir.

2014-cü il dekabr ayının 27-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Ali Məclisin Sədri demişdir: “2015-ci ildə muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilməli, əhalinin ərzaq məhsulları ilə təminatı davamlı xarakter almalı, emal müəssisələri xammalla fasiləsiz təchiz edilməlidir. Muxtar respublikanın ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət pro­qramlarının icrası da kənd təsərrüfatına xüsusi diqqət yetirilməsini tələb edir. Qeyd olunanlar nəzərə alınaraq, 2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilir”.
2015-ci ilin ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunması aqrar sahənin inkişafına təkan verəcək, mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edəcək.
Torpaqların münbitliyinin qorunması, kəndlilərə ciddi güzəştlərin edilməsi aqrar sektorun inkişafında sabitliyə nail olmağa imkan yaradıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediliblər. Bu gün muxtar respublikanın torpaq mülkiyyətçiləri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün də dövlət subsidiyalar verir. Bu qayğılardan kənd təsərrüfatı bölgəsi olan Sədərək rayonu da xeyli bəhrələnib. Təkcə ötən il bölgədə 13 milyon 12 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Rayonda çiyələkdən tutmuş kartofa kimi hər cür məhsul yetişdirilir. Torpaq sahibkarları taxılçılığa, bostan-tərəvəzçiliyə və meyvəçiliyə daha çox üstünlük verirlər.
Düzdür, keçən ilin sonları, bu ilin əvvəli Sədərəkdə hava quraqlıq keçib. Odur ki, payızda torpağa taxıl toxumu səpən fermerlər, torpaq mülkiyyətçiləri o qədər də sevinməyiblər. Çünki ta qədimdən təcrübəli əkinçilər sınaqdan keçiriblər ki, qış qarlı keçəndə məhsul daha bol olur. Atalar havayı yerə “qar taxılın yorğanıdır” deməyiblər. Qar bitkiləri bir tərəfdən küləkdən, müxtəlif xəstəliklərdən qoruyursa, digər tərəfdən yaz gələndə əriyərək zəmiləri suvarır, torpaqda nəmlik qatı yaradır.
Ancaq neyləmək olar, heç kəs təbiətə, Tanrıya göstəriş verə bilməz... Təbiətdən asılı olduğu üçün əkinçi peşəsi çətindir, qeyri-müəyyəndir. Necə deyərlər, yağmadı yağış, bitmədi qamış. Yaxşı ki, bu il martın ikinci yarısından sonra rayonda yağışların yağması intensivləşdi, kənd­linin nigarançılığına son qoyuldu.
Bəli, artıq yazdan bəri torpaq oyanıb. Bu oyanış əkinçinin iş-gücündə də özünü göstərib. Artıq bol məhsul üçün 1719 hektar payızlıq taxıl zəmisinə azot gübrəsi verilib. Bu il də sahələrdən yüksək məhsul götürüləcəyi gözlənilir.
Ümumiyyətlə, Sədərəyin torpaq mülkiyyətçiləri 2014-cü ili yaxşı nəticələrlə yola salıblar: 2130,2 hektarın taxılı biçilib, 6146 ton məhsul istehsal olunub.
Sədərəkdə taxılçılıqla yanaşı, kartofçuluğun da inkişafı diqqət mərkəzindədir. Rayonda kartof əkini sahələri ildən-ilə genişləndirilir və məhsul istehsalı artırılır. Keçən il də istisna deyil. 96,1 hektardan 1815,4 ton kartof götürülüb. Bolluqdan xəbər verən bu fakt da maraqlıdır: rayonda darısqal olan köhnə bazarın yerində hər şəraiti olan geniş yeni bazar kompleksi yaradılıb. Bundan əlavə, sədərəklilər hər il Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satış yarmarkasına da tonlarla kartof yola salırlar. Bu il isə kartof əkinləri 100 hektara çatdırılacaq.
Muxtar respublikamızın digər bölgələri kimi, Sədərək torpağı da tarixən yüksəkkeyfiyyətli meyvə və bostan-tərəvəz məhsulları ilə tanınıb. Xüsusən Sədərək üzümü adla deyilir. Təkcə ötən il rayonda 4881,7 ton tərəvəz, 2124,1 ton bostan məhsulları, 488 ton meyvə və 1291 ton üzüm yığılıb.
Kənd təsərrüfatının inkişafına əngəl olan problemlərdən biri əkin sahələrinin su ilə təminatıdır. Sədərək rayonunda da bu sarıdan vəziyyət yaxşı deyildi. Bunu nəzərə alaraq 2014-cü ildə 1500 hektar sahəni suvarmaq üçün Araz çayından qidalanan Şir arxı üzərində yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Yaz-tarla işlərinə hazırlıqla əlaqədar 115 subartezian quyusu işlək vəziyyətə gətirilib, 4,4 kilometr torpaq, 43 kilometr beton kanal, 191 kilometr ara arxı təmizlənib.
Rayonda kənd təsərrüfatı məhsulları istehsalında heyvandarlığın da çəkisi böyükdür. Ona görə də Sədərəyin hər bir kənd sakini heyvandarlığı başlıca gəlir mənbəyi sayır. Mal-qaranın, qoyunların, quşların, arı ailələrinin sayına və məhsul istehsalına görə böyük nailiyyətlər qazanılıb. Bölgədə iribuynuzluların sayı 2764 başa, xırdabuynuzluların isə sayı 15 min 894 başa çatdırılıb. Quşların sayı artaraq 17 mini ötüb. Rayon üzrə 624 arı ailəsi artıb, ət istehsalı (diri çəkidə) 403 ton, süd istehsalı 1720 ton, yun istehsalı 20,8 ton, yumurta istehsalı 1 milyon 345 min ədəd olub.
Bu günlərdə rayon İcra Hakimiyyətində yaz-tarla işlərinə hazır­lığın vəziyyəti ilə əlaqədar torpaq sahiblərinin, fermerlərin, icra nümayəndələrinin, bələdiyyə üzvlərinin iştirakı ilə yığıncaq keçirilib. Yığıncaqda mövcud vəziyyət təhlil olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Tədbir iştirakçıları ölkə Prezidentinin “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2 mart 2015-ci il tarixli Sərəncamından söz açıblar. Sərəncamda məhsul istehsalçılarının toxuma tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Dövlət Toxum Fondunun yaradılmasının qərara alınması torpaq mülkiyyətçiləri tərəfindən rəğbətlə qarşılanıb.
“Kənd təsərrüfatı ili”ndə aqrar sahə ilə bağlı bir çox məsələlərin həllinə yönəlmiş əməli işlərə sərhəd bölgəsi Sədərəkdə də start veriləcək. Xüsusilə su kanallarının çəkilməsi, torpaqların meliorativ cəhətdən yaxşı­laşdırılması, rayona müasir texnikaların gətirilməsi, istehsal olunan məhsulların, bilavasitə, sahədə kənd­lidən alınması, tədarükü, saxlanılması, satışı və digər məsələlər öz həllini tapacaq.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR